Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın inkişaf etmiş bölgələrindən olacaq - TƏHLİL
Prezident İlham Əliyev: "Hər gün inkişafla bağlı daha bir addım atılır"
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse–prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri çərçivəsində yeni müəssisələrin təməlqoyma mərasimləri, eləcə də açılışı bu yerlərdə aparılan yenidənqurma, bərpa-quruculuq işlərinin yüksək səviyyədə qurulmasından xəbər verir. Dünyanın bir sıra ölkələrindəki şirkətlərin Qarabağda aparılan tikinti-bərpa işlərinə qoşulması da görülən işlərin sürətindən və müasir standartlara uyğun olaraq qurulmasına dəlalət edir. "Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib." Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirib.
Əlbəttə ki, Prezident İlham Əliyevin siyasətində həyata keçirilən əsas prioritetlər vətənin müdafiəsi və xalqın rifahıdır. Vətən müharibəsinin 44 günü ərzində Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə etdi və qısa bir zamanda genişmiqyaslı əks-hücum əməliyyatlarını böyük uğurla həyata keçirdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin miqyası günü-gündən genişlənir. Ermənlərin ərazilərimizə vurduğu ciddi ziyan aradan qaldırılır və qurulan şəhərlər, kəndlər yeni bir ab-havanı bu ərazilərə gətirir. Qeyd edək ki, dövlətimizin başçısının və birinci xanımın Şuşaya, Ağdama və digər ərazilərimizə səfərləri əhəmiyyətli hadisələrlə yaddaşlara və tariximizə çöküb. Təkcə Füzuli rayonuna səfər çərçivəsində həmin ərazidə 180 çarpayılıq xəstəxananın, peşə liseyinin, həmçinin yeni parkın təməlinin qoyulması ilə yadda qaldı. Füzuli şəhərində Peşə Liseyinin təməlinin qoyulması da bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməli qoyulub. Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaq. Lisey ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq.
"BU TORPAQLARIN SAHİBLƏRİ ARTIQ QAYITMIŞIQ VƏ BU TORPAQ, BU SƏMA BUNU GÖRÜR"
Digər ərazilərdə də görülən işlər diqqəti cəlb edir. Qarabağın incisi Şuşada aparılan abadlıq, bərpa işləri ilə miqyasına görə diqqəti çəkir. Şuşadakı inzibati binada, Şirin su hamamında, tarzən Sadıqcanın evində, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri, məscid və mədəni abidələrin bərpası və yenidən qurulması, Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada Xarıbülbül Beynəlxalq Folklor Festivanın, Vaqif poeziya günlərinin təşkili və s. qələbəmizin böyük təntənəsindən doğan böyük bir məsləkin yüksək səviyyədə həyata keçirilməsinə söykənir. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, "Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik".
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir. Məktəbin tikintisi cari ilin dekabr ayında yekunlaşacaq. Eləcə də Ağdam şəhərində məktəb tikintisi davam etdirilir. Hər iki şəhərdə ümumilikdə 960 şagird yerlik təhsil müəssisələri inşa olunur. Zəngilan rayonunun Ağalı kəndində isə həyata keçirilən "Ağalı kənd" layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunub.İşğal altında yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.
YENİ VƏ QAYNAR BİR DÖVR
44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Artıq Azərbaycanın qarşısında yeni yollar açılıb, yeni, qaynar bir dövr başlayıb. Erməni vəhşiliyi, vandallığı bu gün işğaldan azadolunana bölgələrə səfər edən hər kəsi təəccübləndirir. "Qafqazın Xirosiması" adlanan Ağdamada yeganə salamat bina şəhər məscididir. Bu müqəddəs məkanda da ermənilər ondan donuz tövləsi kimi istifadə ediblər. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti bütün bölgələri abadlaşdırır.
Bilirik ki, dövlətimiz sakinlərin öz yurdlarına daha tez qayıtmaları üçün əlindən gələn hər şeyi edir. Görülən işlər və həyata keçirilən layihələr bizə deməyə əsas verir ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olacaq və orada mövcud olan iqtisadi potensial ölkəmizin gücünə yeni güc qatacaq.
Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB