Birliyimiz qələbəmizlə taclandı - ŞƏRH

Birliyimiz qələbəmizlə taclandı - ŞƏRH

Ermənistanın Vətənimizə qarşı təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində bütün cəbhə boyunca əks-hücuma keçən ordumuz düşmən tərəfindən işğal olunmuş ərazilərimizi azad etməyə müvəffəq oldu. 44 gün ərzində torpaqlarımızın uzunmüdətli işğalına son qoyuldu. Əldə olunan qələbə keşməkeşli və əziyyətli yolun nəticəsi idi. Yorğun, gərgin və məsuliyyətlə dolu yolun. Qələbə tariximiz Ulu Öndərin düşüncələri, amalları, arzu və vəsiyyətinin gerçəyə qovuşduğu tarix oldu. Sarsılmaz ideyaların ardınca, möhkəm iradə və qətiyyətin verdiyi güclə müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın arzularını gerçəyə çevirdi, qubar edən nisgillərə son qoydu. Xalq rəhbərinin çağırışına səs verərək, bir yumruq altında birləşdi və haqq yoluna qoşuldu. Azərbaycan xalqının mətin iradəsi, xalq, dövlət və ordu birliyinin gücü, eləcə də Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar 44 günə əldə olunan zəfərimizlə tarixə düşdü. Birliyimiz qələbəmizlə taclandı.

Uğurlu siyasət nəticəsində formalaşan güclü ordu ədalət və beynəlxalq hüququ öz gücünə bərpa etdi. Bu gün azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız, qürur və fəxarət rəmzimizə çevrilib. Geridə qoyduğumuz illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bu yöndəki keyfiyyətli dəyişikliklər ölkə rəhbərinin ordu quruculuğu yönündə apardığı məqsədyönlü işlərin nəticəsidir. 44 gün ərzində igid oğullarımızın, qəhrəman hərbçilərimizin rəşadəti sayəsində, şəhidlərimizin qanı hesabına tariximizə zəfər sevinci yazıldı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2-ci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunmaqla yanaşı, ali məktəblərin dərsliklərinə də salınaraq öyrənilir.

30 il əsarət və düşmən tapdağı altında qalan torpaqlara gələn hər bir insan burada törədilən vəhşilik və vandalizmin şahidi olurlar. Azərbaycanın şəhərləri, qəsəbə və kəndləri, bütün tarixi və dini abidələri dağıdılıb, yerlə yeksan edilməklə yanaşı, yarıdağıdılmış məscidlərimiz mənfur düşmən tərəfindən təhqir edilib. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ermənilərin törətdikləri bu vəhşiliyi qınamalı və rəsmi İrəvan məsuliyyətə cəlb olunmalıdır.

Tarixi ədalətin bərpası böyük mübarizə və məşəqqət hesabına başa gəldi. Hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşında da Prezident İlham Əliyev misilsiz hünər göstərərək, istər müharibə zamanı, istrəsə də müharibədən sonra dünyanın çoxsaylı KİV-ə müsahibələr verdi, açıqlamalarla çıxışlar etdi. Ölkəmizə yönəlmiş təzyiq və hədəflərin qarşısı uğurla alındı. Çətinliklərə baxmayaraq Azərbaycan tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş hər bir övladımız bizim qürurumuzdur. Biz hamımız onlara əbədiyyən borcluyuq.

İmmiyə Zamanova

YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə