Prezident İlham Əliyev: "Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik"
2020-ci ilin 27 sentyabr tarixi. Bu, artıq Azərbaycanın çoxəsrlik tarixinə yeni açılmış səhifə olaraq əbədi həkk olunub. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bu gün bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!-deyən Prezident İlham Əliyev onu da bildirib ki, "Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!". Bəli, bu gün Azərbaycanın güclü ordusu, yenilməz ordusu var. O ordu ki, döyüş meydanında öz gücünü göstərə bildi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
"DÜŞMƏN DİZ ÇÖKDÜ VƏ LAÇINI, KƏLBƏCƏRİ, AĞDAMI TƏRK ETMƏYƏ MƏCBUR OLDU"
Azərbaycan Prezidenti İlham Əliyev Laçına səfəri çərçivəsində çıxışında bildirdiyi kimi, "Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli Bayrağımız dalğalanır". 44 günlük Zəfərimiz Azərbaycan tarixinin ən şanlı və qürulu bir səhifəsidir. 44 gün – zaman baxımından çox qısa, tarixə isə əsrlarə bərabər bir gündür. Ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslər və torpaqlarımızın işğalı zamanı ermənilərin təcavüzkar siyasət həyata keçirərək insanlıq əleyhinə vəhşilik törətmiş oldular. Həmin illərdə torpaqlarımızın işğalı ilə yanaşı, mülki əhaliyə böyük ziyan vurmuş, tarix-mədəniyyət abidələrini, infrastrukturu dağırtmış, ağılasığmaz vəhşiliklərə imza atmışlar. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri məhv edilmişdir. Bu gün müharibədən sonrakı dövrdə torpaqlarımıza qayıdarkən erməni təcavüzkarlarının hansı işləri görməsi insanları dəhşətə gətirir. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni bir gün yazdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində "Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur" – deməsi tariximizə Zəfərin yazılması ilə daxil oldu: "Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bu müracət xalqın tarixində əhəmiyyətli bir tarixə çevrildi. Zaman-zaman Azərbaycan xalqının torpaq uğurunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Azərbaycan ordusu bu gün Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu göstərdi.
Təbii ki, bu uğurlu yolda neçə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Onların qarşısında baş əyirik və Azərbaycan xalqı hər zaman onların xatirəsini yad edəcək. Belə oğulların keçdiyi yollar ərənlik məktəbi olaraq öyrənilir. Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Günü təsis edilib. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.Bu müharibə dövründə düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdilər. Həmvətənlərimizin bir çoxu şəhid oldu, itkin düşdü, sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Xalq-iqtidar birliyi zəfər, qələbə tarixini yazdı.Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
"DƏMİR YUMRUQ" ƏMƏLİYYATI XXI ƏSRİN MÜHARİBƏSİ OLARAQ DÜNYA TARİXİNDƏ YER ALDI
Bu gün xalqımızın, milyonlarla insanın qürur hissi ilə ziyarət etdiyi məkanlar sırasında Hərbi Qənimətlər Parkı da var. Yaşından asılı olmayaraq, hər kəs 44 günlük Vətən müharibəsində Ordumuzun gücünün, işğalçı Ermənistanın məğlubiyyətinin göstəricisi olan Hərbi Qənimətlər Parkına üz tutaraq Azərbaycan ordusunun qalibiyyətini bir daha görmüş olurlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi kimi qiymətləndirildi. Hərbi Qənimətlər Parkının açılışı Vətən müharibəsində parlaq qələbəmizin bir rəmzinə çevrildi. Paytaxtımızda yerləşən Hərbi Qənimətlər Parkına səyahət edən hər bir kəs, istər azərbaycanlı olsun, istərsə də qeyri-xalqın nümayəndəsi, ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahları, ağır texnikaları, raket komplekslərini, hərbi nəqliyyat və digər sursatlar görür və ermənilərin məğlub xalq olduqlarının bir daha şahidinə çevrilirlər. Bildiyimiz kimi, dekabrın 10-da keçirilmiş Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilmişdi. Açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri olan Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisində yer alıb.
"DƏMİR YUMRUQ" YENƏ QILINC KİMİ BAŞLARININ ÜZƏRİNDƏDİR"
Bu gün Hərbi Qənimətlər Parkına gələnlər nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, düşmənin 150-dək ağır texnikası, "T-72" tankları, piyadaların döyüş maşınları, 2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu, "Osa" zenit-raket kompleksi və digər eksponatları ilə tanış olurlar. Əlbəttə ki, burada yer alan hər bir eksponat diqqəti cəlb edir. Axı 44 günlük müharibədən əldə olunmuş qənimətlər bizi qələbəyə doğru aparırdı. Tarix boyu bu eksponatlara maraq olacaq. Belə ki, parkın diqqəti çəkən hissələrindən olan 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçrəngli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi.
Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Beləliklə, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun döyüş əzminin, qəhrəmanlığının təcəssümüdür. Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələsini özündə əks etdirir. Burada nümayiş etdirilən bütün qənimətlər göstərir ki, Qəhrəman Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi onun şanlı səhifəsinə yazılıb. Müzəffər Ali Baş Komandanın dediyi kimi, "Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur. Əks təqdirdə, "dəmir yumruq" yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB