"Rus ordusu sarsıdıcı məğlubiyyətə uğrayacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rus ordusu sarsıdıcı məğlubiyyətə uğrayacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya-Ukrayna müharibəsinin sonu əlbəttə var. Təxminən bu ilin sonu və ya gələn ilin əvvəli yəqin ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etmiş olacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, rus ordusu sarsıdıcı məğlubiyyətə uğrayacaq: "Rusiya cəbhədəki əks hücumların qarşısını almaq üçün ən vandal mübarizə üsullarına əl atır. Rusiyanın əsas silahı raketlərdir. Bu raketlər ortaməsafəli, hətta lazım gələrsə, uzaqməsafəli raketlər ola bilər. Bu isə böyük dağıntı və insan itkiləri deməkdir. Amma bunlar Ukraynanı ruhdan salmır. Ukrayna artıq Xarkov vilayətində öz sərhədlərinə çıxıb. Donetsk və Luqansk vikayətlərinin sərhədlərini keçib. Xerson vilayətinin böyük bir hissəsi azad olunub. Burada təxminən Rusiyanın 20-25 min nəfərlik əsgəri mühasirəyə alınıb. Rusiyanın Xersonu itirməsi onu ruhi-psixoloji cəhətdən çökdürəcək. Hətta bəzi şərhçilər belə hesab edirlər ki, Xerson vilayətinin azad edilməsi Putinin istefasına səbəb ola bilər. Düşünürəm ki, bu ayın sonlarına qədər Xerson vilayəti büsbütün azad olunsun. Ümumiyyətlə, Ukrayna ordusunun əks hücum əməliyyatları sürətlə inkişaf edir. Bu ölkə öz torpaqlarını azad etməyə çalışır. Rusiya ordusu isə məğlubiyyətlərə düçar olur. Bu nöqteyi-nəzərdən müharibənin bitməsi Rusiyanın daxilində çox böyük qarşıdurmalara, sosial-siyasi hadisələrin baş verməsinə səbəb ola bilər. Bu da siyasi rəhbərliyin, elitanın dəyişməsi ilə başa çata bilər. Bu qeyd etdiklərim kifayət qədər reallıqlara söykənir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə