"Heydər Əliyev Ali Məclisə sədr seçilməsəydi..." - Eldar İbrahimov danışdı - MÜSAHİBƏ
Azərbaycanın siyasi xadimi, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov SİA- ya müsahibə verib. Həmin müshaibəni təqdim edirik:
- Eldar müəllim bildiyimiz kimi 1991-ci il 3 sentyabr müstəqil Azərbaycan tarixində önəmli bir gün idi. Bu günü qurtuluşun başlandığı gün kimi də qeyd edənlər var. Həmin dövrdə Azərbaycanda siyasi vəziyyət necə idi?
- Qismət elə gətirdi ki, Ümummilli Lider Heydər Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi Ali Məclisin Sədri seçildi. Mən bu məsələlərin içərisində idim. 3 sentyabr müstəqil Azxərbaycanın tarixində ən əsas və önəmli yerlərdən biridir, Çünki bu gün Azərbaycanın müstəqil bir dövlət olması məıhz bu tarixlə bağlıdır. Əgər, həmin dövrdə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsəydi, Naxçıvan və Azərbaycanın gələcək taleyi hələ də müəmmalı idi. 1988-ci ildən başlayan Azərbaycan-Ermənistan münaqişəsi, xalq hərəkatının yaranması, ortada olan narazılıqlar və qarşıdurmalar əlbəttə ki, Azərbaycanı çox pis vəziyyətdə qoymuşdu. Həmçinin Naxçıvanda da vəziyyət ağır idi. O vaxtlarda hakimiyyətdə olan Kommunist Partiyası Naxçıvana baxmırdı. 1990-cı il iyul ayının 22-də Heydər Əliyevin Naxçıvana gəlməsi ermənilərə böyük bir cavab idi. Çünki Ümummilli Lider Heydər Əliyevin dövründə bir qarış torpaqlarımız belə işğal olunmamışdı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağı qaldırıldı.
Azərbaycanda olan mərkəzi komitənin rəhbərləri Heydər Əliyevin hakimiyyətə gəlməsindən çox narahat idilər. Ancaq Azərbaycan xalqının Heydər Əliyevə ehtiyacı var idi. O, Naxçıvanda yaşadığı dövrdə vəziyyəti görürdü. Daha sonra isə yəni 1991-ci ilin 17 mart tarixində Azərbaycanda SSRİ-nin hakimiyyətdə saxlanılmasına dair referendum keçirildi. Biz Naxçıvan əhalisi olaraq həmin referendumda iştirak etmədik. "Demblok”, "komblok” deyilən qüvvələr və bu qəbildən olan digərləri Naxçıvanda, necə deyərlər, öz adamlarını hakimiyyətə gətirmək üçün müxtəlif vasitələrə əl atırdılar. Belə gərgin vəziyyətdə muxtar respublikanın gələcəyini düşünən insanlar Ali Məclisin sədri vəzifəsinə böyük idarəçilik təcrübəsi olan Heydər Əliyevin seçilməsini tələb edirdilər. Mən Ali Məclisin sessiyasında iştirak edən bir şəxs kimi bildirmək istəyirəm ki, ulu öndər həmin vəzifəyə getmək istəmirdi. Mən və digərləri sessiyada çıxış edərək mövqeyimizi qəti şəkildə ortaya qoyduq, bildirdik ki, Heydər Əliyevin Naxçıvanda alternativi yoxdur, əgər o, Muxtar Respublikanın rəhbəri seçilməsə, ermənilər Naxçıvana təcavüz edəcəklər. Sessiyada Heydər Əliyevin namizədliyini müdafiə edənlərə, o cümlədən də mənə qarşı kəskin təzyiqlər göstərilsə də, biz 1991-ci il 3 sentyabr tarixində Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri seçilməsinə nail olduq. Bu baxımdan hesab edirəm ki, Qurtuluş gününün əsası məhz 3 sentyabrda Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə qoyulub. Çünki Heydər Əliyev 3 sentyabr 1991-ci il tarixində Naxçıvanda rəhbərliyə gəlməsə idi, hadisələrin gedişi müxtəlif cür ola bilərdi. Ulu öndər Ali Məclisin sədri kimi Naxçıvanda çox böyük işlər gördü. Açıq deyək, həmin dövrdə Naxçıvanı yalnız Ermənistan blokadaya almamışdı. Elə Azərbaycanda mərkəzi hakimiyyət də Muxtar Respublikaya son dərəcə biganə münasibət bəsləyirdi. Çətin durumda olan Naxçıvana heç bir kömək göstərilmirdi, mərkəzi icra orqanlarının təmsilçiləri Muxtar Respublikanın problemləri ilə əsla maraqlanmırdılar, ora ayaq basmaq belə istəmirdilər. Elə təsəvvür hasil olurdu ki, sanki Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə məqsədli şəkildə şərait yaradılırdı. Heydər Əliyev Ali Məclisin sədri seçildikdən dərhal sonra Muxtar Respublikanın müdafiəsini təmin etmək məqsədilə müdafiə komitəsi yaratdı. Naxçıvanda ulu öndərin təşəbbüsü ilə islahatlara start verildi. Heydər Əliyevin Naxçıvanda Ali Məclisin sədri seçilməyi Azərbaycana gəlməsinin əsasını qoydu. Elə bu baxımdan müstəqil Azərbaycanın tarixi 1991-ci il 3 sentyabrdan başlayır.
- Ulu öndər Heydər Əliyev həmin dövrdə çevriliş cəhdlərinin qarşısını necə aldı?
- Azərbaycanın qazandığı uğurlar onun həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. İlk dəfə 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzun müddətli inkişafının əsasını qoyması kimi daxil olub. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gətirilməsi isə tariximizə Azərbaycanın xilas edilməsi kimi düşüb. Bir qədər əvvəl qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa edib, separatçı qüvvələri zərərsizləşdirib. Hətta 1994 və 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını da qətiyyətlə alıb. Məhz bu mərhələlərdən sonra xalqımız sakit həyat tərzi sürməyə başlayıb. Məhz onun fəaliyyəti sayəsində Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi.
Mən yaxşı xatırlayıram, respublikamızda torpaq islahatına məhz Naxçıvanda 1992-ci ilin mart ayında start verildi, özəlləşdirmə aparıldı. Beynəlxalq miqyasda böyük nüfuza malik olan Heydər Əliyev İran və Türkiyə ilə əlaqə saxladı. İranın o vaxtkı prezidenti Rəfsancani Heydər Əliyevin arxasınca öz şəxsi təyyarəsini göndərdi. Ulu öndər İran İslam Respublikasına gedərək orada bir sıra müqavilələr imzaladı. Heydər Əliyev həmçinin, Türkiyəyə səfərlər etdi, dost ölkənin prezidenti Süleyman Dəmirəllə görüşüb burada da müqavilələr bağlanmasına nail oldu. Heydər Əliyevin bu səfərlərindən sonra istər İrandan, istərsə də Türkiyədən Naxçıvana yardımlar gəlməyə başladı. Ulu öndər 1991-1993-cü illərdə Naxçıvanı, Muxtar Respublikanın əhalisini bu yardımlar hesabına saxladı. Düzdür, yerli istehsal da müəyyən qədər artırdı, ancaq həmin dövrdə yardımlar olmadan Naxçıvanın müxtəlif mallara, ələlxüsus da ərzağa olan tələbatını ödəmək mümkün deyildi. Belə çətin vəziyyətdə Heydər Əliyev Naxçıvanı yalnız qoruyub saxlamadı, həm də onu inkişaf etdirdi. Naxçıvan əhalisi bütün bunları böyük minnətdarlıq hissi ilə həmişə xatırlayır. Biz Ulu öndərin ruhu qarşısında baş əyirik ki, o, Naxçıvanı yalnız aclıqdan deyil, həm də erməni işğalından xilas etdi.
- Heydər Əliyevin Bakıya gəlişi necə reallaşdı?
- Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tariximizdə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar Ümummilli liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Eyni zamanda, AXC hakimiyyətinin Heydər Əliyevi hakimiyyətdən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı Ulu öndərə olan xalq sevgisinin bir daha şahidi oldu. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün – 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
- Həmin dövrlərdə Azərbaycan iqtisadiyyatında böhran yaranmışdı...
Xilaskarlıq missiyasına başlayan Ulu Öndərin atdığı ilk addımlardan biri də 1994-cü ildə atəşkəs haqqında sazişin əldə edilməsi oldu. Bu, olduqca mühüm addım idi. Çünki, ölkəni böhrandan çıxarmaq üçün ilk öncə müharibə dayandırılmalı, daxildə ictimai-siyasi sabitlik təmin edilməli idi. Bütün bunları həyata keçirə bilən Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dirçəldilməsi istiqamətində mühüm qərarlar qəbul etdi. Hələ Naxçıvanda olarkən aqrar islahatlara başlayan ulu öndər Azərbaycanda da bu prosesi sürətləndirdi, torpaq islahatları aparıldı. Ən önəmlisi isə "Əsrin müqaviləsi” kimi tanıdığımız neft müqaviləsinin imzalanmasına, xarici sərmayədarların ölkə iqtisadiyyatına sərmayə qoymasına, təbii sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasına nail oldu. Bunun sayəsində də ölkəyə valyuta axını başladı ki, son nəticədə regionların inkişafı, ordu quruculuğu, beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulması istiqamətində addımlar atıldı. Biz onun xilaskarlıq missiyası, mərhələli şəkildə gördüyü işlər barədə saatlarla danışa, faktlar, sübutlar sadalaya bilərik. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP, TAP kimi qlobal iqtisadi layihələrin də əsası məhz Ulu Öndər Heydər Əliyevin zamanındı atdığı addımlarla, həyata keçirdiyi xilaskarlıq missiyası ilə birbaşa bağlıdır. Ona görə də Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB