Sonu görünməyən MÜHARİBƏ - ANALİZ

Sonu görünməyən MÜHARİBƏ - ANALİZ

ABŞ Ukraynaya kömək yox, Rusiyaya zərər vermək istəyir

Dünyanın diqqəti Ukraynada gedən müharibədən bir an belə yayınmır. Hər kəs düşünür, əccəba, Rusiyanın başlatdığı müharibə nə vaxta qədər davam edəcək? Qalib olacaqmı, onda məğlub kim olacaq, Qərbmi? Rusiyanın döyüşdüyü tərəfin Qərb olduğunu təsadüfən çəkmədik, çünki, Ukrayna NATO və müttəfiqləri olmasaydı bu qədər dözməzdi. Hətta son məlumatlara görə, artıq hücum edən tərəfə çevrilməzdi. Dünən Zelenski bir neçə yaşayış məntəqəsinin işğaldan azad edildiyi barədə xəbər verdi və digər kənd və qəsəbələrin də Rusiya ordusundan təmizləndiyini də anons etdi, lakin sonuncuların Baş Qərargahın təsdiqindən sonra elan edəcəyini bildirdi.

Sual yenə açıq qalır, müharibə nə vaxt bitəcək?

ABŞ Müdafiə Nazirliyinin rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqorun sözlərinə görə, Ukrayna itirilmiş ərazilərini qaytara bilməyəcək. "Heç kim hər hansı ərazilərin qaytarılması barədə danışmadı. Kiyev bunu edə bilməyəcək, mümkün deyil. Əminəm ki, Bayden də bundan xəbərdardır", - o, Judging Freedom kanalında deyib.

Makqreqor qeyd edib ki, ABŞ ilk növbədə Ukraynaya kömək yox, Rusiyaya zərər vermək istəyir. Onun sözlərinə görə, Ukrayna tərəfi vəziyyəti diplomatiya yolu ilə həll etmək istəsə, Vaşinqton buna imkan verməyəcək. "Vaşinqton Zelenskinin arxasındadır. Vaşinqton Zelenskiyə deyir ki, mübarizəni davam etdirsin", - o vurğulayıb.

Bir müddət əvvəl Amerikanın “Politico” qəzeti yazıb ki, Kiyev hərbi yolla Krımı ələ keçirə bilsə, yerli əhalinin müqaviməti ilə üzləşməli olacaq. Qəzet qeyd edib ki, Kiyev rejimi əhalisinin 65%-nin ruslar olduğu Krımda ictimai həyatın əksər aspektlərində ukrayna dilinin istifadəsində israr edə bilməyəcək.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-nə keçən gecə Donbassda xüsusi əməliyyat keçirmək qərarına gəldiyini elan etdikdən sonra vəziyyət gərginləşib. “Donetsk və Luqansk Xalq Respublikaları”nın rəhbərləri Denis Puşilin və Leonid Paseçnik Rusiya Federasiyasının prezidentindən Ukrayna Silahlı Qüvvələrinin təcavüzünü dəf etmək üçün kömək istəyiblər.

Rusiya xəfifə alınacaq ölkə deyil

Türkiyənin “En Son Haber” nəşri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sitat gətirib. Balkanlara səfəri çərçivəsində verdiyi açıqlamada Ərdoğa bildirib ki, Rusiyanı xəfifə almaq ən yanlış addım idi: “Rusiya Avropanın əsas enerji təchizatçısıdır və onu sanksiyalarla cavab addımlarına sövq etmək ağlabatan deyil”.
Ərdoğan bildirib ki, Qərb təxribatçı siyasət yürüdür, Rusiyanı ciddiyə almamaq isə səhvdir. Onun fikrincə, Avropa qışdan necə çıxacaqlarını fikirləşib.

Bosniya və Herseqovinadakı diplomatik təmaslardan sonra Türkiyə liderinin ikinci dayanacağı Serbiya olub. Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyə dövlət başçısını Prezident sarayında rəsmi mərasimlə qarşılayıb və danışıqlardan sonra liderlər mətbuata müraciət ediblər.

Bu ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna hərbi qarşıdurması ilə bağlı gündəmdə olan enerji böhranını dəyərləndirən Ərdoğan Qərbin təxribatçı siyasət yürütdüyünü bildirib və qeyd edib: “Türkiyə hər zaman mövqeyinə sadiq qalıb. Rusiya və Ukraynaya qarşı balanslaşdırılmış siyasətə əməl edəcəyik və davam edəcəyik. Bu münaqişənin qalibi yoxdur, amma itirənlər çoxdur. Qərb təxribata əsaslanan siyasət yürüdür”.
Türkiyə prezidenti vurğulayıb ki, nə qədər ki, düşmənçilik siyasəti var, dinc təşəbbüslərdən nəticə əldə etmək mümkün deyi: “Qalib varmı? Qalib yoxdur, amma itirənlər çoxdur. İnsanlar ölür. Məsələnin maliyyə tərəfini demirəm. Maliyyə məsələsinə toxunanda nə eşidirik? Bəziləri deyir ki, Ukraynaya bu qədər pul veriblər, bəziləri isə digər rəqəm söyləyirlər " .

Çıxışına davam edən Ərdoğan: "Yaxşı, bu pul haradadır? Çox səs-küy var, amma mənası azdır. Deyirlər ki, silah verilir. Əslində bütün zibil Ukraynaya göndərilir. Məsələnin bu tərəfinə baxanda deyə bilmərəm ki, qazanan Rusiya və ya Ukraynadır. Lakin Bütün bu müddət ərzində bizim sadiq qaldığımız siyasət Moskva ilə Kiyev arasında münaqişənin tezliklə sona çatması üçün səyləri nəzərdə tutur. Amma görünür, bu münaqişə tezliklə bitməyəcək. Rusiyanı ciddi qəbul etməyənlər üçün deyə bilərəm ki, yanılırsınız. Rusiya xəfifə alınacaq ölkə deyil. Nə oldu? İndi Rusiya qazı kəsdi. Qarşıdan qış gəlir. Niyə bu haqda düşünmədiniz? Rusiyanın əlində belə vacib resurs var. Amma siz bu haqda düşünmədiniz. İndi ehtiyatların necə olması ilə bağlı mübahisələr gedir.Təbii ki, hamı ona hücum edəndə Rusiya mövcud imkanlardan istifadə edəcəkdi. Bu qədər sadə. Biz ümid edirik ki, ən qısa zamanda bir nəticəyə gəlib bu problemə son qoya biləcəyik, bundan sonra dünyada yenidən sülh hökm sürəcək”.

Putin "qurdun quyruğu" barədə

Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı Qərbin Rusiyaya şərtlər diktə etmək iqtidarında olmadığını vurğulayıb: “Rusiya neftinin və qazının ixracını məhdudlaşdırmaq istəyi heç bir yerə aparmayacaq. Rusiya Federasiyası sadəcə olaraq bu məhdudiyyətləri tətbiq edən ölkələrə ixracı dayandıracaq. Absurd və əlverişsiz şərtlərlə ticarət etməyəcəyik. Nəticədə Qərb yenə öz əməllərindən zərər çəkəcək. Bəs, müqavilələrə zidd olan siyasi xarakterli qərarlar veriləcəkmi? Bəli, biz onları sadəcə yerinə yetirməyəcəyik! Ümumiyyətlə, biz heç nə verməyəcəyik: nə qaz, nə neft, nə kömür, nə də mazut. Biz heç nə çatdırmayacağıq. Və deyəcəyimiz yalnız bir şey qalacaq: “Don, don, canavar quyruğu””.
Rusiya Hindistan və Çinə neft və qaz tədarükünü artırıb. Onlar isə fürsətdən istifadə edərək neft və mavi yanacağı daha ucuz qiymətə alırlar. Avropa isə öz hərəkətlərinə görə daha çox enerji qıtlığı ilə üzləşəcək.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə