Litvalı jurnalist: Məgər Xocalı Azərbaycanın qonşularına bəs deyildi?
Litvalı hərbi jurnalist Riçard Lapaitis Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatlara sərt münasibət bildirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir: Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ölkəmiz və xalqımızın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayan jurnalist əvvəlcə baş verənlərlə bağlı söz tapa bilmədiyini etiraf edib. O, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bu qədər əsgər və zabitin həlak olduğunu başa düşməyə çalışdığını bildirərək deyib: “Bu, necə baş verə bilərdi? Azərbaycanın necə qonşuları var? Məgər Xocalı onlara bəs deyildi? Onlara Azərbaycanın bütün işğal olunmuş ərazilərində törətdikləri vəhşilik də az gəlir! Bəs nədən yüzlərlə sülh çağırışını eşitmədilər? Sivil həyat haqqında! Axı onlar kimdir? Vaxtilə gəlib Azərbaycan torpağında özlərinə sığınacaq tapıblar. Bu, tarixən sübut olunub və bu barədə heç bir sual yaranmamalıdır!”.
Jurnalist uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovdan danışarkən xalqımızın yüksək mənəviyyatına bir daha heyran olduğuna diqqəti cəlb edərək bildirib: “Hətta fikirləşdim ki, onu son mənzilə kim yola salacaq? Əgər anası, atası yoxdursa, onun üçün kim ağlayacaq? Və gördüm ki, Azərbaycanın hər bir anası Səbuhinin anasına çevrildi. Mənə elə gəldi ki, həmin an qaranlıq səmada milyonlarla ulduz, milyonlarla qəlb parladı. Və bu, yəqin ki, hansısa xüsusi yeni dövrün başlanğıcıdır, çünki artıq belə davam edə bilməz!”.
Bütün şəhidlərə rəhmət diləyən jurnalist bildirib ki, hərbçilərimizin qəhrəmanlığı heç bir zaman unudulmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB