Pelosini Ermənistana kim göndərir?

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri barədə əvvəllər də erməni mənbələri yazırdı. Sentyabrın 12-dən 13-nə keçə gecə Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmadan sonra bu səfərin planlaşdırıldını deyənlər də var. Pelosinin şəxsi təşəbbüsü ilə baş tutan səfərin ABŞ-dakı erməni lobbisinin xahişi ilə gerçəkləşməsi daha inandırıcıdır. Çünki, Pelosinin ermənilərin Konqresdə bir nömrəli dostu olduğu kimsəyə sirr deyil.

Bəs Nensi Pelosi kimdir? Xanım spiker prezident Baydenin komandasında Amerikanın ən güclü siyasi fiqurlarından biridir. 2019-cu ildən, daha əvvəl isə 2007-2011-ci illərdə ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışan amerikalı siyasətçidir. O, 1987-ci ildən Kaliforniyanın Konqresdə nümayəndəsi kimi fəaliyyət göstərir. Demokratlar Partiyasının üzvü olan Pelosi ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini icra edən yeganə qadındır.

Səfərə gəldikdə, bu, regional xarakter daşımır, yəni Cənubi Qafqaza heç bir aidiyyəti yoxdur. Pelosi Almaniyadan birbaşa Ermənistana uçur. Digər dövlətlərə səfərlər planlaşdırılmır. Yəni nə erməni-türk, nə də erməni-azərbaycanlı gündəmi yoxdur. Amerika mətbuatında məlumat var ki, Pelosi partiyasının noyabrda keçiriləcək seçkilərdə qalib gəlməsinə kömək edəcək, sonra başqa işə keçəcək. Səfir təyin olunacağı bildirilir.

Əlbəttə, noyabrda ABŞ-da seçkilər var və demokratların erməni səslərinə ehtiyacı var. Lakin nəzərə almaq lazımdır ki, Pelosi Konqresdəki ermənilərin ən yaxşı dostlarından biridir və onun Ermənistana səfərinin də şəxsi motivi var.

Nüfuzlu siyasətçi Ermənistana səfər etmək qərarına gələndə Azərbaycanla sərhəddə hadisələr baş verməmişdi. O, səfərini asanlıqla ləğv edə, ya təxirə sala, ya da paritet saxlamaq üçün Bakıya da səfər edə bilərdi. Bu yaxınlarda ABŞ-da ərinin adı ilə bağlı qalmaqal da yaşanmışdı.

Lakin müharibəyə və daxili siyasi proseslərə baxmayaraq, Pelosi Ermənistana səfər etmək qərarına gəldi. Ermənilər də bu vəziyyətdən öz xeyirlərinə istifadə etmək niyyətindədirlər. Yeri gəlmişkən, onun səfərindən xəbər tutan kimi ermənilər Pelosinin Qarabağa səfərini təşkil etməyi də düşünürlər. Amma o bu təklifi qəbul edəcəkmi?

Pelosinin Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşü gözlənilir. Səfərdə spikeri erməni əsilli konqresmen Ceki Şpeyer müşayiət edəcək. Pelosinin əvvəlki xarici səfəri avqustun əvvəlində Tayvana səfəri dünya mediasının diqqətini cəlb etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə