Beynəlxalq əlaqələrə yeni səhifə, Şanxay Əməkdaşlıq Təşkilatı

Beynəlxalq əlaqələrə yeni səhifə, Şanxay Əməkdaşlıq Təşkilatı

Sürətlə dəyişməkdə olan Dünyada geosiyasi şərait iqtisadi inkişafın dəstəklənməsində, sülh və sabitliyin möhkəmləndirilməsində, ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə indi daha böyük vəzifələr düşdüyünü göstərir. Bu kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi daha çox diqqət cəlb edir.

Əsas fəaliyyət istiqamətlərindən biri təşkilatın bütün coğrafiyasında regional təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün terrorizm, ekstremizmin və separatizm səbəbləri onun mənbələri və təzahürlərinin aradan qaldırılması qurumun fəaliyyətində prioritet kimi müəyyən edilib.

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində “Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında” 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyası qəbul edilib. Təşkilata üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da hər zaman təşkilatın əsas vəzifəsi kimi gündəmdədir ki, bu da öz növbəsində ŞƏT sərhədləri daxilində davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında böyük önəm kəsb edir.
ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı 9 olub. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İrandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Misir, Qətər, Səudiyyə Ərəbistanı, Ermənistan dialoq tərəfdaşlarıdır. Təşkilatın əsas məqsədləri sırasına üzv dövlətlər arasında qonşuluq münasibətlərinin gücləndirilməsi və qarşılıqlı etimad, ticarət və iqtisadiyyat, siyasət, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, turizm, nəqliyyat, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması daxildir.

Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır. Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.

Respublikamızın Prezidenti İlham Əliyev cənabları 16 sentyabr 2022-ci il tarixində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammitində çıxış etdi. Çıxışında O, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişafı, Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olması və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bildiyini, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikilib və ya əsaslı təmir edildiyini, Azərbaycanın 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malik olduğunu bildirdi.

Sonra, Prezident İlham Əliyev Azərbaycan Ermənistan münasibətləri haqqında çıxış etdi: 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır.

ŞƏT Azərbaycanın səsinin dünyada eşidilməsi baxımından da çox vacib platformadır. Bunun faktiki təsdiqi elə Prezident İlham Əliyevin ŞƏT-in Səmərqənd sammitində çıxışı kontekstində özünü göstərdi. Dövlət başçısı çıxışı zamanı Ermənistanın sərhəd zonasında törətdiyi genişmiqyaslı təxribatla əlaqədar geniş məlumat verdi. Nəzərə alaq ki, ŞƏT-in sammiti təkcə iştirakçı ölkələr yox, dünya, ən əsası da Qərb dövlətləri tərəfindən diqqətlə izlənilir. Bu mənada Prezident İlham Əliyevin çıxışını, səsləndirdiyi fikirləri dinləyən auditoriya kifayət qədər genişdir. İndiki halda həqiqətlərin nədən ibarət olduğunu dünyaya çatdırmaq olduqca vacibdir və Azərbaycan bu fonda ŞƏT platformasından məharətlə istifadə edir. Dünya isə ondan xəbərdar və tam əmin olur ki, Azərbaycan beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik əsasında addımlar atır.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir. Bu, ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.

Mürsəl Mürsəlov

Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə