Qəlblərdə taxt quran Şəhidlərimiz ŞƏHİD XATİRƏLƏRİ

Qəlblərdə taxt quran Şəhidlərimiz ŞƏHİD XATİRƏLƏRİ

Qan tökülməyən torpaqdan Vətən olmaz. Vətənin böyüklüyünün qorunması, bütövlüyünün təminatı yolunda tökülən qanlar bu məfhumun müqəddəsliyini göstərir. Azərbaycan tarixən işğalçıların hücumuna məruz qalıb və bu torpaqdan düşməni qovmaq üçün tökülən qanlar Azərbaycanı qoruyub, xalqın vüqarını qoruyub, onun adını ucaldıb. Bu torpağın Vətən olduğunu dərk edən insanlar onun keşiyində durmağı özünə borc, amal biliblər. Son illərin hadisələri zamanı bunun bir daha şahidi olduq. Azərbaycanın son 30 ildə torpaqları qan ilə, şəhid qanı ilə suvarıldı. Şəhid qanı ilə suvarılan torpaq ən müqəddəs torpaqdır. Can verib torpaqdan düşməni qovduq. Elə bu günün özündə də vətənin keşiyində duran hərbçilərimizin bəziləri şəhidlik zirvəsinə yüksəlir. Axıdılan qanlar bu torpağın aşiqlərinin qanıdır. Bu torpağın nə qədər şəhid övladı var. Yaşından asılı olmayaraq, bu torpağa şəhid qanları axıdılıb. Bu gün tariximizə qovuşan şəhidlərimizin qanı yerdə qalmadı. 44 günlük vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan ordusunun rəşadətli qələbəsi şəhidlərimizin qanını yerdə qoymadı. Hər bir insan üçün ən ali bir hissdir Vətən sevgisi, torpaq məhəbbəti. Vətənsiz bir millət, millətsiz bir Vətən ola bilməz. Bəli, bu torpağa, Vətənə Ana deyən övlvadları var. Elə 44 günlük vətən müharibəsində şəhid olan minlərlə oğullarımız kimi. Adları dillərimizdə dastan olan oğullarımız - şəhid oğullar. Hər birinin həyatı bir hekayədir, dastandır. Qəhrəmanlıq, igidlik dastanıdır.

Şəhid qardaşların həyat hekayəsi

Vaxtilə xəyalən yol getdiyimiz o yollara məhz belə oğulların qanı bahasına yol alırıq. Bir ovuc torpaq və ondan gələn ətir sanki ağrı- acımızı unudur. Tökülən qanların qoxusu, igidlik qoxusu ovucumuza götürdüyümüz torpaqdan alınır. Nəfəs verib, nəfəs aldıq, qan tökdük torpaq aldıq. Çox şəhidlərimiz qısa bir ömür yaşadıllar, amma tariximizə adların həkk etdilər. Bu şəhidlər bizim elin, obanın oğullarıdır. Qısa bir ömürdə əbədi bir ömür qazandılar.Qısa bir ömür yolunda ən ali zirvəyə yüksəldilər, Şəhidlik zirvəsinə, həm də bütün xalqımız tərəfindən tanındılar, sevildilər və hər kəsin qəlbində bir taxt qurdular. Azərbaycanda şəhidlər hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb. Bu gün haqqında söz açdığımız şəhidlərimiz kimi. Vətən sevgisi ilə boy ataraq öz həyatlarını millət, torpaq yolunda qurban verməyi bacaran oğullar.

44 günlük Vətən müharibəsində şəhid olmuş qardaşlar İman və Bəhrəm Məmmədzadələrin adını xalqımız uca tutur. Qəribə bir tale yaşadılar. Bir evdən, bir nəsildən iki qardaş şəhid oldu. Çoxları onları əkiz qardaş kimi tanıyırdı. İman 1998-ci il sentyabrın 14-də, kiçik qardaş isə Bəhrəm 2000-ci il aprel ayının 18-də Lerik rayonunda anadan olub. İki il aralarında yaş fərqi vardı. Orta təhsillərini Xəzər rayonu Binə qəsəbəsindəki 117 nömrəli məktəbdə alıblar. Hər ikisi ali təhsilini Rusiyada almışdı. Uşaq yaşlarından ikisi də idmana maraq göstərmiş, İman ağır atletika, Bəhrəm cüdo ilə məşğul olmuşdur. Hər ikisi dəfələrlə medal və diplomlarla təltif olunub. keçdikləri yol ömür yolu bir-birindən ayrı deyildi. Bəhrəm iştirak etdiyi beynəlxalq cüdo yarışının finalında erməni rəqibini məğlub edərək birinci yeri tutmuşdu. Onun qələbəsi naminə üçrəngli bayrağımız ucaldılmışdı. Ali təhsillərini başa vurduqdan sonra Vətənə dönmüşdülər. Hərbi xidmətə yollanmışdılar. 2019-cu ildə iyun ayının 11-də Bəhrəm qardaşı İman ilə birgə Vətənə olan borcunu ödəmək üçün həqiqi hərbi xidmətə çağırılır və o da Qusar rayonunun "N" saylı hərbi hissəsinə yola salınır.

Minlərlə gəncimiz kimi onlar da vətənin ən dar zamanında onun keşiyində durdular. Müsəlləh əsgər kimi qaynar nöqtələrdə oldular. Şəhidlik zirvəsinə yüksəlməyi şərəf bildilər. 2020-ci il oktyabrın 27-də Qırmızı Bazar ətrafında gedən gərgin döyüşlər zamanı şəhid oldular. Döyüşlər vaxtı bir an belə bir-birindən ayrılmayan İman və Bəhrəm döyüşlər boyunca ölümün gözünə dik baxıblar. Minlərlə insan döyüşdə onların qardaşı olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıblar. Hər ikisi də noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün hər iki qardaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif ediliblər. Bu gün hər iki qardaşın adı bütün şəhid oğulları kimi uca tutulur. Vətən sağ olsun, deyən atalar Azərbaycana belə oğullar yetişdirib, onları Vətən üçün böyütmüşük deyiblər. Bu gün əgər Zəfər tariximizlə qürurlanırıqsa, demək, bizə qüruru yaşadan şəhidlərimiz var. Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Demək, vətən oğulları öz amallarına yetişdilər. Ən yüksək mərtəbələrə ucaldılar. Şəhidlərimizin qanı ilə yuyulan bu torpaq Azərbaycan torpağı hər birimizin müqəddəs Vətənidir. Ömür boyu qürurlandığımız Ana torpaq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə