Davam edən ERMƏNİ YALANLARI – TƏHLİL

Davam edən ERMƏNİ YALANLARI – TƏHLİL

Hələ də Ermənistan vətəndaşları aldadılırlar. Bu vaxta qədər dəfələrlə aldadılan ermənilərə yenə də yalan danışılır, yalan vədlər, yalan bəyanatlar verilir. Yenə də daxili auditoriyaya hesablanan çıxışlarla erməni xalqı axmaq yerinə qoyulur və hələ də avamların vədlərə inanacağına ümid edən Ermənistan hakimiyyəti bu vəziyyətdə hara qədər, nə vaxta qədər hakimiyyəti əlində saxlayacağını düşünür? Nə vaxta qədər prosesi uzada biləcəklərini anlamaları üçün əlbəttə ki, Azərbaycanın yaratdığı reallıqları görmələri, anlamaları, çarəsiz qaldıqlarını etiraf etmələri gərəkir.

Ermənistan hakimiyyəti 12 sentyabr tarixli təxribatlarının ardınca qarşılaşdıqları antiterror əməliyyatlarının nəticəsi olaraq itgiləri ilə bağlı məlumatların hələ də araşdırıldığını bəyan edir. Əvvəla, işğalçı ölkənin öz hərbiçisinə, döyüşçüsünə nə qədər dəyər verdiyi, daha dəqiq desək, dəyər vermədiyi hələ də araşdırmasının bitmədiyindən görünür. Digər tərəfdən də həmin ölkə hakimiyyətinin itgilərlə bağlı məlumatların hələ də araşdırıldığını utanmadan bəyan etməsi, həm erməni cəmiyyətinə, erməni xalqına, həm də ölən hərbçilərə, onların valideynlərinə hörmətsizlikdən xəbər verir. Ölən əsgərlərin sayının araşdırılması, təyin edilməsi bir mağazada oğurluq hadisəsinin araşdırılması qədər ucuzlaşdırıldığı dərhal özünü biruzə verir və bunu erməni cəmiyyəti yəqin ki, görür, anlayır.

İşğalçı ölkənin birinci şəxsi, baş naziri bir-birinin ardınca müxtəlif, fərqli rəqəmlər barədə bir neçə dəfə açıqlama verir. Söhbət Nikol Paşinyandan gedir, o Paşinyandan ki, əvvəlcə 49 nəfərin, ardınca da 105 nəfərin öldüyünü elan edib. Nikol bunu məhz ölkəsinin Milli Məclisinin divarları arasında söyləyib, hakimiyyətə gəldiyi küçədə yox. Göründüyü kimi, bütün bunların ardınca da erməni baş nazir məhz hökumətin iclasında Ermənistan tərəfdən olan itkilərlə bağlı yeni məlumatları açıqlayıb və bu günə qədər itgilərin, ölənlərin sayının 135 nəfər olduğunu bildirib. Bu rəqəm Paşinyanın dilindən çıxıb və bu statistika baş nazirin bəyanatıdır. Göründüyü kimi, 44 günlük müharibədə real itkilər haqqında utanmadan və davamlı şəkildə yalan danışan erməni baş nazir öz ənənəsinə sadiq olduğunu, yalançı olduğunu bir daha sübut edir. Təsdiq edir ki, üç dəfə müxtəlif rəqəmlər söyləmək, yəni yalan danışmaq, erməni xalqını aldatmaq onun üçün adi haldır.

Göründüyü kimi, erməni yalanları davam edir və bu məsələdə işğalçı ölkə hakimiyyəti bütün erməniləri qabaqlayır. Ermənistan tərəfinin törətdikləri 12 sentyabr təxribatlarının nəticəsində ölənlərinin dəqiq sayı, həmin ölkə hakimiyyəti tərəfindən göstərilən statistik rəqəmlərdən dəfələrlə çoxdur. Yəni, yenə də həmin ölkə hakimiyyəti erməni xalqını axmaq yerinə qoyur, aldadır. Bu hal əslində, erməni cəmiyyətinin ümidlərinin puça çevrilməsi deməkdir, çünki yalanlar onları sonda acı həqiqətlərlə qarşılaşdırır ki, faciə də belədə özünü göstərir. Görünür ki, Paşinyan özü də yalandan vədlər verərək hakimiyyəti ələ keçirmək üçün ortaya atılmışdı və buna nail olandan sonra da yalan danışmaqda davam edir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın gücü, qüdrəti qarşısında Ermənistan acizdir və ermənilərin istənilən təxribatı bu reallığa kölgə belə sala bilməz. Bu reallıq fonunda Ermənistanın hansısa müqavimət göstərmək istəyi düşdüyü vəziyyət qədər gülünc görünür.

Sərxoş vəziyyətdə oynayan Paşinyan Tovuz təxribatlarının ardınca yenə də təxribata əl atmaqla müharibəyə start vermiş oldu və Azərbaycanın qələbəsi, ölkəsinin isə məğlubiyyəti ilə nəticələnən acınacaqlı hal Ermənistanı rüsvayçı vəziyyətə saldı. Bəlkə də Paşinyan bu dəfə də sərxoş olub təxribat törətməklə vəziyyəti dəyişmək qərarına gəlib, amma bu sərxoşluğu da ona baha başa gəlib və həm ölən hərbçilər, həm də əllərindən çıxan ərazilər, strateji mövqelər baxımından yenə də acınacaqlı duruma düşüb. Onun yalan danışması da elə buna görədir və hansısa formada daxili auditoriyaya hesablanan çıxışları, bəyanatları ilə xalqı aldatmağı çıxış yolu hesab edir.

KTMT-yə müraciət etdiyi zaman da Nikolun başı daşa dəymiş oldu. Bu təşkilatın məsələyə müdaxilə etməsinə çalışan erməni baş nazir heç nəyə nail ola bilmədi. Əksinə, bir daha əmin oldu ki, cəhdləri uğursuzdur. Əmin oldu ki, bütün hərəkətləri onun əliyhinədir və Ermənistanın üzv olduğu təşkilat belə Azərbaycanın haqlı mövqeyinə qarşı çıxmaz. Bunun əyani sübutu ilə qarşılaşan Paşinyan çox güman ki, çarəni yenə də yalanlarda tapıb. Məsələ burasındadır ki, həmin yalanlar onun özünün sonunu getdikcə yaxınlaşdırır, çünki artıq erməni cəmiyyəti bu avantüristin yalanlarından, hiyləsindən bezib.

Silah çatışmazlığından şikayətlənən Paşinyanın kimliyi, nəyə qadir olduğu erməni xalqına bəllidir. İndiki durumda Ermənistana heç kimin silah satmaq belə istəmədiyini etiraf etməsi isə təkcə Nikolun özü üçün yox, bütövlükdə Ermənistan dövləti üçün ən böyük biabırçılıqdır. Bu biabırçılığı görən, başa düşən erməni xalqı necə öz hakimiyyətinə inana, ümid edə bilər? Axı, heç kimin Ermənistana silah satmaq belə istəməməsi bu ölkənin Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Prezidentin və Baş nazirin birbaşa olaraq vəzifələrinin öhdəsindən gələ bilməməsinin isbatıdır.

Son günlər Ermənistan hakimiyyəti ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu ölkəyə gəlişini utanmadan, “tarixi səfər” adlandırır və bu dəfə də erməni cəmiyyətini aldadır ki, guya regionda güc balansı dəyişəcək. Rusiyanın belə bununla hesablaşmalı olacağını iddia edən avantüristlər yenə də daxili auditoriyanı çaşdırmaq, öz məqsədlərinə nail olmaq istəyirlər. Hətta, bu görüşü Azərbaycan, eləcə də Türkiyə üçün bir mesaj adlandıran axmaqlar yenə də unudurlar ki, Azərbaycanın yaratdığı yeni reallıqlarla, haqlı mövqeyi ilə əvvəla, bütün dünya barışıb, bu reallıqları da qəbul edib. Digər tərəfdən də Nensi Pelosinin işğalçı ölkəyə gəlişi nəyi dəyişə bilər axı?

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi bu ilin mayında Kiyevə də səfər etmişdi və bu günə qədər kimsə, nəyinsə, hansısa dəyişikliyin şahidi olmayıb. Pelosinin səfəri nə Ukraynanı bir addım irəliyə aparıb, nə də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri müharibənin başa çatmasına nail ola bilməyib. Bəli, ABŞ hazırda Rusiya ilə müharibədə Ukraynaya dəstək verən ölkədir və bunu hamı bilir. Amma hamı onu da bilir ki, bu siyasət Rusiyanı özünə rəqib bilən ABŞ kimi bir dövlətin siyasətidir, Nensi Pelosinin yox. Bu mənada, xanım Pelosi Ermənistan üçün nə isə etmək istəsə belə, bu o demək deyil ki, ABŞ da bunu etmək fikrindədir. Xeyr, ABŞ kimi bir dövlətin öz siyasəti, öz maraqları var və hansısa təsirlərdən dəm vurmaq cəfəngiyyatdır. Ola bilsin ki, Nensi Pelosinin Ermənistana gəlişi bu ölkə üçün hansısa iyanə demək olar və bunu hamı qəbul edir ki, həmin ölkə onsuz da yardımlar hesabına hələki mövcuddur. Digər tərəfdən də axı, Ermənistan hakimiyyəti əvvəlcədən boynuna almışdı ki, bu işğalçı ölkəyə kisə silah satmaq belə istəmir. O halda avantüristlər, manipulyatorlar nədən dəm vururlar?

Təbii ki, Ermənistanda ortaya atılan bütün uydurmalar kimlərinsə maraqlarına xidmət edir və erməni xalqı hələ də aldadılır. Hələ də erməni yalanları davam edir. Bu davam edən erməni yalanlarına görə də bu yalanları dinləyən, ona aldanan cəmiyyət də itgilər verməkdə, uduzmaqdadır. Nə Nikol Paşinyan, nə onun komandası, nə erməni odeoloqları, tarixçiləri, nə də onları idarə edənlər erməni xalqının acısını hiss etmir, əks halda belə yalanlara, uydurmalara, mənasız vədlərə son qoyulardı və işğalçılığa yox deyərək, qonşu dövlətlərlə normal münasibətlərə üstünlük verilərdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə