"Ermənistan hakimiyyəti hələ də terrorizmlə məşğuldur" - DEPUTAT ŞƏRH ETDİ
"Laçın şəhəri Azərbaycana təhvil verildikdən sonra erməni xislətinin bariz nümunəsi də ortaya çıxdı. Laçında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1318 ədəd piyada əleyhinə minalar aşkarlanıb. Təbii ki, bu hələ ilkin mərhələnin statistik göstəricisidir. Bu gün dövlətimiz beynəlxalq səviyyədə terrorizmlə mübarizə aparır. Ermənistanın buradakı məkrli məqsədi Azərbaycan tərəfində daha çox insanın itkisinə nail olmaqdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, biz regionda sülh, sabitlik naminə mübarizə apardığımız təqdirdə Ermənistan hakimiyyəti hələ də terrorizmlə məşğuldur: "Çünki Laçında nəinki piyada əleyhinə minalar, həmçinin tank əleyhinə mina və çox sayda partlamamış silah-sursat aşkarlanıb. Araşdırmaların nəticəsində bir daha məlum olur ki, Ermənistan hakimiyyəti qətiyyən sülh lehinə deyil, 2020-ci ilin noyabr bəyənnaməsinə əsasən hər iki tərəf hərbi fəaliyyəti dayandırmalı idi. Lakin aşkar edilən minalar 2021-ci il Ermənistan istehsalı olduğundan bir daha Ermənistanın nəinki 2020-ci il üçtərəfli bəyannaməni, hətta beynəlxalq konvensiyaları da pozduğu aşkardır".
Deputat sözlərinə belə davam edib: "Dünyada minalardan çirklənən ölkələr içərisində Azərbaycan artıq ön sıralarda dayanır desək yanılmarıq. Bunun da səbəbi Ermənistanın minalama siyasətidir. Ermənistan bu siyasətini davam etdirdiyi müddətdə həm Azərbaycan vətəndaşlarının zərər görməsinə, həm də sülh və barışıq səylərinə ciddi xələl gətirir. 10 noyabr bəyannaməsindən sonra Azərbaycanda 232 nəfər mina qurbanı olub. Təəssüf ki, 40 nəfər vətəndaşımız həyatını itirib, 192 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Ermənistanın minalama siyasətinin qurbanlarının əksəriyyəti isə mülki şəxslərdir.
Məsələylə bağlı ATƏT, Avropa Şurası, Aİ, BMT kimi beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Həmin təşkilatlardan öz konvensiya və prinsiplərə sadiqlik nümayiş etdirərək, Ermənistanın bu mənfur əməllərini ifşa edən sənədlər qəbul etməsini, həmçinin Ermənistanı Azərbaycan torpaqlarından çıxarılmağa məcbur edilməsini gözləyirik. Əgər beynəlxalq prinsip və hüquqların işlək olması etibarının qorunub saxlanılması həmin qurumlar üçün əhəmiyyətlidirsə, təcili şəkildə Ermənistanın əraziləri mina çirkləndirməsindən dayandırılmalı, Azərbaycan torpaqlarında törətdikləri terrorizmə görə layiqli cavab verilməlidir. Əks halda dünya ölkələri və xalqları üçün kağız üzərində olan bu konvensiyaların heç bir etibarı olmayacaq və günü-gündən terrorizm, özbaşınalıq demokratik prinsiplərin tapdalanması daha da artacaq. Bu isə dünya üçün heç də yaxşı nəticələr verməyəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB