Lerikdə Milli Qəhrəman Valeh Müslümovun xatirəsi anılıb FOTOLAR

Lerikdə Milli Qəhrəman Valeh Müslümovun xatirəsi anılıb FOTOLAR

Bu gün Lerik rayonun da Azərbaycanın Milli Qəhrəmanı Valeh Əlizahid oğlu Müslümovun doğum günü xatirəsi anılıb. Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatında sədr müavini Elnur Məmmədov, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyəti Lerik Rayon Təşkilatının sədri Veysəl Məlikov, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəman Valeh Müslümovun məzarını, daha sonra əziz xatirəsinə inşa edilmiş abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Şəhidin ailə üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Xatırladaq ki, Müslümov Valeh Əlizahid oğlu 2 sentyabr 1968 -ci ildə Lerik rayonunda doğulmuşdur. 1975-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin birinci sinfinə getmiş, 1983-cü ildə səkkizinci sinifi bitirmişdir. Elə həmin il Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1984-cü ildə 2 saylı Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır. 1988-ci ildə hərbi qulluqdan tərxis olunur və Sumqayıta qayıdır. Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə dözə bilməyərək, 1991-ci ilin avqust ayından DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Xocalı, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir, mərdliklə vuruşur. Füzuli rayonu ərazisində erməni quldurlarının mühasirəsində olan cəsədlərin çıxarılmasında həyatı bahasına riskə gedir. 1992-ci il... Aprel ayının 10-ü Marquşevan kəndində gedən döyüş... Erməni yaraqlıları xeyli texnika və canlı qüvvə ilə Marquşevana hücuma keçir. Valeh öz dəstəsi ilə ilk olaraq döyüşə girir. O, həm düşmənlə vuruşur, həm də yaralı dostlarını döyüş meydanından uzaqlaşdırırdı. Bu qeyri-bərabər döyüşdə Valeh yaralandı. Buna baxmayaraq 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas etdi. Əfsus ki, öz həyatını xilas edə bilmədi. Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Müslümov Valeh Əlizahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Lerik rayonunda dəfn edilmişdir. Təhsil aldığı Lerik rayonundakı 2 saylı orta məktəb Milli Qəhraman Valeh Müslümovun adını daşıyır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə