Dünya ölkələri arasında ölkəmizin mövqeyi gündən-günə möhkəmlənir. Ayrı-ayrı ölkələr Azərbaycanla ortaq layihələrə, tərəfdaşlıq əlaqələri qurmağa meyil edir ki, bunun da səbəbi ölkəmizin etibarlı tərəfdaş olduğunu sübut etməsi və əhəmiyyətli geostrateji mövqeyi ilə əlaqədardır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölklərin 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitində Azərbaycanın da iştirak etməsi və sammit çərçivəsində prezident İlham Əliyevə göstərilən münasibət yuxarıda dediklərimizi bir daha sübut etmiş olur. Avropanı Asiya ilə birləşdirəcək Şərq-Qərb nəqliyyat dəhlizinin qlobal əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarını davamlı olaraq inkişaf edirməsi ölkəmizə olan marağın daha da artmasına səbəb olmuşdur. Ölkə prezidenti İlham Əliyev sammitdə çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olan Azərbaycan, eyni zamanda, bütün növ gəmilər istehsal etmək imkanına malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 25 milyon tona qədər yükdaşıma qabiliyyətinə malikdir. Regionun ən böyük hava yük donanmalarından birinə malik olan Azərbaycanda 7 beynəlxalq hava limanı fəaliyyət göstərir ki, gələcəkdə bunların sayının artırılması nəzərdə tutulur. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil və dəmir yolları çəkmişdir. Bütün bunlar Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yer alan Azərbaycanın geniş iqtisadi imkanlara malik olduğunu göstərir. Prezident İlham Əliyev sammit iştirakçılarının diqqətini Zəngəzur dəhlizinə yönəldərək bu dəhlizin açılmasından sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanlarının artacağını da vurğulayıb. Qeyd olunub ki, transmilli layihələrin həyata keçirilməsi, regional əməkdaşlığın genişləndirilməsi üçün bölgədə dayanıqlı sülhün təmin olunması vacibdir. Bunun üçün ölkələr bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalı, Ermənistan Azərbaycanla ilkin şərtlər və ləngimələr olmadan sülh müqaviləsi imzalamalıdır. Cari ilin 13 sentyabrında Azərbaycanın dövlət sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribatın Azərbaycan silahlı qüvvələri tərəfindən qətiyyətlə qarşısının alınması barədə danışan Prezident qeyd etmişdir ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə vurur və buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Sammitdə çıxışı zamanı Prezident İlham Əliyev bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətinin narahatlıq doğurduğunu ifadə etmişdir. Belə ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi 27 il müddətində kağız üzərində qalmış, icra edilməmişdir. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmişdir. Bu da Azərbaycanın artan hərbi-siyasi gücünün, regional və beynəlxalq nüfuzunun göstəricisidir.
Şikar Baxışov
Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin müəllimi, YAP-ın fəal üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB