"Artıq düşmənin başı əzilib" - QHT RƏSMİLƏRİ ARASINDA SORĞU

"Artıq düşmənin başı əzilib" - QHT RƏSMİLƏRİ ARASINDA SORĞU

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirərək onların fikirlərini öyrənib.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni: "Bildiyiniz kimi, erməni təxribatları gözlənilirdi və əvvəlcədən də proqnozlar verilmişdi. Çünki Azərbaycanla Ermənistan arasında Böyük Sülh Sazişinin imzalanmasını istəməyən qüvvələr var və o qüvvələr tərəfindən stimullaşdırılan bu təxribatlar gözlənilirdi. Şəhidlərimiz oldu. Allah rəhmət eləsin, ruhları şad olsun, Qazilərimizə Allah şəfa versin, Vətən sağ olsun. Ancaq bütün bunlarla bərabər biz çıxışlarımızda qeyd edirdik ki, hətta sülh sazişi imzalanandan da sonra hər hansı bir təxribatlar ola bilər və Azərbaycan Ordusu, Azərbaycan Silahlı Qüvvələri o təxribatlara layiqli cavab verəcək, cavablar da verilib.

Bizdə olan məlumatlara görə, 8 şəhidimiz var. Amma 200-dən 500-ə qədər ermənilər itki veriblər. Onlar bizim əks-hücum və anti-terror əməliyyatları nəticəsində itki veriblər. Onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu bütün təxribatlara hər zaman öz operativ və layiqli cavabını verəcək. Bugün də yaranmış vəziyyətlə əlaqədar olaraq yenə də Ermənistanın baş naziri Makrona, Putinə, Brinkenə və digər rəsmilərə zəng edib yalvar-yaxar edir ki, hücumları dayandırsınlar. Bir daha deyirəm Azərbaycan Respublikasının ərazisində hər hansı bir hərbi təxribatlar olacaqsa, ölkə Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev dəfələrlə bunu deyib ki, bütün bu təxribatların qarşısı əzmkarlıqla alınacaq, müzəffər Azərbaycan ordusu mənfur qonşularımızın layiqli cavablarını verəcək. Sadəcə olaraq bu təxribatlar yəni, birmənalı şəkildə dayandırılmalı, bu təxribatlara son qoyulmalıdır və Ermənistan rəhbərliyi əgər özünü Ermənistanın rəhbəri hesab edirsə öz ordu hərbi hissələrinə, silahlı qüvvələrinə nəzarət etməlidir. Nəzarət edə bilmirsə, onda bu təxribatlar olacaq və biz də o təxribatlara 10 dəfə yox, 20 dəfə artıq masştabda cavab vermək məcburiyyətində olacağıq. Bu cavablar da veriləndən sonra dünyanın aparıcı ölkələrinin liderlərini narahat etməyə ehtiyac yoxdur. Birmənalı şəkildə ölkədə qayda-qanun yaratsınlar və təxribatlara yol verməsinlər. Biz qeyri-hökumət təşkilatları buna öz qəti etirazımızı bildiririk və birmənalı şəkildə bildiririk ki, Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan ordusu hər zaman öz ərazi bütövlüyünü, öz sabitliyini, stabilliyini və öz təhlükəsizliyini müdafiə etməyə hazırdır".

JEM sədri Ceyhun Musaoğlu: “Erməni təxribatları mövzusu Azərbaycan gündəmindən 30 ildir ki, düşmür. Biz düşünürdük ki, 28 ildən sonra torpaqlarımızı azad etmişik və erməni terrorçuları da bunu anlayıb təxribat törətməyəcək. Amma onlar öz bədnam əməllərinə davam edirlər. Biz də onların yüksək səviyyədə cavablarını veririk.

Vətən müharibəsindən 2 il keçsə də, deyəsən, ermənilər bunu tez unudublar. Biz hər dəfə də Vətən müharibəsinin acısını onlara yaşadırıq. Onlar dünən də təxribat törədiblər. Bu təxribatlarla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumatlar yayır.

Düşmənə layiqli cavabını veririk və verəcəyik. Paşinyan hökuməti laxlamağa başlayıb və ona qarşı müxalifət daha da kəskinləşib. Ermənistan hökuməti Qarabağdakı terrorçu qüvvələrlə əlaqəsi olmadığını deyir. Deməli, onlar Paşinyana təxribat törədirlər? Bu, onların daxili işidir. Onlar özləri ilə barışmayana, normal dövlət qurmayana qədər qonşularla necə münasibət quracaqlar?! Onlar terrorçudur. Ermənilər xarakter etibarilə təxribatçıdırlar. Biz Ali Baş Komandanın rəhbərliyi ilə hər cür təxribatın qarşısını alacağıq!”.

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov: “Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatlar, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumu birbaşa ölkənin daxilində gedən siyasi proseslərlə bağlıdır. Azərbaycanın diplomatik səyləri nəticəsində Ermənistan sülh müqaviləsi bağlamaq və öhtəlikləri yerinə yetirmək məcburiyyətindədir. Lakin bundan boyun qaçırır. Onlar nə qədər boyun qaçırsa da, Kəlbəcər və Laçından öz qeyri-qanuni məskunlaşmış əhalisini çıxarmalı oldu. Lakin ermənilər bununla barışmır. Onlar görür ki, Azərbaycan Qarabağda genişmiqyaslı quruculuq işləri aparır və bu addımlara kölgə salmaq üçün belə edirlər.

Azərbaycan bunu beynəlxalq ictimaiyyətə də geniş şəkildə çatdırır. Beynəlxalq ictimaiyyət də görür ki, Azərbaycan sərhədlərin delimitasiya-demarkasiya və sülh müqaviləsində ən çox maraq göstərən tərəfdir.

Ermənistanın addımları sülhə xidmət etmir. Azərbaycanın hədəfləri bəllidir və bu yolla qətiyyətlə addımlayır.

Bizim Türkiyə kimi tərəfdaşımız var. Regionda gedən son proseslər də Azərbaycanın xeyrinədir. Son olaraq qeyd edim ki, Ermənistan say baxmından Azərbaycandan qat-qat çox itki verib”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətin sədri, fəlsəfə doktoru İlqar Orucov: “Çox təəsüf ki, dünən gecədən başlayaraq Ermənistan tərəfi növbəti dəfə Azərbaycana qarşı təxribata əl atdı. Nəticədə Laçın, Kəlbəcər və Daşkəsən ərazisində yerləşən hərbi birləşmələrimiz atəşə tutulub. Təəssüf edirəm ki, bizim əsgər və zabitlərimiz arasında şəhid olanlar var. Mən, fürsətdən istifadə edib onların ailə üzvlərinə, bütünlüklə xalqımıza başsağlığı verirəm.

Əlbəttə ki, erməni təxribatlarının arxasında məsuliyyətin birbaşa Ermənistanın hərbi və siyasi rəhbərliyinin üzərində olması birmənalı olaraq başadüşüləndir. Yəni, bu məsuliyyət onların üzərində durur. Eyni zamanda, Ermənistan dövlətinin xarici havadarları bilavasitə bu təxribatın dəstək verən qüvvələridir.

Görünür ki, bunlar "Dəmir yumruq"dan nəticə çıxarmayıblar. Hesab edirəm ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında bu cür təxribatlara layiqli cavab verə biləcək şanlı Ordumuz var və dünəndən başlayan təxribatlara ordumuz layiqli cavabını verir. Hər bir bu cür təxribat əslində Ermənistanın növbəti dəfə susdurulması, onların mövqelərinin daha da geri çəkilməsi ilə nəticələnir. Amma düşmən düşmənçiliyini davam etdirir. Bölgədə sülhün və barışın əldə olunmamasında maraqlı qüvvələrin təhriki ilə bu təxribatlara əl atırlar. Görünür ki, onlar 44 günlük savaşdan lazımi nəticəni götürə bilməyiblər. Əminəm ki, Azərbaycan dövləti və qüdrətli Ordusu onlara bundan sonra da layiqli cavab verəcək, bu məsələ ilə bağlı layiqli mövqeyini ortaya qoyacaq və düşmən birmənalı olaraq bu prosesi başladığına görə cəzasını alacaq.

Əlbəttə ki, bölgədə sülhün və barışın əldə olunmamasında maraqlı qüvvələr var. Çox təəssüf edirəm ki, onlar da hələ ki məsuliyyətsizlik sindromundan əziyyət çəkirlər, onlar da başa düşmürlər ki, artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan qüdrətli orduya və güclü iqtisadiyyata malik bir dövlətdir. Azərbaycanla təxribat dilində danışmaq mümkün deyil.

Onlar yəqin ki, elə başa düşürlər ki, bu revanşizm siyasəti davam etdirsələr, onlar nəyə isə nail ola biləcəklər. Əlbəttə, bunlar əbəsdir, artıq düşmənin başı əzilibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə