Xalq Ulu Öndərimizin müəyyən etdiyi strateji xətti bacarıqla inkişaf etdirir ŞƏRH
1990-ci il 20 yanvar hadisələrindən sonra Ulu Öndərin Kommunizm hakimiyyətini sərt şəkildə pisləməsindən sonra artıq Heydər Əliyevin Moskvada qalması mümkün deyildi. Orada yaxın günlərdə gorbagor olan M.Qorbaçovu ələ alan güclü erməni lobbisi Dağlıq Qarabağı və Naxçıvanı Azərbaycandan qoparmaq üçün əllərindən gələni edirdilər. Heydər Əliyevin Azərbaycana qayıdışı zamanı Bakıda vəzifə davası döyənlərin ona qarşı qaldırdıqları siyasi təqib kampaniyası xalqımızın hiddətinə və qəzəbinə səbəb oldu. Xalq öz həqiqi liderini fəal müdafiə etdi. Heydər Əliyev və Xalq birliyi əzəmətini göstərdi.Həmin o günlərin və görüşlərin iştirakçısı kimi bütün hadisələr xatirəmdədir. Moskvadan Bakıya, oradan da təyyarə ilə doğma Naxçıvana qayıdan Heydər Əliyevi doğulduğu şəhər və qədim məhəllə yenidən qoynuna aldı. Bacısı evində yaşamağa başladı. Bu kiçik məhəlləyə, evə gələnlərin ardı-arası kəsilmirdi. Bu torpağın əziz, doğma övladı kimi Vətəninə qayıtmış Heydər Əliyev ilə görüşə gələnlər ona dərin ehtiramlarını bildirir, böyük rəhbəri məhəbbət və həsrətlə bağrına basır, qucaqlayıb öpür, hətta kövrəlib ağlayırdılar. Səhəri gün - 22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, 80 min nəfərdən çox adamın toplaşdığı Azadlıq meydanı izdihama qərq olmuşdu. Muxtar respublikanın hər yerindən Heydər Əliyevi görməyə, qarşılamağa axışıb gələnlər meydana toplaşmışdı.Bu izdiham xalq ilə rəhbərin görüşünün, birliyinin bariz nümunəsi idi. Naxçıvan öz tarixi ərzində belə böyük izdihama bürünməmişdi. Qədim şəhər hələ heç vaxt belə bir büsat və təntənə ilə öz oğlunu qarşılamamışdı. İnsan kütləsinin arası ilə Heydər Əliyevin meydanın mərkəzindəki kürsüyə gəlib çıxması üçün polislər yol açırdılar. Nəhayət, Heydər Əliyev kürsüyə yaxınlaşdı. Hərarətli alqışlar, əzəmətli şüarlar səsləndi, gur səslər ətrafı bürüdü. Böyük şəxsiyyət xəstə vəziyyətdə olduğu üçün isti, bürkülü havada çox danışa bilmədi. Sevinc dolu alqışlar altında etdiyi qısa çıxışı ilə soydaşlarına sonsuz məhəbbətini ifadə etdi, bu ağır günlərdə dünyalar qədər sevdiyi xalqının dərdinə şərik olmağa gəldiyini bildirdi. Əsas bir fikrini həmyerlilərinə çatdırdı ki, Azərbaycanın başı üzərini qara buludlar alıb...Həmin gün Heydər Əliyevin ayağının altında onlarca qurban kəsildi. Ağır müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılıar bu böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxırdılar. Ulu öndər hərarətlə yenidən uşaqlığını, gəncliyini keçirdiyi zamanlara qayıdırdı, unudulmaz, kövrək xatirələr yada düşürdü. Həmyerlilərinin mehriban, isti münasibəti, xoş sözləri onun qəlbini ehtizaza gətirirdi. Bu görüş barədə Heydər Əliyev özü belə deyirdi: “Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum”.
Bu ümumxalq məhəbbətini Heydər Əliyev özü qazanmışdı. Respublikaya 14 il rəhbərlik etdiyi dövrdə xalqın sevimlisinə çevrilmişdi. Moskvadan qayıdıb ana yurduna gələndə heç bir vəzifəsi olmasa da, xalq onu böyük bir şəxsiyyət kimi qiymətləndirir, doğma bir övladı kimi sevirdi... O zaman Naxçıvan ağır günlər keçirirdi. Muxtar respublika Qarabağ problemi ətrafında baş verən hadisələrin zərbəsinə məruz qalmışdı. Vəziyyət olduqca gərgin, ziddiyyətli şəkil almışdı. Sərhədyanı kəndlər ermənilər tərəfindən işğal və qarət olunurdu. Naxçıvan iqtisadi və siyasi böhran məngənəsinə salınmışdı. Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsilmişdi. Belə bir dövrdə təxribatlar baş alıb gedirdi, adamlar son ümidi olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulmuşdu.Naxçıvan ağır vəziyyətə, xüsusən 20 Yanvar faciəsinə SSRİ-nin tərkibindən (Azərbaycanın yox) çıxması barədə qərarı ilə etirazını bildirmişdi. Bundan sonra muxtar respublika ölkənin iqtidar və ixtiyar sahiblərinin qəzəbinə düçar olmuşdu. Hətta Naxçıvanın “kor bağırsaq” kimi kəsilib atılması zəruri bilinmişdi. Məhz belə bir ağır dövrdə tale Heydər Əliyevi ulu diyara gətirməklə Naxçıvanı işğaldan qoruya bildi. İlahi qüvvələrin himayədarlığı, Peyğəmbər uzaqgörənliyi ilə Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı.30 sentyabr 1990-cı ildə Azərbaycan SSR və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilirdi. Xalq öz sevimli, əvəzedilməz oğluna yüksək etimadını göstərdi. Fərdi pensiyaçı Heydər Əliyev Babək rayonunun 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan şəhərinin 2 nömrəli M.F.Axundov adına seçki dairəsindən isə Naxçıvan MSSR Ali Məclisinə deputat seçildi. Bu dövrdə yorulmaz, fədakar fəaliyyət göstərən Heydər Əliyev Naxçıvan parlamentində yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, siyasi həyatın demokratikləşməsi prosesinə güclü təkan verən qərarların qəbul edilməsinə nail oldu.1990-cı il noyabrın 17-də xalq deputatı Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası oldu. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini çıxararaq Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan MR Ali Məclisi adlandırılması, ilk Azərbaycan Respublikasının rəmzi olan üçrəngli Dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan MR dövlət bayrağı kimi qəbul edilməsi haqqında yekdilliklə qərar qəbul etdi. Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Beləliklə, Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırıldı.Heydər Əliyevin Naxçıvanda yenidən siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi dağıtmaq istəyində olan daxili və xarici düşmənləri ciddi təşvişə salmışdı. İqtidar Naxçıvanı iqtisadi və informasiya blokadasında saxlamaqla Heydər Əliyevin əleyhinə hər cür yaramaz təbliğatı qızışdırır, yaltaq, ikiüzlü deputatların vasitəsilə onu Azərbaycan parlamentində iştirakdan və ölkədə cərəyan edən siyasi proseslərdən təcrid etməyə çalışırdı. Böyük siyasi xadim Heydər Əliyev isə müdrik və uzaqgörənliklə Naxçıvan MR Ali Məclisinin sessiyalarında qətiyyətli çıxışlar edirdi. Onun təşəbbüsü ilə 20 Yanvar Bakı hadisələrinə siyasi qiymət verilməsi, Dağlıq Qarabağ Muxtar Vilayətində, onun ətrafında yaranmış ağır vəziyyətə münasibət bildirilməsi kimi tarixi əhəmiyyətli qərarlar qəbul edildi, ölkənin düçar edildiyi vəziyyətə real qiymət verildi.Ölkədə çox ağır və gərgin vəziyyət yarandığı, hadisələrin düzgün qiymətləndirilmədiyi, siyasi proseslərin getdikcə xalq üçün təhlükəli xarakter aldığı bir vaxtda, 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi məsələsini müzakirəyə çıxardı. Həmin sessiyada Heydər Əliyev 4 dəfə çıxış edərək namizədliyini irəli sürənlərə dərin minnətdarlığını bildirdi və təkidlə xahiş etdi ki, onun namizədliyini səsə qoymasınlar. Bu zaman sessiya keçirilən binanın qarşısına toplaşan yüz min nəfərlik bir izdihamın – xalqın tələbinin qarşısını almaq mümkün deyildi.Bir neçə saatlıq qızğın müzakirə, qətiyyətli çıxış, təkliflər, deputatların və əhalinin təkidli tələblərindən sonra salonda və bayırda hərarətli, sürəkli alqış səsləri ucaldı. Sessiya yekdilliklə Heydər Əlirza oğlu Əliyevi Naxçıvan MR Ali Məclisinin sədri seçmişdi. Xalqın bu seçimi Heydər Əliyevin böyük siyasətə Qayıdışı idi. Hakimiyyətə yenidən qayıdışa Heydər Əliyev Naxçıvandan, doğulduğu ana torpağından başladı. O zaman dünyada tanınmış müdrik siyasətçinin bu sözləri və düşüncələri bir daha Heydər Əliyev və Xalq birliyinin sarsılmaz olduğunu göstərdi.Böyük siyasi xadim və dahi şəxsiyyət xalqın tələbi və iradəsi ilə hakimiyyətə gəlməyə razılıq verdiyini bəyan etdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi xəbəri dünyaya yayıldı. Ertəsi gün onunla görüşə, qəbula gələnlərin ardı-arası kəsilmirdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlmiş Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri kimi yorulmaz və səmərəli fəaliyyətə başladı. O zaman Naxçıvan Muxtar Respublikasında yaranmış gərgin, böhranlı vəziyyəti aradan qaldırmaq, MR sərhədlərində müharibəni səngitmək, Müdafiə Komitəsinin fəaliyyətini gücləndirmək, əhalinin ağır iqtisadi, sosial vəziyyətinə, ərzaq, enerji, yanacaq təminatına kömək etmək kimi həyati məsələlərin öhdəsindən məhz Heydər Əliyev - böyük təcrübəyə malik, səriştəli bir rəhbər, dünyada tanınmış siyasətçi gələ bilərdi. Muxtar respublikanın blokadaya alındığı vaxtda sərhəd kəndlərinə erməni təcavüzü davam edirdi. Bu qanlı döyüşlərdə biz də şəhidlər verirdik. Bütün Naxçıvan ayağa qalxmışdı. Heydər Əliyevin rəhbərliyi altında oğullarımız vuruşmalarda öz qeyrətini, qəhrəmanlığını göstərirdi. O vaxt Heydər Əliyev çıxışlarında həmişə deyirdi: “Biz Naxçıvanı qorumalıyıq”, “Adamlar könüllü olaraq Sədərəyi müdafiə etdilər, bu birlik, cəsurluq nümunəsi qarşısında ermənilər geri oturduldular”. Heydər Əliyev informasiya vasitələri ilə Ermənistanın təcavüzü barədə dünya ölkələrinə bəyanatlar verdi. Naxçıvana erməni təcavüzü və burada gedən demokratik proseslərin səs-sədası dünya ölkələrinə yayıldı.Ali Məclisdə muxtar respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. Zərərlə işləyən kolxoz və sovxozlar özəlləşdirildi. Əhalinin ərzaq məhsulları ilə təchiz edilməsi, xeyli vaxtdan bəri Naxçıvanda yanacaq çatışmazlığının aradan qaldırılması, iş vaxtından səmərəli istifadə edilməsi, əmək intizamının möhkəmləndirilməsi, Naxçıvan aeroportunun, Sədərək-Türkiyə yolunun tikintisinin sürətlənməsi, Araz dəryaçasında və digər strukturlarda külli miqdarda balıq məhsullarının tutulub əhaliyə satılması işləri yaxşılaşdırıldı.Ali Məclisdə Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyaların iclaslarında o vaxt Naxçıvanda və respublikada baş verən mürəkkəb siyasi hadisələr barədə mühüm tarixi qərarlar qəbul edildi.1992-ci il mart ayının 24-də Türkiyənin Baş naziri Süleyman Dəmirəl və Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Ankarada əməkdaşlıq haqqında protokol imzaladılar. Heydər Əliyev ilə görüş zamanı Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəl dedi ki, Naxçıvan bizim qonşumuzdur, əhalisi türkcə danışır. Türkiyə Respublikasının başlanğıcında, yəni Şərq tərəfində yerləşən Naxçıvan Muxtar Respublikasının statusunda bir dəyişiklik meydana gələrsə, müqaviləyə əsasən, burada Türkiyə öz sözünü deməlidir...Həmin görüşdə Heydər Əliyev çıxışında xüsusi vurğuladı ki, Naxçıvanın xüsusi bir statusunun olması, Türkiyənin Naxçıvan üçün zamin bir dövlət olması 70 il bundan əvvəl bağlanmış müqavilələrdə (Qars və Moskva müqavilələri-red. A.S.) öz əksinin tapıb... Azərbaycan dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əsaslı islahatlar yolu ilə uğurlu daxili və xarici siyasət xəttinin həyata keçirilməsi qısa dövrdə özünü göstərdi. Azərbaycan dünya birliyində özünə layiqli yer tuta bildi.Bu gün də həmin siyasət böyük uzaqgörənlik, müdriklik nümunəsi ilə uğurla həyata keçirilir. Heydər Əliyev siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Xalq Ulu Öndərimizin uzunmüddətli dövr üçün müəyyən etdiyi strateji xətti bacarıqla inkişaf etdirir.
Azər Nemətli,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB