Ədalət, bərabərlik təmin olunmalıdır – TƏHLİL

Ədalət, bərabərlik təmin olunmalıdır – TƏHLİL

Qərb sanki bütün dünyaya qarşı döyüşür. Bəzən hətta elə təəssürat yaranır ki, Qərb elə bil Rusiyanı coğrafi xəritədən silməyə çalışır. Digər ölkələrlə də Qərbin münasibətləri heç də əvvəlki kimi deyil. Avropanın özünün belə heç bir təhlükəsizlik sistemi yoxdur və olacağı da gözlənilmir. Əvvəllər müşahidə etdiyimiz tendensiyalar müəyyən dərəcədə dərinləşib, hətta pisləşib və demək olar ki, müəyyən dönməz beynəlxalq proseslər belə artıq çoxdan formalaşıb.

Dünyanın iki, ən böyük ölkəsi olan Rusiya ilə ABŞ arasında münasibətlərin tamamilə dağılacağı qənətində olanlar az deyil. Bir çoxlarının fikrincə, əvvəllər bu münsibətlər yaxşı olmasa belə, ən azından normal idi. Lakin Ukrayna ilə müharibəyə Amerika və Avropanın reaksiyası, Rusiyaya qarşı sərt sanksiyalar sanki az da olsa mövcud olan münasibətlərə, diplomatiyaya son qoydu. Sanksiyalar da sözsüz ki, çox qəribə görünür, çünki bir növ Rusiyanı coğrafi xəritədən silmək məqsədi güddüyü təsiri bağışlayır. Əlbəttə ki, buna nail olunacağı inandırıcı görünmür, çünki Rusiya böyük ölkədir və buna qarşı mübarizə aparmaq qabiliyyətinə, gücünə sahibdir. Dünyada sülh şəraitində yaşamaq aşılandığı halda, Rusiyanın təcrid olunması mümkün deyil. Belə bir siyasətin yürüdülməsi də yanlışlıqdır. Təbii ki, hansısa ölkənin, onun marqlarının müdafiəsi kimi bir niyyətimiz yoxdur, sadəcə, Rusiyanın timsalında bir nümunə gətirmək istədik və heç şübhəsiz ki, dünya düzənində baş verən hadisələrdə müşahidə edilən yanlışlıqlara reaksiya verilməlidir, hətta yeri gələndə buna qarşı çıxılmalıdır ki, ədalət, bərabərlik təmin olunsun.

Artıq Qərbin apardığı siyasətdən sığortalanmaq üçün dünya ölkələrinin müvafiq addımlar atdığı da müşahidə olunur. Sözsüz ki, belə addımlar nəinki gözlənilən, hətta labüd hesab olunur. Ümumiyyətlə, Qərb ölkələri istisna olmaqla, bütün dünya imkan daxilində dollardan asılılığı azaltmaq niyətindədir. Bunun üçün göstərilən səylər də göz önündədir. Artıq milli valyutalarla ticarət başlayır. Bu proses isə, nəinki dolların hökmranlığını sarsıdacaq, hətta maliyyə sferasında bütün Amerika hegemonluğuna mütləq təsir edəcək. Təbii ki, həmin prosesin mənfi təzahürləri də ola bilər. Məsələn, beynəlxalq sistemin və qlobal iqtisadiyyatın parçalanmasına gətirib çıxaracağı da gözləniləndir.

Qərb bəzən bəyan edir ki, demokratiya ilə avtokratiya arasında savaş, yaxud heç bir mübarizə yoxdur. Məsələ burasındadır ki, Qərbin avtokratiya kimi qiymətləndirdiyi, yaxud qələmə verdiyi bəzi ölkələrin əksəriyyətində avtokratiya yoxdur, həmin ölkələr sadəcə öz prinsipləri ilə yaşayırlar. Beləliklə, bəlli olur ki, baş verənlərin qeyri-düzgün təsviri avtokratiyaya qarşı, bəyan edilən demokratiya deyil, əksinə, Qərbin dünyanın qalan hissəsinə qarşı olmasıdır. Dəyərlər və qaydalara əsaslanan nizam-intizam haqqında Qərbin diskursu da göründüyü kimi, getdikcə daha boş səslənməyə başlayır. Hətta, dünya düzəninin necə qurulacağına dair fikirlər baxımından belə dünyanın qalan hissəsi üçün getdikcə daha az məqbul sayılır. Bu isə o deməkdir ki, çoxqütblülük getdikcə daha da güclənir, əvvəllər hücuma məruz qalan qloballaşma belə indi öz mənasını, belə çıxır ki, itirməyə başlayır.

Birləşmiş Millətlər Təşkilatının Əhali Proqramına görə, oktyabr ayında dünya əhalisinin sayı 8 milyarda çatacaq. Son illərin hadisələri isə təsdiq edir ki, bütün bu insanların səhhəti təhlükə altındadır. Qərb hegomonluq arzusuna düşməkdənsə, bunu düşünmək və bu haqda tədbirlər görmək niyyətində olsa, daha yaxşı olar. Hindistan və Cənubi Afrikanın COVID-19-un müalicəsi və qarşısının alınması üçün vacib olan tibbi məhsulların buraxılmasını təklif etməsindən təxminən iki il sonra, Ümumdünya Ticarət Təşkilatı fərqli davranmağa qərar verib. Görünən isə odur ki, məsələ hələ də uzanır və bu gedişlə uzanmaqda davam edəcəyi də istisna edilmir. Dünyada milyonlarla insan xəstəlik səbəbindən həyatını itirib və hələ də proqnozlar ürəkaçan deyil.

Proseslər geosiyasi nizamın necə işlədiyinin, onun təməlinin və alətlərinin nədən ibarət olduğunun sübutudur. Maraqlar tamamilə fərqlidir. Bunun kimin maraqlarına xidmət etdiyi və arxasında nələrin dayandığı da bütün dünyanı düşündürməlidir. Həm də təkcə düşündürməli deyil, qarşısı alınmalıdır ki, ədalət, bərabərlik təmin olunsun. Hazırda isə bunun əksini müşahidə edirik və kimlərinsə, hansısa konkret qrupların maraqlarını təmsil etməyə başladığının tarixi trayektoriyası görünür. Lakin belə olmalı deyil, kimlərinsə maraqlarının təminatı dayandırılmalı və bütün dünya insanlarının maraqlarının təminatı ön planda olmalıdır.

Dünyanın bütün insanları üçün təhlükə olan xəstəliklərlə yanaşı, qlobal böhran, qida təhlükəsizliyi, hətta bütün dünyada taxıl tədarükü belə problemli məsələlərdəndir, hansıki bütün dünyanı məhz bu məsələlər daha çox düşündürməli, həllinin tapılması üçün birləşdirməlidir, parçalamamlıdır. Rusiya ilə Ukryna arasında davam edən müharibə, dünyanın hər iki taxıl ixracatçısı olan ölkələrin taxılı ixrac edə bilməməsi qeyd olunan problemi daha da dərinləşdirir. Amma problemi dərinləşdirmək yox, həllini tapmaq gərəkir, çünki yaxın zamanda hansı çətinliklərin ortaya çıxacağı nəzərə alınmalıdır. Sözsüz ki, taxılın qıtlığı, qida təhlükəsizliyi ilə əlaqədar problemlər, ən azından qiynətlərin bahalaşmsı deməkdir və bu həm də inflyasiyanın sürətlə böyüməsinə, böhranın daha da dərinləşməsinə yol açır.

Dünyada müşahidə olunan iqim dəyişikiyi, qlobal istiləşmə, quraqlıq, su ehtiyatlarının, eləcə də bir sıra təbii resurların azalması artıq həyəcan təbili çalmaq zamanının çoxdan gəldiyini xəbər verir. Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Təbii resursların tükənməsi də kiçik problem deyil. İqlim dəyişməsi planetin bütün bölgələrində müşahidə olunur, təəssüf ki, bu proses getdikcə daha da intensivləşir. Bu barədə Cenevrədə İqlim üzrə Hökumətlərarası ekspertlər qrupunun məruzəsində də qeyd olunur. Məruzənin müəllifləri, daha dəqiq desək, dünyanın 66 ölkəsindən olan 234 ekspert hesab edir ki, bəşəriyyət iqlim dəyişməsinin miqyasını məhdudlaşdırmaq gücünə malikdir və onların fikrincə, atmosferə atılan zərərli tullantılar, o cümlədən istixana qazları əhəmiyyətli dərəcədə azaldılsa, qısa müddətdə havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və qlobal temperaturu sabitləşdirmək olar. "Bu haray qulaqbatırıcı, təqdim edilən sübutlar isə danılmazdır", deyən BMT-nin Baş katibi Antonio Quterreş, İşçi Qrupunun məruzəsini bütün bəşəriyyət üçün həyəcan siqnalı adlandırıb. Deməli, bütün dünya həyəcan təbili çalınan vəziyyətdən xəbərdardır. Elə isə, niyə qlobal problemlərə fokuslanma müşahidə edilmir? İndi dünyada hansısa ölkələri hədəfə alan, ən azından irad bildirən Qərb bu problemlərdən sığortalanıbmı? Qlobal problemlər Qərbə aid deyilmi? Bütün qalan iddiaları bir kənara qoyub dünyanı düşündürən, narahat edən məsələlərin həlli ilə məşğul olunsa, daha doğru olmazmı? İndi bütün dünyada, insan azadlığı, demokratiya və sair dəyərlərdən dəm vuran Qərb həqiqətən də dünya insanı haqqında düşünürsə, ilk növbədə bütün bunları nəzərə almalıdır.

Dünya birdir, eləcə də bölünməzdir. Yaşadığımız planet hamı üçündür. Yaranan problemlər heç kimə təsirsiz ötüşə bilməz. İstər fövqəl dövlət olsun, istərsə də çırtdan dövlət, heç bir ölkə sığortalanmayıb. Problemlər hamı üçün təhlükə deməkdir. Üstəlik, ən yüksək bərabərsizlik dərəcəsi hər kəs üçün təhlükə yaradır. ÜTT-nin hamı üçün vacib olan qərar qəbul etməməsi sübutdur ki, biz çoxtərəfli institutları həqiqətən ümumbəşəri maraqları əks etdirmək üçün transformasiya etməliyik, əks halda qarşıdan gəldiyini bildiyimiz təbii fəlakətlə, eləcə də ağlasığmaz bəlalarla üzləşəcəyik. Elə etmək lazımdır ki, həmin 8 milyardın maraqlarına xidmət edilmiş olsun və bütün nə varsa onlar arasında bərabər bölünsün. Bir sözlə, bəşəriyyətin xilası üçün dünyanı bölmək yox, hər şeyi insanlar arasında bərabər bölmək gərəkir. Hər bir halda, ədalət, bərabərlik təmin olunmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə