“ADEX” və “Securex Caspian” sərgiləri: müdafiə sənayemizin uğurlu perspektivləri ANALİTİK
Bu kimi mühüm tədbirlər müzəffər Ordumuzun Vətən müharibəsindəki Qələbəsində müstəsna rol oynamış müasir silahlarımızın əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir
IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün mühüm platformaya çevrilməsi ilə yanaşı, Azərbaycanın dünya ölkələrinin müdafiə sənayeləri arasındakı yerini və rolunu möhkəmləndirir.
Əbəs deyil ki, “ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb və sərgilərin keçiriləcəyi üç gün ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, pilotsuz sistemlərinin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və digər aktual mövzular üzrə sessiyalar keçirilir.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri ən çox baxılanlar sırasındadır
Bakıya səfər etmiş dünyanın aparıcı hərbi sənaye ölkələrinin nümayəndələri Azərbaycanın hərbi-sənaye kompleksinin gücü və qüdrəti ilə yaxından tanış olublar. Belə ki, “ADEX” sərgisi müzəffər Ordumuzun Vətən müharibəsindəki Qələbəsində müstəsna rol oynamış müasir silahlarımızın əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir.
O cümlədən, sərginin iştirakçıları arasında Azərbaycanla yanaşı, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri də var. Habelə iştirakçılar arasında sərgidə öz hərbi məhsullarını nümayiş etdirən ilk ölkələr də var. Artıq “ADEX”də Türkiyə, Rusiya, İsrail, Pakistan, Qazaxıstan, İran və digər ölkələr milli stendləri ziyarətçilərin ixtiyarına buraxılmışdır.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri ən çox baxılanlar sırasındadır. O cümlədən, Türkiyə və İsrail stendləri də diqqət mərkəzində saxlanılmaqdadır. Ziyarətçilər Azərbaycanın müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə yanaşı, digər ölkələrin də hərbi-sənaye və müdafiə xarakterli məhsulları ilə tanış olurlar.
“ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub. Məlumat olaraq bildirilib ki, müasir silah və texnikanın nümayiş etdirildiyi bu genişmiqyaslı tədbir pandemiyanın yaratdığı məcburi fasilədən sonra yenidən keçirilir. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunur.
Daha bir əhəmiyyətli məqam budur ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də sərgidə fəal iştirak edir. Fəaliyyət illəri ərzində ANAMA ölkə daxilində və xaricində bir sıra layihələr həyata keçirib. Agentlik hazırda işğaldan azad edilən Qarabağda mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları həyata keçirir.
Artıq indidən də bəllidir ki, “ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB