Azərbaycanın malik olduğu güclü status dünyada qəbul olunan həqiqətlərdən biridir. ŞƏRH
Azərbaycan yalnız regionun lider ölkəsi deyil, həm də dünyada söz sahibi olan dövlətdir. Azərbaycan artıq uzun müddətdir ki, bir sıra aktual qlobal problemlərin həllində aktiv iştirak edən ölkə kimi tanınmaqdadır. Məhz respublikamızın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri həm regionun, həm də Avropanın neftə və qaza olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan mühüm forumlara evsahibliyi etməklə, beynəlxalq platformalarda dünyada sülhün təmin olunmasına layiqli töhfələr verir. Azərbaycanın bugünkü inkişaf templəri, dünya birliyindəki yeri və nüfuzu, beynəlxalq münasibətlər sistemindəki mövqeyi ölkəmizin tam müstəqil xarici siyasət yeritdiyini, özünün milli maraqlarını uğurla qoruduğunu təsdiq edir. Ölkəmiz Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün bu istiqamətdə mühüm işlər həyata keçirir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin İtaliyaya səfəri bu ölkə ilə yanaşı, Avropa İttifaqı arasında əməkdaşlığın yeni bir mərhələsinin təməlini qoydu. Azərbaycan Avropanın indiki çətin durumunda qitənin qazla təminatına mühüm töhfə verəcək. Avropa İttifaqı Azərbaycanla həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlıq etmək istəyir. Buna ölkəmizin külək enerjisi və "yaşıl hidrogen" sahəsində böyük potensialı imkan verir. Avropa ölkəmizə bu sahədə də böyük ümid bəsləyir. "Qoca qitə"də Azərbaycana gələcəkdə Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini ixrac edən mühüm və etibarlı tərəfdaş kimi baxırlar. Prezident cənab İlham Əliyevin forumdakı çıxışında respublikamızın enerji strategiyası ilə bağlı bütün bu məqamlara nəzər salmaqla bərabər, hazırda Avropanın ciddi ehtiyac duyduğu ölkəmizin təbii qaz potensialını da konkret göstəricilərlə xarakterizə edib. Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumatı diqqətə çatdıraraq, respublikamızın 2,6 trilyon kubmetrə bərabər ehtiyata malik olduğunu, son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanındığını vurğulayıb.
Səfər çərçivəsində dövlətimizin başçısının İtaliya Prezidenti və İtaliya Baş naziri ilə görüşləri, aparılan danışıqlar Azərbaycan–İtaliya münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, yeni bir mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı xüsusi önəm daşıyan əsas hadisələrdən biri isə şübhəsiz ki, İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış”və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və çıxışı idi. Azərbaycan liderinin bu foruma xüsusi qonaq kimi qoşulması da həm ölkəmizə, həm də onun rəhbərinə verilən yüksək qiymətin nümunəsi idi. Azərbaycanın sıx siyasi və iqtisadi əlaqələrə malik olduğu Avropa ölkələrindən biri İtaliyadır. Azərbaycan-İtaliya əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Çünki İtaliya dövləti hər zaman Azərbaycanın milli dövlətçilik maraqlarına böyük hörmətlə yanaşmış və dünya siyasi arenasında ölkəmizi diplomatik istiqamətdə daima dəstəkləmişdir. Xüsusilə qeyd etmək lazımdır ki. İtaliya şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən diqqəti bəzi tarixi məqamlara yönəldən Cənab Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasının mərhələlərə bölündüyünü bildirib. Ötən ay Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu gələcək fəaliyyət üçün yol xəritəsi adlandıran Prezident bu sənədin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox önəmli bir addım olduğunu bildirib. Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin ötürmə qabiliyyəti barədə məlumat verən ölkə başçısı Avropaya təbii qaz ixracının iki dəfə artırılmasının planlaşdırıldığını qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın da beynəlxalq münasibətlər sistemində dövlət kimi davranışları zamanı milli maraqlarını və beynəlxalq hüququ əsas tutduğunu bildirdi. Prezidentin İtaliya səfəri bir həqiqəti yenidən təsdiqlədi ki, Azərbaycan beynəlxalq arenanın nüfuzuna və gücünə görə birmənalı olaraq qəbul olunan, öz sözünü açıq şəkildə ifadə edən dövlətlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyev bu gün dünya liderləri sırasında uğurlu siyasəti və qətiyyəti ilə ölkəsini yüksək səviyyədə təmsil edir. Hazırda Azərbaycan özünün siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır. Tarixə dövlətçiliyimizin qızıl dövrü kimi düşəcək bu yüksəlişin tək müəllifi isə Prezident İlham Əliyevdir.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB