Ötən ayın son günləri yaddaşlarda Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin araçılığı ilə növbəti görüşün keçirildiyi gün kimi qaldı. Bəzən sual verilir, bu görüşlər əvvəlkilərdən nə ilə fərqlənir, formatı dəyişən bu görüşlər yenəmi adət halını alacaq, görəsən ATƏT-in Minsk qrupunun yerini Aİ tutmayıbmı, nəticə fərqli olacaqmı və s., və ilaxır. Qeyd edək ki, ümumiləşdirilmiş bu suallar da haqlı verilir. Atalar məsəlidir, deyir “ilan vuran ala çatıdan qorxar”. Azərbaycan cəmiyyətində beynəlxalq təşkilatlara, aradüzəldənlərə, vasitəçilərə bir o qədər də inam qalmayıb. Ona görə də hər ortaya durulana inanmırlar. ATƏT-in Minsk qrupu və onun həmsədrləri 25 il regiona boş-boşuna ayaq döydülər, münaqişənin həlli ilə bağlı prinsiplər çeşidli olsa da, yalnız işğalçı dövlətin maraqlarını təmin edən təkliflər səsləndi, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmadı…
Budəfəki görüş son 3 görüşdən fərqli bir cəhəti ilə fərqlənməsə də, aparılan danışıqların məzmunundan, görüşdən sonra mətbuata verilən açıqlamalardan da görünürdü ki, məzmun və məna başqadır. Dövlətimizin başçısı İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə təşkilatçının tərəfsiz, qərəzsiz olmasını, beynəlxalq hüququ olduğu kimi qəbul etməsini mühüm factor kimi qəbul etmək lazımdır. Bütün danışıqlarda bunun çox böyük önəmi var. Məhz bu səbəbdən Azərbaycan da bu formata üstünlük verir.
Görüşdən sonar Şarl Mişelin keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalardan da görünürdü ki, əldə edilən nəticələr də əvvəlkilərdə köklü şəkildə fərqlənir. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələdə razılığın əldə olunması, 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığı yeni xəbərlər sırasındadır və irəliyə atılmış böyük addın sayıla bilər. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxildir.
Əslində Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanması təşəbbüsü ilə çıxış etmişdi, hətta Soçi görüşündə də bununla bağlı razılaşma olmuşdu, amma qarşı tərəfin qeyri-ciddi davranışı, konstruktivlikdən uzaq addımları prosesə zərər vurdu. Bu da səbəbsiz deyildi. Əvvəla Ermənistan hakimiyyətinin başı zatən məğlubiyyət acısını həzm etməyə məşğulkən daxili proseslər də Paşinyan kabinetinin əlehinə cərəyan edirdi. Üstəlik hakimiyyətin müstəqil siyasət yürüdə bilməməsi, xarici təsirlərdən asılı olması konkret fikirlər səsləndirməyə, reallığı qəbul etməyə mane olurdu. Ona görə də ilk görüşlər sanki tanışlıq xarakteri daşıyırdı, inam və etimad sınağa çəkilirdi.
Vasitəçiliyin kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq baş tutan hər görüşdə irəliyə çətinliklə də olsa addımlar atıldı. Son görüş sayca yeddinci idi. Və hər görüş sanki Ermənistanı yeni təkliflərə hazırlayırdı. Beləliklə, Brüssel görüşü sülhə doğru iri bir addımın atılması ilə yadda qaldı. Bəs Ermənistan necə, bütün bu təkliflərdən, müzakirələrdən sonra reallığı qəbul etməyi düşünürmü, yoxsa yenə də manipulyasiya metodunu işə salıb? Üzdə razılıq əlamətlərini büruzə verir, arxada daxili auditoriyaya hesablanmış gedişlər edir? Nə deyirik, etsin, amma əldə eilən razılaşmaya xələl gətirəcək addımlardan çəkinsin. Əgər müxalifətdən qorxursa, üzərinə götürdüyü yükün altında çapalayırsa və bunu gizləməyə, faş etməməyə şüurlu şəkildə çalışırsa, yenə bir söz demirik, əsas razılaşmaya dönük çıxmamaqdır.
Brüssel görüşü həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün texniki məsələlərin həllinə start verilməsi kimi də qeyd etmək olar. Həm də Brüssel görüşündə əvvəlki format da yox idi. Yəni görüşdə XİN başçıları və Ermənistanın təhlükəsizlik şurasının sədri, Azərbaycan Prezidentinin köməkçisinin də iştirakı təmin edilmişdi ki, bu da sənədlərin hazırlanması üçün konkret addımların atılacağına işarə idi. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılması o demək idi ki, sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Brüssel görüşündə həm də Ermənistan və Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması məsələsi müzakirə edilib. Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlasa da, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapılması üçün cəhdlər edilsə də, bu nəqliyyat infrastrukturunun bütün region ölkələri üçün böyük əhəmiyyət daşıdığı barədə silsilə arayışlar verilsə də Ermənistan tərəfi hələ də susmaqda, tərəddüd içində olduğunu büruzə verməkdədir. Sanki bu ölkənin mizan-tərəzisi itib, “dəmir yumruq”dan hələ də ayılmayıb. Bütün müharibələrin sonunda bir məğlub, bir də qalib tərəf olur. Azərbaycan 30 illik işğala son qoydu, hərbi yolla torpaqlarını Ermənistan silahlı qüvvələrinin caynağından zorla çəkib qopardı. Danışıqlarda vasitəçi olan Minsk qrupu ilə birgə Qarabağın status da “cəhənnəmə” göndərildi.
Şarl Mişelin Bəyanatında da bu vurğular da aydın sezilirdi. Bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun adının keçməməsi də mühüm məqamlardandır. Azərbaycan Prezidenti “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını dəfələrlə vurğulayıb. Deməli, proses Azərbaycanın müəyyənləşdirdiyi gündəm üzrə inkişaf edir. Digər biir diqqətçəkici məqam isə Brüssel görüşündə və Aİ Prezidentinin Bəyanatında son vaxtlar Fərrux kəndi ətrafında yaşanan gərginliyə toxunulmamasıdır. Buradan belə nəticə çıxarmaq olar ki, Avropa İttifaqı da, onun lideri də Qarabağda baş verənlərin artıq Azərbaycanın daxili işi kimi qəbul edir.
4 saat yarımdan artıq davam etmiş Brüssel görüşü belə bir reallığı da bizə çatdırdı ki, Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar mexanizmi, formatı yarandı. Əslndə belə də olmalıdır. Birbaşa danışıqlarda tərəflər qaranlıq qalan məsələləri vasitəçilərsiz həll edə biləcəklər. Minsk qrupunun həmsədrləri isə həddindən artıq primitiv danışıq format seçmişdilər. Bir mövzu, yaxud sorğunun cavabının qarşı tərəfdən alınması üçün əvvəlcə, həmsədrlər bir araya gəlir, sonar tərəflərin XİN təmsilçiləri məşvərətə toplanır və daha sonra prezidentlər vasitəçilərlə birgə formal görüş keçirib işlərini bitmiş hesab edirdilər. Bu da həm vaxt aparırdı, həm də effektsiz iş alınırdı. Danışıqların bu platformaya keçirilməsi Azərbaycan üçün də məqbuldur. Ona görə ki, Avropa İttifaqı qərəzsiz tərəfdir, üstəlik də Azərbaycanın və Aİ-nin bir-birinə qarşılıqlı etimadı var.
Bəs Ermənistanın hərəkətlərinə rəğmən, demək olarmı ki, İrəvan adekvat addımlar atacaq, reallığı dərk edəcək və ona təklif olunanları səmimi qəbul edəcək. Hadisələrin gedişi göstərir ki, hələlik Ermənistandan bu addımın işartılarını görmürük, sanki bu ölkəni yalnız zorla, məcburən sülh prosesinə qoşmaq lazımdır, başqa yanaşmanı qəbul etmir. Bu gün Azərbaycanın da, Avropa İttifaqının da qarşısında duran ən vacib məsələ Ermənistanın Brüssel razılaşmalarından yayınmamasıdır. Çünki bu ölkə əvvəllər də belə addımlar atıb, bir növ öyrəncəlidir…
Əliyev-Mişel-Paşinyan görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının növbəti qələbəsi hesab edilməlidir. Habelə, Brüssel görüşündə ümumiyyətlə həmsədrlər instititutuna şans verilməməsi ömrünü başa vurmuş bu təsisatın dirçəldilməsi istiqamətində uğursuz səylərə də tutarlı cavab oldu. Proses Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər bu reallıqlar əsasında qurulmalıdır və başqa çıxış yolu yoxdur, çıxış yolu Azərbaycanla hesablaşmaqdır. Əks təqdirdə bu ölkə yenə də acınacaqlı duruma düşəcək. Avqustun 3-də keçirilən “Qisas“ əməliyyatı ilə Azərbaycan bir daha göstərdi ki, heç bir halda güzəştə getməyəcək, təxribatlara da sərt və qətiyyətli cavab verəcək.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB