"Təxribatların bədəli onlar üçün çox ağır olacaq" - QHT RƏSMİSİ ŞƏRH ETDİ

"Təxribatların bədəli onlar üçün çox ağır olacaq" - QHT RƏSMİSİ ŞƏRH ETDİ

“Ermənistan dövləti 30 il Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdən bu günə qədər heç bir beynəlxalq hüquq normalarına əməl etməyib. Yəni işğalçıya dəstək verdikcə o daha da quduzlaşır". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, onlara dəstək verildiyi üçün torpaqlarımızı 30 il işğal altında saxlaya bildilər: "Çox təəssüf ki, beynəlxalq hüququ nizamlayan dövlətlər işğalçı ilə işğala məruz qalan dövlət arasında fərq qoymadılar. 2020-ci ildə biz torpaqlarımızı öz gücümüz hesabına düşməndən azad etdik. BMT-nin qəbul etdiyi qətnamələrə əməl edilmədiyi üçün Azərbaycan öz işini özü həll etdi. Biz öz torpaqlarımızdan işğalçıları qovduğumuz zaman belə bizə qarşı təzyiqlər var idi. Çox təəssüflər olsun ki, bu gün beynəlxalq hüquq bəzi dövlətlərin siyasi maraqlarının bir alətinə çevrilib.

Sentyabr ayının 12-dən 13-nə keçən gecə erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinə təxribat qrupları göndərilib və təxribatlar törədiblər. Kəlbəcər, Laçın, Daşkəsən, Zəngilan istiqamətində təxribatlar törədilib, mülki əhalimiz bu təxribatlardan ciddi ziyan görüb. Hərbi obyektlərimizə, təsərrüfatlarımıza zərər dəyib. Bu təxribatların qarşısına almaq üçün Azərbaycan ordusu haqlı olaraq sərhəd boyu erməni hərbi bölmələrinə və erməni texnikalarına zərbələr endirdi. Beynəlxalq hüquq deyir ki, əhalinin zəif təbəqəsi olan yaşlılara, uşaqlara, qadınlara qarşı güc tətbiq etmək qadağandır. Ermənilər bunu həmişə ediblər, bu günə qədər də 4 minə yaxın soydaşımızın taleyindən xəbər yoxdur. Keçirilən görüşlər zamanı da bu soydaşlarımızın taleyi barəsində bir məlumat verilməyib. Bu cür düşmənçilik siyasəti yeridən ermənilərə qarşı beynəlxalq hüquq hələ də susqunluq nümayiş etdirirlər. Ermənistana heç kəs demir ki, sənin əməl etməli olduğun bəyanatlar var, öhdəliklər var. Ermənistanı buna vadar edən daxili və xarici qüvvələr var və Ermənistanın indiki hakimiyyəti sülh sazişinin imzalamaqdan yayınır, vaxtı uzatmağa çalışır. 31 avqust 2022-ci il tarixli 4-cü görüş zamanı konkret vaxt qoyulmuşdur ki, 1 ay ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sülh sazişinin mətni üzərində iş aparılsın. Belə bir prosesin baş verdiyi zamanda ermənilər yenidən təxribatlar törətmişlər. Son bir aydır ki, gün ərzində təxribat xarakterli Azərbaycan əsgərinə, bölgələrimizə atəşlər açılırdı. Bunlar yolverilməzdir. Azərbaycan dövlətinin apardığı əsk hücumlar nəticəsində öz suverenliyini qoruyub. Biz Ermənistan ərazisinə keçməmişik. Biz öz ərazimizdə olan erməni kontingentlərinə cavab vermişik. Çox təəssüflər olsun ki, onlar yenə də bu təxribatlardan əl çəkmirlər. Bu təxribatları Ermənistan tərəfi dayandırmasa bunun bədəli onlar üçün çox ağır olacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə