Bu gün Azərbaycan qalib dövlətdir. Torpaqlarını işğaldan azad edilən qalib xalqdır. Əlbəttə ki, tarixi qələbəni bəzə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevdir, Müzəffər Azərbaycan Ordusudur. Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasını ilə nəticələndi. Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza ayaq basırıq. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni bir gün yazdı. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğurunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqlarını göstərə bildilər. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Zəfər günümüzü yaşadıq. Artıq bu gün tarixiləşdi. Minlərlə vətən oğlu düşmənə yerini göstərmək üçün, qisası qiyamətə qoymamaq amalı ilə silahlanıb düşmənə qorxaq və gücsüz olduğunu sübut edərək şəhid oldular. 44 günlük Vətən müharibəsində xalqımıza Zəfər tarixini yaşadan oğullarımız Qələbə tariximizi bizimlə qeyd etməsələr də, qalib xalqın övladı kimi məzarlarında rahat nəfəs alırlar. Bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütölüyü yolunda şəhid olmuş vətən övladarının hər birinin qəhrəmanlıq tarixi dildən-dilə düşərək sanki əfsanəyə çevrilib. Şəhidlik ən yüksək zirvədir,- deyirik. Bu zirvəyə yüksəlmək hər kəsə nəsb olmur. Torpaq yolunda can fəda etmək, bu torpağın vətəndaşı olaraq onun yaddaşına hopmaq, qanı ilə vətən torpağına can vermək böyük hünər, qəhrəmanlıq, şücaətdir. Əlbəttə ki, torpaq belə övladlarını qoynuna alarkən qürurlanır. Qürurlanır ki, belə övladlar yetişdirib, onun hər qarışını qan ilə suvarırlar. Üçrəngli bayrağımızı uca tutanları Vətən qürurla qoynuna alır. Şəhid vətən oğlu Ülvi Bünyadzadənin "Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik" misrası sanki qəhrəman oğullarımızın həyat şüarına çevrildi. Həyata gəldikləri zamandan Torpaq müqəddəsliyini anlayan gənclərimiz göz qırpmadan düşmənlə üz-üzə məğrurcasına vuruşdular. Qəlblərinin hökmü ilə, əqlin gücü ilə. Elə bir gəncimiz tapılmaz ki, döyüşə hazıram deməsin. Ən qürurvericisi də elə budur. Heç kəs geri çəkilmədi. Ali Baş Komandanın əmrinə tabe oldu. Arxada daldalanmadı. Ürəklə, qəlblə bu döyüşə atıldı. Yoldaşımdan bir addım da geri qalmaram, - dedi. Vətən sağ olsun, dedilər. İstər 44 günlük müharibədə, istərsə də bu günlərdə şəhid olanları, Vətən uğrunda məğrurcasına vuruşanları, can fəda edənləri Vətən torpağı isti qoynuna aldı. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində onlarla Vətən oğlu şəhid oldu. Səmədov Elnur Sədaqət oğlu, Muradov Seyfəddin Mahmud oğlu, Hüseynov Elmir Abdul oğlu, Hüseynov Səddam Rafiq oğlu, Quliyev Fərid Vahid oğlu və neçə-neçə oğullarımız şəhidlik zirvəsinə yüksəldi. Bu gün onlardan biri Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, Vətən müharibəsi veteranı Elnur Sədaqət oğlu Səmədov haqqında söz açacağıq. 11 mart 1988-ci ildə İsmayıllı rayonunda anadan olan Elnur Səmədov Sumqayıt Dövlət Universitetini bitirib. Ailəli idi. Bir oğlu və bir qızı var idi. Elnur Səmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Elnur Səmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. 34 yaşlı şəhidimizin nəşi yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Onun seçdiyi yolda şərəfli və müqədəds yol idi. Azərbaycan dövlətinin vətənpərvər gənclərdəən olan Elnur, son damla qanına qədər düşmənlə vuruşdu. Vətənin hər qarış torpağının müdafiəsində məğrurcasına dayandı. Vətənin dar günündə, dar ayağında şəhid oldu. Bəlkə də ən böyük arzusu idi, tanrı da onun taleyinə bu qisməti yazmış oldu. Azərbaycanın işıqlı gələcəyi üçün tökülən qan əbəs deyil. Bu tökülən şəhid qanları neçə-neçə Vətən keşiyində duracaq mərd oğullar yetişdirəcək. Ömrün 34 baharında dünyadan köç etsə də insanlığın yüksək zirvəsində əbədiləşdi. Azadlığın, haqqın səsi kimi. Bəli, Azərbaycan dövlət başçısın rəhbərliyi altında tarixi ədaləti bərpa etdi. Azərbaycan Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağını hər şeydən uca tutan gənclərimiz qürur mənbəyimiz, and yerimiz olan Bayrağımız qarşısında baş əyərək müqəddəs varlıq kimi ona and içdilər. Bu Azərbaycan Ordusunun, gəncinin sahib olduğu gücə, bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlandı. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşuldu. Şəhid olarkən də bu bayrağa büründü. Son mənzilə, əbədi dünyaya şəhid olaraq yola salındı. Bütün Azərbaycan xalqı öz şəhidini qarşıladı və onu böyük izdihamla qan ilə suvarılmış müqəddəs Vətən torpağına əmanət etdilər. Onlar isə bizə bu torpağı əmanət olaraq qoyub getdilər. Torpaq uğrunda şəhid olan Azərbaycanın igid oğullarının qəlbimizdə abidələri ucalıb. Vətən savaşında şücaət göstərərk düşmənə dönməzliyini sübut edərək vətən qarşısında öz borclarını vermiş oldular. Ruhunuz şad olsun igid vətən oğluları, Azərbaycan sizi heç vaxt unutmayacaq.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB