Ermənistan üçün TARİXİ ŞANS - TƏHLİL

Ermənistan üçün TARİXİ ŞANS - TƏHLİL

Bütün dünya görür və qəbul edir ki, Ermənistan çox zəif, gücsüz bir dövlətdir və bu dövlətin də başında zəif bir hökumət var, hansıki doğru qərarlar qəbul etməkdə belə acizdir. Görünür ki, hakimiyyətdə olan Nikol Paşinyan və onun komandası çox cılız, yox dərəcəsində olan, elektoratı sıfır həddində olan müxaliətdən çəkinir, hətta bərk qorxur. Əks halda, Ermənistan hakimiyyəti ən azından, imzaladığı 2020-ci il 10 noyabr tarixli razılaşmaya uyğun addımlar atmaq cəsarətində olduğunu nümayiş etdirə bilərdi, amma bunun əksini müşahidə etməkdəyik.

Azərbaycanın qələbəsi, əldə etdiyimiz Zəfər Ermənistanı diz çokməyə vadar etdi və çıxılmaz vəziyyətdə, məcburiyyət qarşısında qalan məğlub ölkə 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya sənədinə imza atmaqla, təslim olmaqla, razılaşmaya getməklə tamamilə məhv olmaq təhlükəsindən yaxa qurtara bildi. Çox böyük itgilərlə qarşılaşan, bütün imkanları tükənən, Azərbaycanla savaşa cəmi 44 gündən artıq davam gətirə bilməyən Ermənistanın çıxış yolu qalmadığından razılaşmanı təcili şəkildə qəbul etdi və bu vəziyyət erməni cəmiyyəti üçün göydəndüşmə oldu, çünki bu, yeganə xilas yolu idi. Erməni xalqının artıq avantüristlərin işğalçı siyasətinə qurban vermək, başqalarının torpaqlarında döyüşərək səbəbsiz yerə həlak olmaq üçün əsgər göndərməyə gücü qalmamışdısa, deməli sözügedən saziş yeganə çıxış yolu, xilas sayılırdı ki, mövcudluğu tarixində Ermənistan ilk dəfə olaraq həmin doğru addımı atdı. Buna baxmayaraq, müharibə bitdikdən sonra yenə də həmin o avantüristlər öz mənafeləri naminə, hansısa çirkin niyyətlərini yeritmək məqsədi ilə kütləni, Ermənistan ictimaiyyətini qızışdırmaq üçün bu dəfə də revanşist fikirlərlə ortaya atıldı, çəmiyyəti çaşdırmaq, azdırmaq üçün fəlaliyyətə keçdi, ölkə hakimiyyətini də hədəfə aldı və qeyd etdiyimiz kimi, zəif olan Ermənistan hakimiyyəti də bundan ehtiyatlanaraq, hətta qorxaraq, qətiyyətli addımlar atmaqda tərəddüd etdiyini nümayiş etdirdi. Buna baxmayaraq, yəni Ermənistan hakimiyyətinin hansı vəziyyətdə olub-olmamasından, bu hakimiyyətin daxildəki vəziyyətdən necə qorxmasından asılı olmayaraq, özünün könüllü şəkildə, hətta tez-tələsik imzaladığı sənədə uyğun hərəkət etməsi, yəni razılaşdığı bütün şərtləri yerinə yetirməsi tələb olunur və Ermənistan bir dövlət olaraq beynəlxalq hüquq qarşısında buna görə cavabdehdir. Bir sözlə, vəziyyətin necə olmasından asılı olmayaraq, təkcə Azərbaycan tərəfi deyil, bütün dünya Ermənistandan razılaşmaların ruhuna uyğun addımlar atmasını nəinki gözləyir, hətta tələb edir və bu məsələdə də ölkəmiz haqlıdır, hansıki bu haqqı da qlobal müstəvidə müdafiə olunur.

“Biz sülh sazişinin əsas götürülməli olduğu 5 əsas prinsip irəli sürdük və Ermənistan onları qəbul etdi”, deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində vurğulayıb. Bu sözlər Ermənistan üçün növbəti bir xatırlatma və hətta mesajdır. Eyni zamanda, həmin ifadələr Ermənistan rəhbərliyinin Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olacağına əmin olan bir dövlət rəhbərinin, siyasi iradə sahibinin, Ali Baş Komandanın qətiyyəti idi. Bəli, Azərbaycan Prezidenti dünyaca məşhur olan mətbuat səhifəsinə bu açıqlamanı çox incə bir şəkildə verdi və Ali Baş Komandanın verdiyi açıqlama nəinki Ermənistan hakimiyyəti, bütövlükdə erməni cəmiyyəti üçün xəbərdarlıqdır və zəif hakimiyyəti olan zəif bir dövlətin hər bir vətəndaşı belə bu xəbərdarlığın mahiyyətini çox yaxşı başa düşür, çünki ölkə rəhbərimizin qətiyyətinə, siyasi iradəsinə bələddirlər.

Qarşılaşdığı problemə, arzuolunmaz vəziyyətə görə, Ermənistan cəmiyyətinin timsalında cəmiyyətin yalnız mövcud hakimiyyəti günahlandırması düzgün yanaşma deyil. Ermənistan hakimiyyətinin, Paşinyanın günahsız olduğu qənaətində əsla deyilik və bilirik ki, bu hakimiyyətin, erməni baş nazirin yetərincə günahları, səhvləri var, amma bu ölkənin düşdüyü çətin duruma, qarşılaşdığı problemə görə həmin ölkənin hazırki hakimiyyəti də yeganə günahkar deyil. İşğalçı ölkənin qarşılaşdığı problemlərin kökündə məhz yürüdülən işğalçılıq siyasəti, başqalarına məxsus olana göz dikmək, beynəlxalq norma və prinsipləri hesaba almamaq, eləcə də avantüristlərin, manipulyatorların öz mənafeləri üçün, çirkin niyyətlərini reallaşdırmaları üçün erməni xalqını alət etməsidir. Bu zamana qədər erməni xalqı alət olaraq istifadə edilib və vəd edilən qızıl dağlara aldananlar çirkin niyyətlilərin qurbanına çevrilib, hansıki düşdükləri acınacaqlı durum da məhz buna görədir.

Başlarına gələnlərə görə yalnız Nikolu günahlandırmaq, onu hədəfə almaq çox asan, bəsit yanaşmadır və yanlışlıqdır. Ermənistanın indiki, son dərəcə zəif və qibtə olunmaz vəziyyətə düşməsinin səbəbini anlamaq daha doğru, daha düzgündür. Doğru, düzgün olan, əlbəttə ki, Ermənistanın onilliklər ərzində tutduğu və getdiyi yanlış yolu dərk etmək, bundan çəkinməkdir. Ötən əsrin sonlarında, 90-cı illərin əvvəllərində Azərbaycanla müharibə aparan və ölkəmizi məğlub etdiyini düşünənlər böyük yanlışlığa yol verdilər. Hətta, özləri özlərini əmin etdilər ki, guya əldə etdikləri qələbələri əbədidir və Azərbaycan məğlubiyyətlə barışıb. Bəllidir ki, o dövrün qarışıqlıqları, xaos, Azərbaycanda səriştəsiz hakimiyyətin, yaxud hakimiyyətsizliyin olması erməni işğalçıları üçün münbit şərait demək idi və bundan istifadə edərək həmlə edən separatçılar torpaqlarımızın işğalına nail ola bildilər, amma bunun əbədi olmayacağını anlaya bilmədilər. Elə zənn etdilər ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq qədər güclü ola bilməyəcək və belə düşünməkdə belə səhv etdilər. Bu zamana qədər erməni cəmiyyəti reallığı eşitməkdən və anlamaqdan imtina edərək reallıqlara deyil, illüziyalara meyl etdi və bunun səhv olduğu dərk edimədi. Dərk edilmədi ki, Azərbaycan doğru, düzgün siyasət yürüdəndə, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, müdrikliyi ilə “Əsrin müqaviləsi” imzalananda artıq Ermənistan uduzmuşdu və ölkəmizin Qələbə günü, Zəfər günü, onların isə məğlubiyyəti gözlənilirdi. İqtisadi və siyasi cəhətdən günü-gündən güclənən Azərbaycanın imkanlarını, qüdrətini Ermənistan düzgün qiymətləndirmədi və bunun onlar üçün hansı nəticələrə gətirib çıxarılacağını anlamaqda çətinlik çəkdi. Bu işğalçı ölkənin bütün hakimiyyətləri özlərini elə aparırdılar ki, sanki onlar üçün hansısa aydın və aşkar təhlükə yoxdur. Əslində, Ermənistan ictimaiyyətini, bütövlükdə erməni cəmiyyətini inandırdılar ki, guya orduları güclü və yenilməzdir, dünya onların tərəfindədir, Azərbaycan isə çox zəifdir. Bəli, yalan danışdılar və erməni cəmiyyəti onlara inandı. Bu yalana inanmaq da ermənilər üçün xoş, rahat və sərfəli göründü, necə ki, Nikol və onun komandasının dediklərinə, daha doğrusu uydurduqlarına inanmaqda da eyni dərəcədə rahatlıq hiss etdilər. Elə zənn etdilər ki, beli çantalı küçə nümayişçisinin qondardığı yalançı demokratiya və uydurduğu demokratiyanın qələbəsi iddiası Ermənistan üçün bütün demokratik dünyadan dəstəyin, bununla da təhlükəsizliyinin təminatıdır, amma bu baş vermədi. Əvvəla ona görə ki, Ermənistanda demokratiyadan əsər-əlamət yox idi və Paşinyan da xalqını demokratiya oyunu ilə aldadırdı. Bir növ, Qarabağ klanından fərqli olaraq, bu hakimiyyət də demokratiya komuflyajı geyinərək erməni xalqını alət etdi və bunu da bütün dünya, özlərinin dediyi kimi, demokratik dünya yaxşı görürdü. Digər tərəfdən də bütün dünya Ermənistanın yanlış siyasət yürütdüyünün, işğalçılığı dövlət siyasətinə çevirdiyinin, beynəlxalq hüququn norma və prinsplərini tapdaladığının, haqsızlığının, qanunsuzluğunun şahidi idi və burada hansısa dəstəkdən söhbət belə gedə bilməzdi. Əksinə, Azərbaycanın haqlı tərəf olduğunu, BMT-nin 4 qətnaməsi də daxil olmaqla, bütün beynəlxalq hüquqi normalar təsdiq edirdi və ölkəmizin haqq işi uğrunda, tarixi ədalətin bərpası, bərqərar olması uğrunda mübarizəsinə qarşı gəlmək mümkünsüz idi və belə də oldu. Haqqın, ədalətin qələbəsi, Azərbaycanın qələbəsi labüd idi və Zəfər günü gözlənilən gün idi, hansıki bunu da Ermənistan tərəfinin anlamaması, dərk etməməsi, nəzərə almaması böyük səhvi sayılır.

Nəhayət, Ermənistanda vəziyyət necədir? İndi hər şeydə mövcud hakimiyyəti günahlandırmağın, hakimiyyət dəyişikliyini tələb etməyin mənası varmı? Ermənilər ölkədə hazırki hakimiyyəti dəyişməklə nəyi isə dəyişə biləcəklərmi? Bilməyəcəklər. Hakimiyyət dəyişikliyi heç nəyi dəyişməyəcək. Elə isə, hansı addımlar atılmalıdır? Hansı yol doğru yol hesab olunur? Əlbəttə ki, ilk növbədə ermənilər ən azından mövcudluqlarını qorumaq üçün aldadılaraq beyinlərinə yeridilən stereotipləri sındırmalı, aradan qaldırmalıdırlar. Ermənistan ərazi iddialarından əl çəkməli, işğalçılıq siyasətinə son qoymalı, imkanları və güclənməsi üçün normal qonşuluq siyasəti yürütməli, qonşu dövlətlərlə sülh şəraitində yaşamalıdır ki, bölgədə marginallaşmış vəziyyətdən çıxa bilsin. Belə olmasa, nəinki hansısa inkişafdan söhbət gedə bilməz, hətta məhv olmaqdan qurtulmaq belə ermənilər üçün möcüzə hesab oluna bilər.

Ermənistan üçün böyük imkan, tarixi bir şans var və bu ölkənin qurtuluşu qonşu ölkələrlə, xüsusən də bölgənin lider dövləti olan Azərbaycanla münasibətlərini normallaşdırmaqdan keçir. Sülh müqaviləsinin bağlanması ermənilər üçün yeganə xilas yoludur. Tarixi şans dedikdə də məhz bu nəzərdə tutulur. Belə bir imkandan istifadə edilməzsə, bu, Ermənistanın, bütövlükdə erməni cəmiyyətinin növbəti və bağışlanılmaz səhvi olar. Bu səhvin hesabı isə daha ciddi şəkildə sorula bilər və ola bilsin ki, belə bir səhv ermənilərin sonunu gətirər, Ermənistan dövlətini tarixin arxivinə yazar. Məhz tarixin arxivinə yazılmamaq üçün hazırda Ermənistanın sülh sazişi kimi tarixi bir şansı var və bundan, bu şansdan istifadə etməzsə, əvvəlki səhvləri qədər böyük səhvə yol vermiş olar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə