Müsavatçı hüquq müdafiəçisi partiya başqanlığına “od püskürdü”! TƏRS BAXIŞ+AKTUAL
Novella Cəfəroğlu: “Müsavat artıq cılız, adi bir partiyaya çevriləcək”
Məlum olduğu kimi, Müsavat partiyasının iki üzvü – hüquq müdafiəçisi Novella Cəfəroğlu, eləcə də vəkil Osman Kazımov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi qalib Lider qismində təbrik etmələrinə görə təmsil olunduqları siyasi təşkilatın rəhbərliyi tərəfindən yersiz ittihamlara və təzyiqlərə məruz qalıblar. Artıq bir qrup hüquq müdafiəçisi bununla bağlı bəyanat yayaraq baş verən olayı qəbulolunmaz adlandırıb və Müsavat partiyasının rəhbərliyini “bolşevizm təfəkküründə” ittiham ediblər.
Eyni zamanda, bu gün özlərini “Elçibəy yolçuları” adlandıran psevdomüsavatçılar hələ də radikalizm və naşı siyasət üzərində qaldıqlarının fərqinə varmayaraq həm də bir həqiqəti unudurlar ki, onların burunlarından o tərəfi görə bilməmələri onsuz da cəmiyyət arasında olmayan nüfuzlarını ayaqlar altına atır. Belə ki, tarixi Müsavat adını özünküləşdirməklə bunu özlərinə, daha dəqiq desək, şəxsilərinə siyasi maraq aləti edən partiya rəhbərliyinin mövcud davranışları sözün həqiqi mənasında “vəhşi bolşevizim”, yaxud “yam-yam qırmızılar” reallığını sərgiləyir.
“Bir santimetr torpağı ala bilmirdik, bu adam Qarabağı azad etdi”
Bu məqamda təmsil olunduqları Müsavat partiyasının başqanlığı və digər rəhbər orqanları tərəfindən təzyiqlərə məruz qalan Novella Cəfəroğlu mətbuata müsahibəsində bənzər fikirləri ilə çıxış edib və onu da bildirib ki, uzun illər düşmən tapdağı altında qalmış Qarabağ torpaqlarının azad edilməsində siyasi arenadalarda misilsiz xidmətlər və şücaətlər göstərən Müzəffər Ali Baş Komananı təbrik etmələrinə qarşı çıxanlar əslində düşmən, yəni işğalçı erməni mövqeyini dəstəkləmiş olurlar. Haqlı yanaşma kimi qiymətləndirilə bilinən bu amilə Novella xanımın sözügedən müsahibədə irəli sürdüyü fikirləri ilə şərh edək.
SİA xəbər verir ki, bu fikirləri Müsavat partiyasının üzvü, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu sözügedən müsahibəsində bildirib: “Sözüm təkcə Müsavat partiyasında deyil, müxalifətdə olanların hamısınadır. Deyirdilər ki, Prezident Qarabağı azad etsin, 30 il də otursun öz kürsüsündə. Bir santimetr torpağı ala bilmirdik, bu adam Qarabağı azad etdi. Siz bu gün Prezidenti təbrik etməyəcəksiniz, bəs kimi təbrik edəcəksiniz”.
“...İstəyirlər, çıxarsınlar... Çıxaracaqlar, gedib Türkiyədə təmiz müsavatçıların ”kruq"una girəcəm”
O, Laçının geri alınması münasibətilə Ali Baş Komandan İlham Əliyevi təbrik etdiyi üçün Müsavat Partiyasının başqan müavini Osman Kazımovun partiyadan kənarlaşdırılması təklifini irəli sürənlərə verdiyi cavabında bildirib: “...İstəyirlər, çıxarsınlar... Çıxaracaqlar, gedib Türkiyədə təmiz müsavatçıların ”kruq"una girəcəm. Məni Müsavatdan çıxarsınlar, bəs Müsavatı mənim ürəyimdən çıxara bilərlər? Bir az tolerant olun. Bu, nə bolşevizimdir? Rusun bolşevikləri kimi - "Bizimlə olmayan bizə qarşıdır". Təbrik də edəcəyik, hər şey də. Adamın Allahı var. Əbülfəz bəyin xanımı rəhmətə gedəndə zəng edib dedim ki, aparırlar Naxçıvana, qohumları isə gedə bilmir. Mehriban xanım təyyarə verdi. Bəs mən Mehriban xanıma “sağ olun” deməyim? Məni və Osman Kazımovu söyənlər “əldəqayırma” müsavatçıdırlar. Biz əsl müsavatçıyıq. Danışığa da gedəcəyik, tənqid lazım olanda da tənqid edəcəyik. Bu, nə sözdür, bu, nə davranışdır, bu, nə münasibətdir?"
Müsavatdakı bolşevik təfəkkürlülərin digər müxalifət partiyalarında da olduğunu deyən Novella Cəfəroğluya görə, Müsavatda ortalığı qatmağa çalışanlar da var ki, bu da xoşagəlməz məsələdir: “Bu son məsələ ilə bağlı Müsavatda məni yalnız bir-iki nəfər, o cümlədən Səxavət Əlisoy müdafiə etdi... Mənim üçün ən vacibi Vətəndir. Bizim vətənimizin azadlığı Qarabağla bağlıdır və onu Prezidentimiz işğaldan azad edib... Bizə ərazi bütövlüyümüz lazımdır. Doğrudur, korrupsiya da, haqsızlıq da və digər neqativliklər də var. Amma biz bunu birlikdə çözməli, həll etməliyik... Mən dövlətin, millətin yanındayam”.
“Bütün dünyaya göstərdi ki, bir Prezident dövlətinin necə müdafiə edə bilər”
Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanın yüksək mərtəbəyə qaldırılması, 44 günlük müharibədə qalib gəlməsi əlbəttə ki, çoxlarını qıcıqlandırır, qısqandırır: “Baxın, Ukrayna neçə aydır ki, müharibə aparır, amma Azərbaycan 44 gün ərzində öz ərazilərini işğaldan azad etdi, özü də bir erməni mülkisinə toxunmadı. İndi niyə mən Prezidentimə çox sağ ol deməyim? Unutmayaq ki, müharibə dövründə informasiya blokadasını məhz Prezidentimizin özü qırdı. Bütün dünyaya göstərdi ki, bir Prezident dövlətinin necə müdafiə edə bilər. Qurban olum, axı bütün bunlar hamımızın gözü önündədir və bunu inkar etmək olmaz ki... Hamımız-müxalifətli-iqtidarlı televizorun önündə əyləşib, həyəcanla izləyirdik ki, Prezidentimiz kiminlə görüşüb, kiminlə danışır, nə deyir? Mənim xaricdə yaşayan qohum-əqrəbalarım da deyirdi ki, Prezidentimiz necə gözəl danışır, necə gözəl Azərbaycanı müdafiə edir. İndi, sizcə, demokratiya deyən ölkələr İlham Əliyevin hakimiyyətdə qalmasını istəyir? Əlbəttə ki, yox, onlar çox qısqanclıqla yanaşırlar. Bu adam Prezident ekstremal vəziyyətdə necə olmalıdır, onu dünyaya göstərdi. 15 il bunun üçün hazırlıqlar edib. Bunu görməmək olar? Gəlin, dialoqa gedin, Azərbaycanı ağır vəziyyətdən çıxartmaq üçün birlikdə iş görün, birləşin...”
“İqtidarlı-müxalifətli birgə Zəngəzur dəhlizinin açılması üçün çalışmalıyıq”
Novella Cəfəroğlu digər bir məqama da toxunaraq bildirib ki, bu gün dünyanın gözü Zəngəzur dəhlizindədir: “Zəngəzur dəhlizi Azərbaycanı lap ucalara qaldıracaq. Lakin buna mane olmaq istəyənlər var. Zəngəzur dəhlizinin açılması Ermənistanın özünə də lazımlıdır, onların ölkələrə birbaşa çıxışı olacaq, ən əsası Azərbaycan və Ermənistanın təhlükəsizliyi təmin olunacaq, iqtisadi vəziyyət yaxşılaşacaq. Çox istəyirdik ki, Zəngəzur dəhlizi ilə bağlı bir forum keçirək. Hətta bu barədə xaricdə olan bir neçə akademikə, ziyalılara da müraciət etmişik, onlar da ikiəlli bu cür forumun keçirilməsini istəyir. Beləliklə, iqtidarlı-müxalifətli birgə Zəngəzur dəhlizinin açılması üçün çalışmalıyıq. Biz hələ bilmirik, bizə zərbə hansı tərəfdən gələcək, hər an buna hazır olmalıyıq”.
Hüquq müdafiəçisi Müsavat partiyasının başqanı Arif Hacılının idarəçiliyinə neqativ münasibət bildirməklə deyib ki, onun 8 illik rəhbərliyi dövründə siyasi təşkilat bir addım da olsun irəliləyə bilməyib, əksinə istefalar baş qaldırıb və s.
“Müsavat partiyasının irəli getdiyini görmürəm. Bəli, onlar öz ideyasında qalırlar, lakin axı o ideyanın dəyişməsi var da, amma bu dəyişmə yolu hələ görünmür. Cəmiyyətə, mühitə inteqrasiya məsələsi var, amma mən bu gün heç bir partiyanın inteqrasiya siyasətini görmürəm. Yalnız bir-iki gənc partiya var ki, onlarda müəyyən qədər irəliləyiş müşahidə olunur. Görünür ki, nə isə edir və yaxud etməyə çalışırlar. Məsələn, müşahidə edirəm ki, müəyyən gənclər var idi ki, Turan məsələsini qaldırmışdı, artıq onlar gedib görüşlər, danışıqlar keçirirlər. Həmçinin elə partiyalar var ki, onlar şəhid ailələri ilə görüşür, onların uşaqlarının problemlərini qaldırırlar. Lakin Müsavatda və yaxud digərlərində bunu görmürəm”, deyə Novella Cəfəroğlu bildirib və istisna etməyib ki, Müsavat partiyası belə dava edərsə cılızlaşacaq: “Əks təqdirdə, Müsavat artıq cılız, adi bir partiyaya çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB