İnanmaq çətin olsa da bu tarixdən artıq iki ilə yaxın müddət keçib. Azərbaycan torpaqlarının 28 illik işğal dövründən sonra qurtuluşunun ilk gününü xarakterizə edən bu gün tariximizə qızıl hərflərlə həkk olunub. Həmin günün hər bir azərbaycanlı üçün illərdir ki, gözlənildiyini desək yəqin ki yanılmarıq. Çünki hər bir azərbaycanlıbilirdi ki, bu gün sadəcə müharibənin yox, həm də qurtuluşun, işğalın, zülmün sonunun başlanğıc günüdür. Bu yolun sonunda biz əzəli torpaqlarımıza, Qarabağımıza, Zəngilanımıza, Kəlbəcərimizə, Ağdamımıza qovuşacağıq. Bu yolun sonunda bizlər Birinci Qarabağ müharibəsində şəhid olan, Xocalıda min bir zülmə məruz qalan, atəşkəs dövründə düşmən gülləsinin hədəfinə çevrilən soydaşlarımızın qisasını alacaq, onların ruhlarının rahatlıq tapmasına töhfə verəcəyik. Bəli, müharibə itkidir, heç kim müharibədən qazanclı çıxa bilməz. Ancaq bizim müharibəmiz fərqli idi. Biz haqq mübarizəsi aparırdıq, öz torpağımızda döyüşürdük. Bizim başqasının olandagözümüz yox idi, biz ancaq özümüzə aid olanı istəyirdik. Məhz bu haqlılıq bizim üçün ən böyük motivasiya idi. Məhz bu haqlılıq Azərbaycan əsgərinə böyük ruh yüksəkliyi verərək onun misli görünməmiş bir tarix yazmasına gətirib çıxardı.
2020-ci ilin 27 sentyabr gününü xatırlayarkən səhər saatlarında cəbhəyanı ərazilərdən gələn düşmən təxribatı xəbərlərini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatına başladığını elan etməsini, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xalqa müraciət edərək Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirdiyini bildirməsini, gün ərzində 7 kəndimizin işğaldan azad olunma xəbərlərinin gəlişini, xalqımızın coşğu ilə cəbhədən gələn hər bir xəbəri izləməsini və daha bir çox şeyləri xatırlayırıq. Həmin günlərdə hər birimiz sanki ölkəsinin müdafiəsi uğurunda canından keçməyə hazır olan bir əsgər, bir döyüşçü idik. Qürurla deyə bilərik ki, Azərbaycan xalqı müstəqillik dövrünün ən böyük sınağı olan bu günləri alnıaçıq, başıdik bir şəkildə verə bildi. Müharibənin ilk günlərindən sosial vəziyyətindən, siyasi ideologiyasından, yaşından, cinsindən, irqindən asılı olmayaraq hər bir vətəndaşımız Ordusuna və onun Ali Baş Komandanına birmənalı dəstək göstərdi, ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbəri Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatla çıxış edərək milli maraqların şəxsi maraqlardan üstün olduğunu sübut etdi. Məhz bu birlik Azərbaycanın haqq mübarizəsində zəfərə gedən yolunun təməl daşları oldu.
Tarixi ədalətin bərpası uğrunda mübarizə aparan şanlı Orduya dəstək olmaq üçün xalqımız bir yumruq kimi birləşdi. Dövlətimiz tərəfindən bütün lazımi təchizatlarla təmin olunan Ordumuz xalqının da qayğısı və sevgisi ilə əhatə olundu. Bu gün də xatırlayarkən qürur gözyaşlarını axıtmamaq mümkün olmayan bir çox hadisəni bizlərmüharibənin ilk anından son gününə qədər yaşadıq. Təqüdünü cəbhəyə yola salan Hikmət baba, Şuşada dalğalanması üçün bayraqlar tikən 85 yaşlı Laçın nənə, cəbhəyə yola düşən əsgərlərimizə qida maddələri çatdırmaq üçün yol kənarlarında saatlarla gözləyən, evi-mülkü düşmən bombaları ilə yerlə-yeksan olsa da “Vətən sağ olsun”, “Ancaq irəli”, “Təki torpaqlarımız azad olsun” deyən həmvətənlərimiz, övladını, qardaşını, yoldaşını şəhid versə də “Vətən sağ olsun” deyən şəhid yaxınları hər birimizi həm üzdü, həm də qürurlandırdı. Beləliklə, həmin 44 günün hər anı Azərbaycan üçün qürur dastanı olaraq tarixə həkk olundu. Bir çox böyük dövlətlər Azərbaycana mane olmağa, onu öz torpağında haqq mübarizəsi verdiyi halda işğalçı kimi qələmə verməyə çalışsa da bu birlik, bu sarsılmaz inam və qətiyyət sonda ədalətin qələbə çalmasına gətirib çıxardı. Qısa müddət öncə Laçın şəhərinə səfər reallaşdıran dövlət başçımız Vətən müharibəsi ilə bağlı belə dedi: “Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb”. Bəli, heç kim bu torpaqları bizə bağışlamadı, qaytarmadı. Hərçənd ki, bunun üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasınınqətnamələri, ATƏT-in Minsk qrupunun məsuliyyətləri varidi. Ancaq bütün bunlar bizim üçün vaxt itkisindən başqa bir şey deyildi. Ədaləti bərpa etmək, işğalı sonlandırmaq Azərbaycan Ordusunun, əsgərinin, zabitinin gücü hesabına baş verdi. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün işğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir.
Müharibədən ötən iki illik zaman kəsiyində uğurlarımız davam etdi. Bu gün Cənubi Qafqazda Azərbaycanın liderliyi artıq heç kimə sirr deyil. Gec-tez Ermənistan da reallığı qəbul edəcək və bölgədə davamlı, dayanıqlı sülhə mane olmaq yerinə əməkdaşlıq mühitinin bir hissəsi olmağa məcbur olacaq. Təəssüf ki, biz bunu hələ görə bilmirik. 44 günlük Vətən müharibəsində Ordusu darmadağın olan, “yenilməzlik” mifi yerlə bir edilən Ermənistan hələ də nəyəsə ümid edərək öz məkrli xislətindən əl çəkmir. Cəmi iki həftə öncə dövlət sərhədində baş verən təxribat nəticəsində Ordumuz itkilər verdi. Ancaq Azərbaycan dövləti və onun qətiyyətli lideri sülhlə bağlı iradə göstərməyə davam edir. Əslində, hazırkı vəziyyətdə sülh Azərbaycandan çox Ermənistana lazımdır. “Dalan”a çevrilmiş, başqa ölkələrin vassalı olan Ermənistan öz xalqının rifahı üçün Azərbaycanla və dolayısıyla Türkiyə ilə əməkdaşlıq etməyə sözün əsl mənasında məcburdur. Azərbaycan sülh olmasa heç nə itirməyəcək, Ermənistanın isə sülh olmadığı halda itirəcəyi çox şeylər var. Ümid edirik ki, Ermənistan siyasi elitası ən qısa müddətdə populist fikirlərdən əl çəkəcək və öz xalqına lazım olan qərarı verəcəkdir. Əks halda olacaqların nəticəsinə görmək üçün cəmi iki il öncəyə nəzər yetirmək kifayətdir.
Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB