Mövcud geosiyasi reallıq ondan ibarətdir ki, həqiqətən də Ermənistanın artıq arxalanacağı heç bir güvənc yeri, dayaq biləcəyi heç bir qüvvə yoxdur. Bu zamana qədər ermənilərin arxa, dayaq saydıqları da dünyanın yeni reallıqları ilə artıq barışıblar və belə bir vəziyyətdə onlar kömək etmək, dəstək olmaq üçün heç bir imkana sahib deyillər, çünki ermənilərin işğalçı və nəticə etibarı ilə haqsız olduqları növbəti dəfə isbat olunub. Artıq 44 günlük müharibə vaxtı kimin doğru, eləcə də müharibədən sonrakı zaman ərzində kimin haqlı, kimin haqsız olduğu üzə çıxıb və bütün dünya həqiqəti, reallığı etiraf etməkdədir.
Brüsseldə Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında üçtərəfli görüş oldu. Bu görüşün nə ilə yadda qaldığı hər kəsə məlumdur. Bununla belə, həmin görüş barədə, onun nəticələri barədə hələ çox müzakirələr olacaq, bütün təfərrüatları açılaraq ortaya qoyulacaq. Erməni əsilli politoloqlar belə müxtəlif yanaşmalarla çıxış edirlər, çünki bu görüşün maraqlı və diqqəti cəlb edən məqamları kifayət qədərdir. Məsələ burasındadır ki, ermənilər, ümumilikdə erməni cəmiyyəti görüşün təfərrüatlı nəticələrinin hələ müzakirə edilməli olduğu qənaətindədir. Bununla belə, görüşün Ermənistanın xeyrinə bitmədiyini qəbul etmək üçün kifayət qədər əsaslar var və bunu ermənilər özləri də etiraf edirlər.
Sözügedən görüşdə Ermənistan tərəfinin arzuladığı dırnaqarası “status” məsələsi heç müzakirə də olunmayıb. Bunu dünyanın bir çox mətbuat səhifələri də xüsusilə vurğulayır və bu, heç də əbəs yerə, yaxud əsassız deyil. Əvvəla, ona görə ki, bütün dünya Ermənistanın həmin o dırnaqarası “status” iddiasının əsassız olduğunu etiraf edir. Digər tərəfdən qəbul edilir ki, bu bir uydurmadır və haqqında danışığa belə ehtiyac duyulmayıb. Ən əsası isə, Brüssel görüşü həmin məsələdə də Ermənistanın deyil, Azərbaycanın haqlı olduğu qənaətinə gəlmək üçün real mənzərədir və bunu da bütün dünya çox yaxşı görür. Görünən reallıq isə, təbii ki, mətbuat səhifələrində də öz əksini tapir, hansıki bu, erməniləri bərk qıcıqlandırır.
Həmçinin Ermənistanın qondardığı “hərbi əsir” söz-söhbətinə də görüşdə məhəl qoyulmayıb. Bu isə ondan xəbər verir ki, ümumiyyətlə, Avropa bu məsələni qəbul etmir. Müharibə bitdikdən sonra hardansa baş qaldıran, separatçılıqla, terrorçuluqla məşğul olan, təxribatlar törətmək üçün fəaliyyət göstərənlər Avropa üçün də elə terrorçu, separatçı, təxribatçı hesab olunur və burada Ermənistanın nə istəməsi, nə arzulaması nəzərə belə alına bilməz. Sözsüz ki, hər dəfə Ermənistan tərəfi hərbi əsirlərin olduğunu iddia edəndə Azərbaycan da öz növbəsində onların hərbi əsir deyil, terrorçu, separatçı, təxribatçı olduğunu bəyan edib. Artıq Brüssel görüşü göstərdi ki, Avropa, hətta bütün dünya Azərbaycanın bəyan etdiyi həqiqətlər qarşısında hansısa əks mövqe sərgiləmək fikrində deyil. Daha dəqiq desək, Azərbaycanın bu məsələdə də haqlı olduğu bir növ, yenə də etiraf edilir.
Ən nəhayət, görüşün sonuna qədər ATƏT-in Minsk qrupundan söz açılmayıb. Bu da təsadüfi deyil. Bilirik ki, uzun zaman idi, daha dəqiq desək, ələlxüsus 44 günlük müharibə bitdikdən sönra ermənilər durmadan ATƏT-in Minsk Qrupunun bir də müdaxilə etməsi üçün, həmin qurumun fəaliyyət göstərməsi, məsələyə qarışması üçün əldən-ayaqdan gedirdilər. Burada məqsəd bəlli idi. Əsas məqsəd o idi ki, 30 ilə yaxın məsələni uzadan, problem daha da dərinləşdirən ATƏT-in Minsk Qrupu yenə də prosesləri uzatsın, daha da dərinləşdirsin. Bu, ermənilərə sərf edən məqam olmalı idi və bunun üçün çalışırdılar. Bunu da nəinki Avropada, bütün dünyada bilməyən yox idi. Məsələ burasındadır ki, Azərbaycan tərəfinin də hər dəfə qeyd etdiyi kimi, ATƏT-in Minsk Qrupunun artıq nəinki məsələyə müdaxilə etmək imkanında, eləcə də halında olmadığını deməli, bütün dünya qəbul edir. Eyni zamanda qəbul edilir ki, ATƏT-in Minsk Qrupunun artıq heç bir rolu və funksiyası qalmayıb. Çünki Azərbaycanın problemi özü həll etdiyini, daha doğrusu “Qarabağ problemi” deyilən problemin qalmadığını hər kəs qəbul edir və bu halda hansısa quruma sözsüz ki, ehtiyac qalmıq. Bir sözlə, Azərbaycanın yaratdığı yeni reallıqlardan biri də, ATƏT-in Minsk Qrupuna ehtiyac qalmadığı beynəlxalq aləmdə qəbul edilir.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Brüsselin sülhməramlı səylərini “psevdotəşəbbüs” adlandırıb. Təbii ki, Zaxarovanın nə deməsi, necə düşünməsi görüşün qarşısını alacaq məqam deyildi və görüş baş tutdu da, baxmayaraq ki, görüş Ermənistan üçün heç də sərfəli deyildi. Maraqlı məqamlardan biri də odur ki, Ermənistan üçün belə formatdan imtina etmək mümkün olmadı. Doğrudur, bu ayrı bir müzakirə mövzusudur və bununla bağlı geniş fikir mübadilələri, ümumiyyətlə, fikirlər var. Amma ən əsası, bir şey aydındır ki, bölgədi artıq yeni reallıqlar yaranıb və bu reallıqlar qarşısında Ermənistan bu zamana qədərki ərköyünlüyünü edə bilmir. Görüşdən də təbii ki, imtina etmək bu reallığın fonunda Ermənistana müyəssər olmayıb.
Daha bir reallıq ondan ibarətdir ki, qonşu dövlət olan və ermənilərin də güvəndiyi İran məsələyə bu zamana qədər nə müdaxilə edə bilməyib, nə də bu ölkənin mövqeyi nəzərə belə alınmayıb, hansıki bunu da Brüssel görüşündə gördük. Gördük ki, Azərbaycan nəinki İran, hətta ABŞ və Fransanın belə mövqeyindən asılı olmayaraq öz tələbləri ilə çıxış edir, haqlı olduğunu bəyan edir və bu da Avropada qəbul edilir, bu mövqeyimizə də hörmətlə yanaşılır. Müharibənin bitməsindən az qala iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanın özünə müttəfiq hesab etdiyi İran proseslərə, Azərbaycanın tələblərinə heç bir şəkildə mane ola bilmir. Avropa İttifaqında da Azərbaycanın mövqeləri artıq dəstəklənir və mövqelərimiz daha da möhkəmlənir. Bunu da Brüssel görüşü, bu görüşün gedişi bir daha təsdiq etdi. Təsdiq etdi ki, əvvəla, Avropa üçün Azərbaycan daha böyük maraq dairəsində olan ölkədir. Digər tərəfdən də təsdiq etdi ki, Azərbaycan həqiqətləri, ölkəmizin haqq işi, tarixi ədalətin bərpası, BMT-nin məlum Qətnamələrinin real icrası istiqamətində gördüyü praktik işlər artıq qəbul olunur. Qəbul olunur ki, Azərbaycan bölgədə yeni reallıqlar yaradıb.
Bu da bir reallıqdır ki, indi dünya ölkələrinin, ələlxüsus inkişaf etmiş, hegomonluq iddiasında olan ölkələrin əksəriyyətinin yetərincə problemi var. İranın özü Rusiyanı zəifləməsini gözləyir və bu fonda da Qərblə sövdələşməyə hazırdır. ABŞ kimi bir ölkə üçün iqtisadi məsələlərə görə Çin düşmən gözündə görünür. Çin də az problemlərlə üz-üzə deyil. Rusiya da bir hesablaşılan dövlət olmasına baxmayaraq, indi çətin durumdadır. Ukrayna ilə müharibə bu ölkəyə kifayət qədər ziyan vurub. Sanksiyalar Rusiyanı kifayət qədər titrədib. Bir sözlə, hər kəs öz problemləri ilə məşğuldur və bu problemlər kifaət qədərdir, bitməz, tükənməzdir. Belə olan halda, Ermənistan adlı hansısa bir cırtdan dövlət kimlərinsə, hansısa ölkələrin maraq dairəsində əlbəttə ki, ola bilməz.
Faktlar kifaət qədərdir. Dünya düzənində yeni reallıqlar ortaya çıxıb, hansıki bu reallıqlar göz önündədir və bunları təkzib etmək olmaz. Heç dünya da bu reallıqları təkzib etmir, sadəcə bu reallıqlara məntiqi baxış tələb olunur. Rusiya-Ukrayna müharibəsinin fonunda bütün dünyanın iqtisadi çətinliklərlə üzləşdiyi, qlobal böhranın, ələlxüsus taxıl tədarükü ilə bağlı ağır vəziyyətin yarandığı etiraf edilir və çətinliklər reallıq olaraq qəbul edilir. İndi əsas taxıl istehsalçısı olan Rusiya və Ukraynanın müharibə etməsi taxıl tədarükü məsələsində qlobal problem yaradıb və bunu hamı da çox yaxşı bilir. Hamı çox yaxşı bilir ki, qida təhlükəsizliyi məsələsi heç zaman olmadığı kimi diqqət mərkəzindədir və müvafiq problemlə əlaqədar tədbirlər görülür. Görəsən, Ermənistan bir dövlət olaraq bu reallıqları dərk etmək məcburiyyətində olduğunu anlayırmı? Yəni, yeni reallıqlara artıq məntiqi baxış gərəkir və ələlxüsus da Ermənistan üçün belə bir baxış olduqca vacibdir, qaçılmazdır. Yeni reallıqların qəbul edilməsi, onlara uyğun doğru addımların atılması indi Ermənistan üçün daha çox lazımdır, əks halda bu ölkənin fəlakətləri biri-birini əvəz edə bilər. Qlobal böhran, qida təhlükəsizliyi məsələləri, taxıl qıtlığı inkişaf etmiş ölkələrdə, ümumiyyətlə, bütün dünyada rezonans doğurduğu halda, Azərbaycanla müharibədən məğlub çıxmış, itgiləri hədsiz dərəcədə olan, səfalət içərisində inləyən bir dövlət, yəni Ermənistan məsələlərə, yeni reallıqlara məntiqi şəkildə baxmazsa, yanaşmazsa çox ağır nəticələrlə qarşılaşacağının fərqində olmalıdır. Ümumiyyətlə, dünya düzənindəki yeni reallıqlar məntiqi baxış tələb edir və adekvat addımların atılması gərəkir. İstər qlobal problemlər, istərsə də mövcud vəziyyətə uyğun məntiqi nəticə çıxarılması, buna müvafiq addımların atılması ən doğru yoldur. Mövcud reallıqlar, yəni həm dünyanın siyasi mənzərəsi, həm də iqtisadi məsələlərlə bağlı real vəziyyət, qlobal təhlükələr düşünülmüş, doğru istiqamət tələb edir ki, ələlxüsus, Ermənistanın timsalında səfalət içərisində olan hərhansı dövlət bunu mütləq şəkildə nəzərə almalıdır və yeni reallıqlara məntiqi baxış məhz bundan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB