Əvəz Zeynallı müxalifətə rəqib, yoxsa həmfikir idi? ANALİZ

Əvəz Zeynallı müxalifətə rəqib, yoxsa həmfikir idi? ANALİZ

Müxalifət liderlərinin “Xural” media qrupunun rəhbərinin həbsindən məmnun olduğu üzə çıxır

Hüquqi və demokratik inkişaf yolu seçən Azərbaycanda başlıca hədəflər insan hüquq və azadlıqlarının qorunması və sərbəst bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olunması üçün zəruri addımların və islahatların aparılmasıdır. Ulu Öndərimiz Heydər Əliyevin müəllifliyi ilə 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiyamızda fikir və söz azadlığı, mətbuat və məlumat toplamaq azadlığına xüsusi önəm verilir. Dahi Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra inkişafına xüsusi diqqət ayırdığı sahələrdən biri də, mətbuat və söz azadlığı olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə mətbuata senzura ləğv edilmiş, KİV dövlət nəzarətindən çıxarılmış, jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində mütərəqqi addımlar atılmış, qəzetlərin “Azərbaycan” nəşiriyyatına olan borcları silinmişdir. 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, daha sonra isə yeni dövrün çağırışlarına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Agentliyi yaradılmışdır. Hazırda istənilən şəxs istədiyi zaman qəzet təsis edə, sayt aça, internet televiziya yaradaraq sosial şəbəkələr vasitəsi ilə paylaşımalar edə, fikirlərini səsləndirə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti mətbuat və söz azadlığının genişlənməsində maraqlıdır. Bununla belə dövlətimizin əsas istəyi milli və dövlətçilik maraqlarının təmin olunmasıdır. Bu istək ölkə vətəndaşlarının mənafeyinə və hər bir insanın rifahına xidmət edir. Həm də milli təhlükəsizliyin təmin olunmasına əsaslanır. Amma təəssüf doğuran məqam ondan ibarətdir ki, yaradılan şəraitdən, demokratik mühitdən istifadə edərək, bəzi saytlar, internet şəbəkə istifadəçiləri ağa qara deməyə, ölkənin milli və dövlətçilik maraqlarına zərbə vurmağa xidmət edən paylaşmalar edir, statuslar yayır, məqalələr dərc edirlər. Halbuki, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasın”da və “KİV haqqında qanun”da şər və böhtanların yayılması, milli təhlükəsizlik məsələlərinə zidd fəaliyyətin göstərilməsi yolverilməzdir və cinayət məsuliyyəti yaradır. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasın”da qeyd olunur ki, qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət, kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi və digər müddəalar əsas götürülməlidir. Ancaq görünən ondan ibarətdir ki, heç də jurnalist etikası çərçivəsindən kənar fəaliyyətlərini quran sayt, qəzet rəhbərləri və ya sosial şəbəkə istifadəçiləri qəbul olunan qayda və prinsiplərə əməl etmirlər. Bu da onların müstəqil olmaması ilə bağlıdır.

Əvəz Zeynallının həbs edilməsindən sonra təxribat maşını öz çirkin kampaniyasını daha da aktivləşdirib

Araşdıranda və təhlillər apardıqda məlum olur ki, şər və böhtanlar yazan və ya paylaşımlar edən sayt rəhbərlərinin və ya sosial şəbəkə istifadəçilərinin arxasında dağıdıcı xislətli müxalifət partiyaları dayanır. Nə zaman sosial şəbəkələri izləsən, orada "Azadlıq” radiosunun, "Azadlıq” qəzetinin, "Meydan Tv”-nin və digərlərinin, o cümlədən Qənimət Zahidovun, Qurban Məmmədovun, Orduxan Temirxanın, Vidadi İsgəndərlinin, Məhəmməd Mirzəlinin və digərlərinin əmrə müntəzir qul kimi xarici ağalarının göstərişlərinə uyğun olaraq Azərbaycan xalqı və dövləti haqqında şər və böhtanlar yaydıqlarını görmək və ya oxumaq olar. Son günlər isə onların bazarları bir qədər də genişlənib. Yəni, “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının həbs edilməsindən sonra təxribat maşını öz çirkin kampaniyasını daha da aktivləşdirib. Sanki hazırda yarış gedir, kim daha çox Azərbaycan hüquq-mühafizə orqanları haqqında şər yazacaq, fikir səsləndirəcək. Azərbaycanın dağıdıcı müxalifəti də, siyasi maraqları üçün Ə.Zeynallının həbsindən geninə-boluna yararlanmağa çalışır. Halbuki, son günlərə qədər onlar trolları vasitəsilə Ə.Zeynallını hakimiyyətin maraqlarına uyğun fəaliyyət göstərməkdə ittiham edirdilər. Hətta bəzi müxalif partiya funksionerləri müstəqil cameədə Əvəz bəyi müxalifətin əsas rəqibi kimi təqdim edirdilər. İkiüzlüyə və riyakarlığa öyrəncəli olan müxalifət indi ortaya fərqli mövqe qoyur, Ə.Zeynallının haqsız yerə həbs edildiyini bildirib, hay-küy qaldırır.

Eynulla Fətullayev Ə.Zeynallının həbsinə görə günahkardırmı?

Mövzunu bir qədər də dərinləşdirməzdən əvvəl qeyd edim ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallı və vəkil Elçin Sadıqov haqqında 4 ay müddətinə həbs qətimkan qərarı seçilib. Məlumata əsasən, Ə.Zeynallıya külli miqdarda rüşvət alma ilə bağlı maddə üzrə ittiham təqdim olunub. Xatırlatmaq yerinə düşər ki, Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev iddia edib ki, jurnalist Əvəz Zeynallı həbsdə olan bir iş adamının ailəsindən yüksək məbləğdə pul tələb edib və bunun müqabilində onu tənqid etməyi dayandıracağını bildirib. Əvəz Zeynallı isə bu iddiaları rədd edib. Sual yarana bilər ki, Haqqın.az saytının rəhbəri E.Fətullayev Ə.Zeynallının ittiham hədəfinə çevrilməsinə görə günahkardırmı? Bəlkə də qınaq obyekti ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, E.Fətullaye jurnalistdir. Hər bir jurnalist, o cümlədən redaksiya mühüm informasiya yükünə malik məlumatları əldə etməkdə hər zaman maraqlı olur. E.Fətullayev də haradansa və ya necəsə əldə etdiyi məlumatı əlinə düşən mühüm material olaraq yaymağa tələsib və istəyinə də nail olub. Bəlkə də E.Fətullayev bu məlumatı yaymaqla Ə.Zeynallının həbs oluna biləcəyini anlamayıb. Yəni, E.Fətullayev bu kimi informasiyaların öyrənilməsi və əsaslı şübhələr yarana biləcəyi təqdirdə prokurorluq orqanlarının cinayət işi qaldıra biləcəyini bilməyib. Yəni, Haqqın.az saytının rəhbəri qanunvericilikdən xəbərsizdir. Bu da başa düşüləndi. Çünki o, hüquqşünas deyil, jurnalistdir. Nəticədə, bir jurnalist, digər jurnalistin rüşvət alma maddəsi ilə məsuliyyətə cəlb olunaraq həbs olunmasına vəsilə oldu.

Əvəz Zeynallı özünü müdafiə etmək haqqına malikdir

Təbii ki, hər bir şəxsin özünü müdafiə etmək hüquqi var və bundan çıxış edərək də haqqında Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi qaldırılmış Ə.Zeynallı ona qarşı yönələn iddiaları rədd edir. Söz yox ki, məhkəməyə qədər istintaq geniş araşdırma aparacaq və materiallar toplamağa çalışacaq. İstintaqı aparan müstəntiqlər qanuna müvafiq olaraq jurnastin cinayəti varsa, onu sübuta yetirməlidirlər. Əks halda, Ə.Zeynallının azadlığa çıxacağı şübhəsizdir. Çünki biz azad, müstəqil, hüquqi dövlətdə yaşayırıq. Kimsəni törətmədiyi və ya iştirakçısı olmadığı cinayət işində adını halladırmaq və ya onu azadlıqdan məhrum etmək mümkün deyil. Bu baxımdan, susmaq və istintaqın yekunlaşmasını gözləmək lazımdır. Nəzərə almaq lazımdır ki, şantaj və ya əsassız hay-küylə Azərbaycan hüquq-mühafizə orqanlarına təsir etmək mümkün deyil. Dağıdıcı müxalifətin Ə.Zeynallının həbsindən öz siyasi maraqları üçün istifadə etməyə çalışmasına gəlincə, onların hərəkətləri boş qazanı danqıldatmaqdan başqa bir işə yaramır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə