Azərbaycan ilə Aİ arasında imzalanan Memorandum enerji tərəfdaşlığını daha da gücləndirir ŞƏRH
Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı üçün təkcə yanacaq növlərinin təchizatçısı deyil, həm də bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaş olacaq
Azərbaycan- Avropa İttifaqı qarşılıqlı əməkdaşlığı özünü bir neçə mühüm və uğurlu mərhələlərə bölür. Bu xüsusda ilk amil Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliklərini təmin etməsi və həmin istiqamətdə uğurlu siyasətini reallaşdırmasıdır. Dünyada baş verən qlobal təlatümləri nəzərə alarsaq iqtisadi və s. sferalarda Azərbaycanın oynadığı rolunun nə qədər mühüm olduğunu bir daha isbatlaya bilərik. Məhz bu baxımdan, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalanması ölkəmiz üçün növbəti uğur tandemi olaraq qiymətləndirilə bilər.
Onu da qeyd etmək yerinə düşərdi ki, bu günədək Azərbaycanın reallaşdırdığı demək olar ki, bütün enerji layihələri Avropa İttifaqı və tərəfdaş ölkələr tərəfindən dəstəklənib və bu kimi önəmli layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Hazırda da Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq mövcuddur ki, bu da böyük nailiyyətdir.
İmzalanmış sənədin strateji əhəmiyyətini əks etdirən daha bir məqam Azərbaycan bu sahədə nəhəng potensiala malik olması gerçəkliyidir
Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Memorandum paralel olaraq enerji tərəfdaşlığını daha da gücləndirir. Məsələn, Anlaşma Memorandumunda nəzərdə tutulan vacib məqamlardan biri Azərbaycandan Avropa İttifaqına göndəriləcək qazın həcminin ikiqat artırılması niyyətidir. Bununla bağlı Avropa İttifaqı öz üzərinə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair öhdəlik götürüb. İmzalanmış sənədin strateji əhəmiyyətini əks etdirən daha bir məqam Azərbaycan bu sahədə nəhəng potensiala malik olması gerçəkliyidir.
Prezident İlham Əliyev cənabları bir müddət əvvəl mövzu ilə bağlı irəli sürdüyü fikirlərində bəyan etmişdir ki, ilkin qiymətləndirməyə görə, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavata, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. O cümlədən, dövlət başçımızın Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə keçirdiyi geniş tərkibdə görüşün gedişində müzakirə olunan mövzulardan biri də “yaşıl” hidrogenlə bağlı oldu. Anlaşma Memorandumunun imzalanması ilə bu vacib sahədə də Azərbaycanla Avropa İttifaqı arasında gələcək əməkdaşlığın möhkəm təməli qoyulmuş oldu.
Həmin reallıqlar ölkəmizin Avropa coğrafiyasındakı yerini və rolunu daha da möhkəmləndirəcək, həmçinin siyasi-iqtisadi potensialının bilavasitə dünya miayqsındakı roluna münbit təsirlərini göstərəcək
Beləliklə, Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı üçün təkcə yanacaq növlərinin təchizatçısı deyil, həm də bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaş olacaq. Təbii ki, həmin reallıqlar ölkəmizin Avropa coğrafiyasındakı yerini və rolunu daha da möhkəmləndirəcək, həmçinin siyasi-iqtisadi potensialının bilavasitə dünya miayqsındakı roluna münbit təsirlərini göstərəcək.
Artıq əminliklə deyə bilərik ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı birbaşa qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Hazırda da Azərbaycan ilə Avropa İttifaqı arasında yeni ikitərəfli sazişlər üzərində çalışmalar gedir, qarşıya yeni planlar, məqsədlər qoyulur və onların realizə olunması yönündə aparıcı beyin mərkəzləri fəaliyyət göstərirlər. Çünki yuxarıda qeyd olunanlarla yanaşı, Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarlarından biridir. Bu gün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti ölkəmizi xarici investorlar üçün çox cəlbedici edir. Təbii ki, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfələr verə bilər. Və ən əsası, bütün bu uğurların təməlində Prezdient İlham Əliyev cənablarının qətiyyətliyi, prinsipiallığı, mütərəqqi praqmatikliyi və əlbəttə ki, sarsılmaz iradəsi dayanır.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB