“Siyasi partiyaların xaricdən maliyyələşməsi yolverilməzdir” AÇIQLAMA

“Siyasi partiyaların xaricdən maliyyələşməsi yolverilməzdir” AÇIQLAMA

“Azərbaycan ordusunun 44 günlük savaşda Ermənistan üzərində əldə etdiyi qələbə siyasi düşüncə və məfkurəsindən asılı olmayaraq tənqidi rakursda müzakirə obyekti deyil və ola da bilməz. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi qələbə nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunmuş, bu ərazilərdə dövlət suverenliyimiz bərqərar olmuş, dövlətimizin beynəlxalq nüfuzu yüksəlmiş, regional dövlət olaraq əlaqə və imkanlarımız genişlənmişdir”. Bunu “Səs” qəzetinə açıqlamasında MDHP sədrinin müavini, politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, bu məsələlərə münasibətdə müxalifətdə qalaraq fərqli və tənqidi mülahizələrin verilməsi, rəylərin söylənilməsi artıq hakimiyyətə və iqtidara deyil, dövlətçiliyin özünə müxalifətdə durmaq deməkdir ki, bu da hüquqi məsuliyyət doğurur: “Azərbaycanda müxalifətin bəlli kəsiminin hərəkətlərində belə hallar varsa bu məsələ müvafiq dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olmalı, qanunvericiliyin tələblərindən irəli gələn tədbirlər görülməlidir. Ölkədə siyasi partiyaların fəaliyyəti barədə mövcud qanunvericiliyə görə siyasi partiyalar ölkə hüdudlarından kənarda olan siyasi, maliyyə institutlarından maliyyə dəstəyi ala bilməzlər, zira pulu verən musiqini də sifariş edir fəlsəfəsindən çıxış etsək, bu tip siyasi partiyaların xaricdən istiqamətləndirilən və maliyyələşdirilən fəaliyyəti dövlətin təhlükəsizliyini təhdid edə biləcəyindən qanunvericilik baxımından yolverilməzdir”.

E.Manafov onu da bildirdi ki, bu məsələdə faktlar, sübut və dəlilər varsa, müvafiq təhlükəsizlik, istintaq orqanlarının müdaxiləsini vacib edir: “Belə siyasi partiyaların fəaliyyətinə məhkəmə qərarları ilə xitam verilməlidir. Müxalifətdəki bəlli siyasi institutların onların maraqlarına xidmət edən QHT-lər vasitəsilə Qərbdəki bəlli dairələrlə "qrant əlaqələrinin" olması istisna deyil. Bu məsələlər isə bütün hallarda siyasi konyunktura çərçivəsindən kənarda qanunvericiliyin müəyyən etdiyi müstəvi üzərinə gətirilməli və ədalətli həllini tapmalıdır. Müxalifətdəki bəlli kəsim daha çox müharibənin cəmiyyətimizdə yaratdığı mənəvi, sosial gərginliklə bağlı olaylardan siyasi divident əldə etmək istəyir. Dövlətin deyil, ayrı-ayrı məmurların şəhid və qazilərin məlum problemlərinə münasibətdə yol vermiş olduqları nöqsan və xətaları bilərəkdən şişirdir, bunu iqtidarın sosial siyasətinin ayağına yazır, cəmiyyətin bəlli hissəsində hüquqi nihilizm və siyasi mədəniyyətin arzu olunan səviyyədə olmamasından sui-istifadə edir, cəmiyyətdə gərginlik yaratmağa cəhd edirlər, onların sifarişi ilə sosial şəbəkələrdə iqtidarı aşağılayan yazılar isə stəkanda fırtına yaratmaq istəyinə bənzəyir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə