"Bu, Azərbaycan Prezidenti tərəfindən növbəti mesajdır" - SİYASİ EKSPERT AÇIQLADI

"Bu, Azərbaycan Prezidenti tərəfindən növbəti mesajdır" - SİYASİ EKSPERT AÇIQLADI

"Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa işləri həyata keçirir və Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri zamanı bir çox infrastruktur layihələri ilə tanış olması bu baxımdan böyük əhəmiyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğal zamanı yerlə yeksan etdiyi əraziləri sıfırdan qurur: "Laçın və ətraf ərazilərdə yeni yollar, tunellər, işıq, qaz, su xəttləri çəkilir, Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər dəfə bu ərazilərə səfərləri, açılışlarda iştirak etməsi, çıxışlarında qətiyyətli bəyanatlar səsləndirməsi ölkə vətəndaşlarında böyük fəxr və qürur hissi yaşadır.

Prezident İlham Əliyevin Laçın şəhərində düşmənin törətdiyi vəhşiliklər və dağıntılarla tanış olması və erməni vandalizminin mahiyyətini buradan bütün dünyaya çatdırması da çox böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycan Prezidenti tərəfindən növbəti mesajdır. Ermənistan suveren Azərbaycan ərazilərində misli görünməyən vəhşiliklər törədib və bütün bunlara görə cavab verməli olacaq. Azərbaycan dövləti azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələri reallaşdırır.

Dəhşətli haldır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu prosesə də mane olmağa çalışır. Düşmənin sərhədlərimizdə törətdiyi son hərbi təxribatların məqsədlərindən biri məhz budur. Ermənistan istəyir ki, hərbi təcavüzü davam etdirməklə yeni dağntılar törətsin və bərpa prosesini əngəlləsin. Amma buna nail ola bilməyib, çünki, Azərbaycan dövlətinin dəmir yumruğu hər zaman yerindədir.

Bu gün Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin qorunub saxlanılması üçün var gücü ilə çalışır, amma Ermənistan buna mane olur. Təəssüf ki, bu mövqeyinə görə Ermənistan rəhbərliyinə heç bir təzyiq edilmir. Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırması prosesində ən vacib məqamlardan biri sərhədlərin delimitasiyası, bölgədə kommunikasiyaların açılmasıdır. Prezident İlham Əliyev Laçın şəhərində çıxışı zamanı bu məsələyə də toxundu. Ermənistan deyilənlərdən nəticə çıxarmalı, irəli sürülən sülh təkliflərini qəbul etməldir. Azərbaycan bu istiqamətdə üzərinə düşən bütün işləri görür.

Xəritələr hazırdır, sülh danışıqlarının aparılması üçün komissiya yaradılıb, təkliflər masanın üzərindədir. Həmçinin bölgənin gələcək inkişafı üçün nəqliyyat layihələri reallaşdırılır. Ermənistan isə heç bir real iş görmür, müsbət addım atmır. Bütün bunlar göstərir ki, İrəvan sülh istəmir, üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır və Cənubi Qafqazda daim münaqişə ocaqlarının qalmasında maraqlıdır. Bu isə xəstə təfəkkürün, işğalçılıq, terrorçuluq və separatçılıq xislətinin bariz nümunəsidir. Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə baxmayaraq, Azərbaycan öz yolu ilə davam edir, Qarabağın və Şərqi Zəngəzurun Cənubi Qafqazın sabit və inkişaf etmiş bölgəsinə çevrilməsi prosesi uğurla irəliləyir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə