İranlı jurnalistin "İrəvan Tehrana xəyanət etməyib" iddiası ŞƏRH
İranlı jurnalistin baş verənləri “hüduddan kənar” kimi qiymətləndirməsi, eləcə də bunun İran, ABŞ, Rusiya üçün qəbuledilməz olduğunu iddia etməsi, sadəcə, boş təxəyyül məhsulu kimi görünür
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin ardınca gözlənilən məsələlərdən biri də uzun illər, eləcə də hazırda Ermənistana nəfəs yolu rolunu oynayan İranın sərt reaksiyası idi. Maraqlıdır ki, rəsmi Tehran məhz bu səfərlə bağlı İrəvana qarşı heç bir sərt bəyanat səsləndirmədi.
Sözügedən məsələ iranlı siyasi yazarlar tərəfindən də araşdırılmaqdadır. SİA xəbər verir ki, siyasi analitik Əli Heydəri tvit paylaşaraq yazıb ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri barədə İranda müxtəlif fikirlər səslənir və bəziləri bunu İrəvanın Tehrana xəyanəti və İrana qarşı yeni təhlükə hesab edirlər. Lakin bu, tam əksinədir və həmin səfər İranın milli maraqlarına uyğundur. Belə ki, iranlı jurnalist bunu ABŞ və Rusiyanın guya Azərbaycanla Türkiyə faktoruna qarşı eyni motiv sərgiləmələri ilə əlaqələndirib. SİTAT: “Təsəvvür edirəm ki, Tehrana xəyanət etmək və ya Qafqazda Tehrandan yan keçmək barədə deyilənlər məlumatsızlıqdan və ya xüsusi məqsədlərdən irəli gəlir: Halbuki son hadisəni İranın milli maraqlarına uyğun dəyərləndirmək olar. ABŞ və Rusiya Bakı və Türkiyənin qeyri-məhdud rol oynamasına icazə verməyəcəklər və onların hər birinin bu məsələdə öz səbəbləri var”, Əli Heydəri iddia edib.
Halbuki, Əli Heydəri unudub ki, Ermənistan Azərbaycanla nəinki sülh sazişini imzalamayıb, üstəlik...
Onun fikrincə, ABŞ, Rusiya və İran bölgədə yeni müharibəyə və geosiyasi dəyişikliklərə imkan verməyəcək. “Bakının indiyədək atdığı addımlar öz işğal olunmuş əraziləri çərçivəsində olub, bunun hüquqi və beynəlxalq əsasları var”, deyə qeyd edən iranlı siyasi-analitik yazar ciddi səhvə yol verərək sentyabr hadisələrinin guya Azərbaycanın hüdudlarından kənar olduğuna eyham vurub. Halbuki, Əli Heydəri unudub ki, Ermənistan Azərbaycanla nəinki sülh sazişini imzalamayıb, üstəlik, bu prosesi ləngidir, əlavə olaraq isə hazırda əldə edilmiş bəyanatlardakı bəndlərin heç birinə əməl etmir, ən əsası isə sərhədlərin demarkasiyası və delimitasiyası prosesini də əngəlləyir. Yəni sərhədlər tam müəyyən olunmadığına görə, iranlı jurnalistin baş verənləri “hüduddan kənar” kimi qiymətləndirməsi, eləcə də bunun İran, ABŞ, Rusiya üçün qəbuledilməz olduğunu iddia etməsi, sadəcə, boş təxəyyül məhsulu kimi görünür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB