Ermənistanın təxribatları fonunda DİPLOMATİK RİYAKARLIQLAR – TƏHLİL

Ermənistanın təxribatları fonunda DİPLOMATİK RİYAKARLIQLAR – TƏHLİL

Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibənin sonunda Ermənistan tərəfi məğlubiyyətə, kapitulyasiya sənədinə imza atdı. Məğlubiyyətlərini etiraf edərək təslim olması və tamamilə məhv olmaması üçün Ermənistan tərəfi az qala bütün dünyaya, ən inkişaf etmiş ölkələrə əl açıb yalvarmaqda tərəddüd belə etmədi və heç nə olmamış kimi təslimiyyətini də etiraf etdi. Az qala iki ilə yaxın müddətdir ki, danışıqların, razılaşmaların şərtlərinə əməl etməkdən boyun qaçıran, vəd etdiyi delimitasiya və demarkasiya prosesini, sülh danışıqlarını uzatmağa çalışan işğalçı ölkə hər dəfə təxribatlara əl atmaqla riyakarlıq nümayiş etdirir.

Müharibədə uduzan, məğlubiyyətini etiraf edən, təslimçilik sənədinə imza atan, məcbur qalaraq razılaşmalara gedən hansısa ölkə bunun ardından heç zaman Ermənistan kimi siyasi həyasızlıq etməyib və törətdikləri təxribatların fonunda bu ölkənin etdiklərinin bəşər tarixində analoqu, oxşarı olmayıb. Bütün yaramazlıqlara əl atan, terrorçuluğu dövlət siyasəti olaraq qəbul edən Ermənistan bir-birinin ardınca təxribatlar törətməsinin fonunda hələ bir utanmadan da Azərbaycanı günahkar kimi qələmə verməyə çalışır və bu həyasızlığa ad vermək belə çox çətindir. Əvvəlcə təxribat törədib, sonra da dünyaya car çəkərək qarşı tərəfin günahkar olduğunu bəyan etmək erməni riyakarlığının cəmi bircə nümunəsidir, amma onların riyakarlıqları cəmi bircə dənə deyil.

Bir ölkə yalanlarla, böhtanlarla, iftiralarla mövcudluğunu nə qədər qoruya bilər və bu şəkildə nə qədər davam edə bilər? Maraqlıdır, ifadələrinin uydurma olduğunu hamıdan daha yaxşı özü bilən bir toplum nəyə ümid edir? Məgər bütövlükdə erməni cəmiyyəti yalanlarının ayaq tutub yeriməyəcəyini dərk etməyibmi? Əgər dərk edibsə, niyə riyakarlığını davam etdirir və nə səbəbə bundan çəkinmir? Ermənistan bütün qüvvəsi ilə Azərbaycanla müharibədə 44 gündən artıq davam gətirə bilmədiyi halda, indi yox dərəcəsində olan silahlı qüvvələri, dağınıq, pərakəndə şəkildə olan separatçıları, terrorçuları ilə nə əldə edə bilər? Əlbəttə ki, heç nə əldə edə bilməz və bunu hamıdan yaxşı ermənilər özləri bilirlər, amma öz mənfur əməllərindən əl çəkmirlər. Daim təxribatlara əl atan bu toplum ancaq çirkin niyyətlərinin həyata keçməsi arzusundadır və görünür dünyadan da kömək, imdad, ən azından dəstək umurlar. Hər dəfə törətdikləri təxribatların ardınca qarşılaşdıqları əks həmlə və darmadağın olmaları fonunda baş nazir Nikol Paşinyanın dünyanın bir çox ölkə başçılarına davamlı olaraq zəng etməsi, telefonun dəstəyindən asılıb qalması bunun real təsdiqidir ki, bütün dünyadan yardım gözləyir, ən azından buna ümid edirlər. Bir çox beynəlxalq təşkilatların, dünyanın bir çox ölkələrinin onların bəd əməllərinə, təxribatlarına reaksiya verməməsi, müşahidəçi mövqe nümayiş etdirməsi isə görünür terrorçuları, separatçıları, aranı qarışdırmaq istəyənləri ruhlandırır. Deməli, separatçılığa, terrorçuluğa, təxribatçılığa dünyanın bütün beynəlxalq təşkilatları, bir çox inkişaf etmiş dünya dövlətləri tərəfindən kəskin şəkildə dur deyilməməsi, qarşısının alınması üçün sanksiyalar tətbiq edilməməsi də öz növbəsində riyakarlıq anlamına gəlir. Çünki istər beynəlxalq təşkilatlar, istərsə də inkişaf etmiş dünya dövlətirinin bir çoxlarının özlərinə sərf edəcəyi məqamda ortaya atıldıqlarının, hətta sankiyalar belə tətbiq etdiyinin Rusiya-Ukrayna müharibəsi fonunda elə bütün dünya ictimaiyyəti də şahididir.

Maraqlıdır, nəyə görə, hansı səbəbə Ermənistan tərəfi vaxtaşırı təxribatlara əl atır? Torpaqlarımızı yenidən işğal etmələrinə zərrə qədər ümidi qalmayan bu məğlub ölkənin məhz rüsvayçı məğlubiyyəti fonunda təxribat törətməkdə məqsədi nədir? Təbii ki, məqsədləri prosesi uzatmaqdan, sülh prosesinə maneçilik törətməkdən ibarətdir və buna da hansısa yolla nail olmağa çalışırlar. Çünki Ermənistan tərəfi yaxşı başa düşür ki, bu ilin sonuna qədər imzalamalı olduğu sülh müqaviləsindən sonra Azərbaycanın sərhədlərini, ərazi bütövlüyünü tanımalı, torpaq iddiasından əl çəkməlidir. Elə buna görə də, prosesi uzatmaq, sülh prosesinə maneçilik törətmək üçün yol olaraq bildikləri, daha doğrusu, təsəvvür etdikləri məhz təxribatlardır və bu onların son riyakarlıqları olmasa da, son ümididir.

Təxribatları özü törədib, özü də dünyaya səs salaraq, hücuma məruz qaldığını, əzildiyini bildirmək erməni xislətində yeni təzahür edən, dünyaya tanış olmayan davranış deyil. Hayların həyasızlığı tarix böyü diqqətdən yayınmayıb və hər dəfə bir təxribat, türk əsilli insanlara qarşı soyqırım törətdikdən, ardınca da qarşılaşdıqları məğlubiyyətdən sonra oyun qurmaları, guya özlərinin əzildikləri, haqlarının tapdalandığı barədə dünyaya hay salmaları da dünya ictimaiyyəti üçün sirr deyil. Ermənilər bu həyasızlığı, vəhşicəsinə etdikləri 31 mart soyqırımından sonra da, törətdikləri Xocalı faciəsindən sonra da ediblər və indi də eyni şəkildə riyakarcasına həmin ənənəni davam etdirməyə çalışırlar.

Xatırladaq ki, məhz ötən əsrin əvvəllərində, 31 mart tarixində bütün Azərbaycanda törətdikləri vəhşiliklərdən, insanlığa sığmayan cinayətlərdən, türk əsilli insanlara qarşı soyqırımdan sonra haylar bütün dünyaya hay saldılar ki, onlar özləri soyqırıma məruz qalıblar. Bu, yəni belə riyakarlıqla hay salmaq yalnız erməni həyasızlığı ilə mümkün ola bilərdi, çünki eyni ilə indiki kimi, onlar bizim torpaqlarımızda soyqırıma məruz qaldıqlarını iddia edirdilər. Sual oluna bilər ki, Azərbaycana məxsus torpaqlarda hayların nə işi vardı? Əgər, onların olmasa da belə, heç olmasa məskunlaşdıqları torpaqlarda, məsələn, Bakıda deyil, İrəvanda soyqırıma məruz qaldıqları barədə yalan-doğru iddia etsəydilər, dərd yarı idi, amma həyasızlıq və riyakarlıqları o həddə çatıb ki, məhz bizə məxsus olan ərazilərdə, xüsusilə, paytaxt şəhərimizdə bunun baş verdiyini utanmadan iddia edirlər. Ola bilsin, ermənilər zənn edirlər ki, yalandan dünyaya belə hay-küy salmaq, həyasızcasına yalan danışmaq bir siyasət, bir diplomtiyadır, amma əslində bu, diplomatiya yox, diplomatik riyakarlıqdır.

Məsələ burasındadır ki, erməni riyakarlığına müşahidəçi mövqe sərgiləyənlər də onların tayı kimi görünür. Bu zamana qədər, eləcə də hal-hazırda erməni riyakarlığına, erməni əsilli separatçıların, terrorçuların törətdikləri təxribatlara sərt reaksiya göstərməmək, bəd əməllərini pisləməmək, ən azından bunun əleyhinə bəyanat belə verməmək də riyakarlıqdır ki, biz bunu da bir sıra beynəlxalq təşkilatların, dünyanın aparıcı və inkişaf etmiş bəzi dövlətlərin timsalında da görürük. ATƏT-in Minsk Qrupu deyilən qondarma, artıq ölü sayılan qurum nə 30 il ərzində səsini çıxarmadı, nə də torpaqlarımızı öz gücümüzə işğaldan azad etdikdən sonra erməni separatçılarının törətdikləri terrorlara, təxribatlara görə fikir belə bildirmədi, hansıki bunun da adı elə riyakarlıqdır.

BMT kimi bir beynəlxalq təşkilatın 4 məlum qətnaməsi artıq bütün dünyaya bəllidir və bu qətnamələrin icrası istiqamətində də həmin o 30 illik işğal müddətində hansısa qurum, hansısa fövqəl dövlət təşəbbüskar kimi belə çıxış etmədi və buna da riyakarlıqdan başqa ad vermək olmur. Görəsən, nəyə görə bircə dənə erməni əsilli separatçının burnu qanayanda Fransa kimi bir Avropa ölkəsinin prezidenti Makron əl-ayağa düşür, amma erməni təxribatları fonunda Azərbaycanın dinc əhalisinin, mülki əhalisinin yaşadığı ərazilər atəşə tutulanda, azərbaycanlılardan həyatını itirənlər olnda ağzına su alır, susur və bu da riyakarlıq deyilmi? Riyakarlıqdır, özü də xalisindən. Erməni əsillilərin qarşısında özünü yaxşı göstərməyə hesablanan riyakarlıqdır. Digər bəzi Avropa ölkələri insan haqları deyib bar-bar bağırır, amma ermənilər bunu etdikdə susurlarsa, deməli riyakarlıq edirlər. Təbii ki, onların bu susqunluqları erməni lobbisi ilə münsibətlərin pozulmamasına hesablanıb və bir növ bunu da diplomatiya sayırlar, amma bu da diplomatiya deyil, diplomatik riyakarlıqdır.

Bütün dünyada guya insan haqları, söz azadlığı, demokratiya və ədalətin carçısı kimi özünü göstərməyə çalışan ABŞ erməni terroruna, təxribatlarına görə niyə səsini çıxarmır? Təxribat törədənlər dinc, mülki Azərbaycan vətəndaşlarının haqlarını tadalamırlarmı, azad-firavan yaşamalarına mane olmurlarmı ki, Amerika buna reaksiya vermir? Maraqlıdır, görəsən ABŞ özünə rəqib hesab etdiyi Rusiyanın tamamilə xəritədən silinməsi arzusu ilə Ukraynaya hər mənada dəstək göstərirsə, guya haqları tapdalanan ukraynalıları müdafiə edirsə, paralel olaraq erməni təxribatlarının qurbanı olan azərbaycanlılara görə bunu etmirsə, bu da riakarlıq sayılmırmı? Riyakarlıq sayılır və buna başqa ad da verilə bilmir. Deməli, Rusiyanı özünə düşmən bəlləyən ABŞ, ruslara qarşı döyüşən, bu yolda həlak olan ukraynalıları müdafiə edirsə, özünə düşmən hesab etməyən, əksinə, oyunlarına alət bildiyi erməni əsilli terrorçuların, separatçıların təxribatları nəticəsində azərbaycanlıların həyatını itirməsinə dəfələrlə göz yumursa, diplomatiya kimi bildiyi diplomatik riyakarlıq nümayiş etdirir, özü də açıq-aşkar bir şəkildə.

Ümumiyyətlə, Ermənistanın təxribatları fonunda diplomatik riyakarliqlar saysız-hesabsızdır və kifayət qədər belə faktlardan sadalamaq olar. Belə görünür ki, həm Ermənistan özü diplomatik riyakarliq edir, həm də buna rəvac verən, göz yuman, əks reaksiya verməyən, müşahidəçi mövqe sərgiləyən beynəlxalq təşkilatlar bu riyakarlığa qoşulur. Hər bir halda, riyakarlığın adı birdir və istər diplomatik olsun, istərsə də digəri, riyakarlıq etmək ən azından heç kimə baş ucalığı gətirəcək deyil, əksinə, elə riyakarlıqdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə