"Azərbaycan bu torpaqların hər bir qarışının sahibidir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan bu torpaqların hər bir qarışının sahibidir" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin Laçına səfərini tarixi səfər adlandırmaq olar. Laçın şəhəri 30 ildən sonra bir güllə belə atılmadan işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyev Laçın azad olunduqdan sonra şəhəri ziyarət etdi və burada Azərbaycan bayrağını qaldırdı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Laçında bu addımı ilə burada birdəfəlik Azərbaycan bayrağının dalğalanacağı mesajını verdi: "Ölkə başçısı Laçın şəhərində çıxışı zamanı Azərbaycanın keçdiyi yoldan danışdı, Azərbaycan Ordusunun qəhrəmanlığını vurğuladı. Prezident çıxışı zamanı həmçinin kapitulyasiya aktını imzalamasına baxmayaraq Ermənistanın bugünə qədər revanşist hislərlə yaşadığını, Azərbaycanın sülh təklifinə cavab olaraq vaxtaşırı təxribatlar törətdiyini bildirdi. Bununla belə Prezident Ermənistan ilə normal qonşuluq münasibətlərini qurmaq istədiyini, digər bir tərəfdən isə Azərbaycanın müstəqilliyini və suverenliyini heç kimə güzəştə getməyəcəyini vurğuladı. Dövlət başçısının söylədiyi bu fikirlər Azərbaycan xalqının düşüncəsidir. Prezident İlham Əliyev Azərbaycan xalqının üzərində olan 200 illik ağır yükü götürdü.

Prezident Laçın şəhərində çıxış edərkən laçınlıların qısa bir zamanda bu torpaqlara qayıdacağını da bildirdi. Azərbaycan xalqı rəhbərinin milli maraqları daim qoruduğunu, hər bir vətəndaşın problemlərini həll etmək üçün çalışdığını, Azərbaycanın suverenliyini yüksək səviyyədə mühafizə etdiyinin bir daha şahidi oldu. Bütün dünya Azərbaycanın qətiyyətinin, onun rəhbərinin uzaqgörənliyinin bir daha şahidi oldu. Bu səfər bir daha göstərdi ki, Azərbaycan bu torpaqların hər bir qarışının sahibidir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə