"Ermənistan öz terrorçu mahiyyətinə sadiqlik nümayiş etdirir" - HƏRBİ EKSPERT AÇIQLADI

"Ermənistan öz terrorçu mahiyyətinə sadiqlik nümayiş etdirir" - HƏRBİ EKSPERT AÇIQLADI

"Ermənistan tərəfi yenə də öz ideyasından əl çəkmək niyyətində deyil. Ermənistanın həyata keçirdiyi mina terroruna beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin səssiz qalması başadüşülən deyil və birmənalı şəkildə qəbuledilməzdir". Bu fikirləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Onun sözlərinə görə, dəfələrlə beynəlxalq səviyyədə aparılan danışlarda Ermənistana xəbərdarlıq edilib ki, Azərbaycan ərazilərində olan minaların xəritələrini versinlər: "Onların verdiyi mina xəritələrinin demək olar ki, hamısı yanlışdır. Ermənilər mina xəritələrini verməməkdə israr edirlər. İşğaldan azad olunmuş ərazilərdə minaların basdırılması vətəndaşların öz vətənlərinə qayıtmasına əngəldir. İşğaldan azad olunmuş ərazilərimizdə yaşayan erməni vətəndaşları oradan köçmək üçün vaxt istəyiblər. Amma Ermənistan tərəfi bu imkandan da məkrli məqsədlə istifadə etdi. Onlar həmin müddətdə torpaqlarımıza çoxlu sayda yeni minalar basdırdılar. Hansı ki, ermənilərin vaxti ilə işğal altında saxladığı ərazilərdə basdırdıqları minaların sayının yüz minlərlə olduğu güman edilir. Bu minalar həm hərbçilərimiz, həm də mülki vətəndaşlarımız üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Azərbaycan dövləti həmin minaların yerinin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində mühüm addımlar atsa da, işin miqyası olduqca böyükdür və xeyli vaxt tələb edir. Daha pisi isə bundan ibarətdir ki, Ermənistan öz terrorçu mahiyyətinə sadiqlik nümayiş etdirir və zaman-zaman yeni-yeni təxribatlara əl atır. Bu isə onu göstərir ki, Ermənistan bütün region üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır və bu təhdidin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət, dünya və region dövlətləri Azərbaycana ciddi dəstək verməlidir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə