2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün ərzində tarixə sığmayacaq qəhrəmanlıqlarla davam edən Vətən müharibəsindən artıq iki ilə yaxın müddət keçir. Ötən müddət Azərbaycanın beynəlxalq arenadakı uğurları və Ermənistanın hər revanşist addımının qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması ilə xarakterik oldu. Təəssüf ki, məğlubiyyətlərlə dolu keçmişinə baxmayaraq düşmən ona verilən dərsləri ya anlamır, ya da tez-tez unutqanlıq nümayiş etdirir. Hələ qısa müddət öncə, daha dəqiq avqust ayının 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bir əsgərimizi şəhid etməsi nəticəsində Ordumuz tərəfindən aparılan “Qisas” əməliyyatı ilə qanunsuz erməni silahlılarının canlı qüvvəsi, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatı məhv edilmişdi. Bununla yanaşı, “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülmüşdü. Bu gün olduğu kimi onda da Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan vassalı olduğu dövlətlərin başçılarına yalvararaq Azərbaycanı dayandırmağı xahiş edirdi. Bu günlərdə isə yenidən Ermənistan tərəfi öz dövlət maraqlarını, xalqının firavan gələcəyini heçə sayaraq təxribatlar törətməyə və sülh danışıqlarına zərbə vurmağa davam edir. Ermənistan yəqin yenə unudub ki, onun Azərbaycanla və dolayısıyla Türkiyə ilə əməkdaşlıq etməkdən başqa çarəsi sadəcə olaraq yoxdur. Gec ya tez mütləq erməni xalqı da bu reallığı dərk edəcək və başqalarının forpostuna çevrilmiş siyasi rəhbərliyinə bunu diktə edəcək.
Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbə vurdu. 77 Azərbaycan övladının şəhid olması hər birimizi dərindən sarsdı və kədərləndirdi. Eyni zamanda, yenidən qisas hisslərimizi də körüklədi. Bu günə qədər verilən rəsmi məlumata əsasən 135, qeyri-rəsmi məlumatlara görə isə 400-dən çox erməni hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri texnika baxımından da böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən düşmənin 53 döyüş mövqeyi məhv edilmiş, xeyli sayda strateji yüksəklik nəzarətə götürülmüşdür. Yəni, Ermənistan yenə də heç nəyə nail olmadan geri çəkilməyə məcbur edilmişdir. Məlumatlardan da görünür ki, Azərbaycan hər bir şəhidinin qisasını qətiyyətlə almış, onların qanını yerdə qoymamışdır.
Yəqin ki, bu təxribatların Azərbaycan Prezidentinin iştirak edəcəyi Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti ərəfəsində baş verməsi də təsadüfi deyildi. Bu siyasi hiyləgərlik Azərbaycana sammit çərçivəsində təzyiq gösərilməsinə hesablanmışdı. Amma Ermənistan burada da uğursuzluğa düçar oldu. Necə ki, BMT Təhlükəsizlik Şurasında və KTMT-yə müraciətində olduğu kimi. Daha açıq şəkildə ifadə etsək, Ermənistan təxribatlar başladıqdan sonra bütün dünyaya car çəkərək hər kəsi-Fransanı, Rusiyanı, Amerika Birləşmiş Ştatlarını, İranı- ölkəmizlə bağlı addımlar atmağa çağırırdı. Bu çərçivədə KTMT-yə də müraciət olundu. Qurumdan gələn cavab isə yəqin ki, Ermənistanda tərs sillə effekti yaratdı. Sitat: “İki ölkə sərhədində qurumun qüvvələrindən istifadə edilməsi nəzərdə tutulmur”. Daha bir açıqlama isə Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdidən gəldi və bu açıqlama vəziyyəti şərh etmək üçün çox güman ki, ən doğru fikir idi. “Azərbaycanla Ermənistan arasında sərhəd demarkasiya olunmayıb, bu səbəbdən hər hansı sərhəd pozuntusu barədə danışmaq çətindir”. Bununla da bu günə qədər rəsmi İrəvanın hər vəchlə yayınmağa çalışdığı delimitasiya və demarkasiya prosesləri onun özünə doğruldulan silaha çevrildi. Onu da qeyd edim ki, bu gün baş tutan iclas nəticəsində BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycanla sərhəddə baş verənlərlə bağlı hazırladığı saxta sənədi qəbul etməkdən imtina etdi. Bu isə Ermənistana növbəti güclü zərbə oldu. Beləliklə, Ermənistan siyasi hakimiyyətinin ayrı-ayrı ölkələrdən gözləntisi özünü doğrultmadı.
Daha bir nüansı qeyd etmədən keçmək istəməzdim ki, baş verən təxribatlar, 77 qəhrəman övladımızın itkisi təbiidir ki, hər bir Azərbaycan vətəndaşında, ürəyi Azərbaycanla döyünən xaricdəki soydaşlarımızda və digər dost-qardaş ölkələrin xalqlarında böyük hüzn və kədərə səbəb oldu. Bu ortaq kədər bizləri bir-birimizə daha da yaxınlaşdıran bir mövhuma çevrildi. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu günlərdə də xalq-ordu və iqtidar birliyi güclü tandem yaratdı. Ancaq təəssüf ki, müəyyən xaricdən maliyyələşən, vətən sevgisini dollar və avronun miqdarı ilə ölçən üzdən iraqlar yenə öz ucuz mahiyyətlərini sərgiləməkdən çəkinmədilər. Xalqımızın mində, on mində, yüz mində birini belə təşkil etməyən bu qara güruh əlbəttə ki hamımızda nifrət və ikrah hissi oyatdı. Onlar öz dəyərsizlikləri ilə vətənpərvər gənclərimizin, bir qarış torpaq naminə qanını axıtmaqdan, canını verməkdən çəkinməyən övladlarımızın dəyərini minə, milyona qatlayırlar. Necə deyərlər, “pis olmasa, yaxşının qədri bilinməz”.
Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB