“Sülhməramlılar Qarabağda Azərbaycanın ərazi bütövlüyünün bərpasına məsul deyillər” AÇIQLAMA
“Rusiya sülhməramlılarının missiyası 2020-ci ilin 10 noyabr uçtərəfli Moskva razılaşmasının 5-ci bəndində müəyyən edilib. Üçtərəfli razılaşmanın məlum şərtinə görə sülhməramlıların vəzifəsi atəşkəs rejiminin şərtlərinin riayət olunmasına nəzarət etmək və atəşkəs rejiminin pozulmasına yol verməməkdən ibarətdir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, sülhməramlılar Qarabağda Azərbaycanın ərazi bütövlüyünün bərpasına məsul deyillər, hərçənd Rusiya dövləti özü Azərbaycanın adi çəkilən ərazidə dövlət suverenliyini qəbul edir və problemin ölkəmizin ərazi bütövlünü çərçivəsində həllinin tərəfdarıdır: “Üç tərəfli razılaşmanın indiyədək yerinə yetirilməyən müddəası erməni hərbi birləşmələrinin Azərbaycan ərazisini tərk etməməsidir. Ermənistan tərəfi bu birləşmələrin ona deyil, Qarabağdakı separatçı rejimə aid olduğunu bildirir. Bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması, alternativ Laçın yolu da daxil olmaqla tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilməlidir. Ermənistanla humanitar yönümlü münasibətlərinin həyata keçirilməsi uçun alternativ dəhlizin istifadəyə veriləcəyi ilə bağlı müddət razılaşmada öz əksini tapıb, bu 3 il müddətində olmalı idi. Dövlətimiz bu layihəni 2 ilə reallaşdırdı. Lakin Naxçıvanı Ermənistan ərazisindən keçməklə (Zəngəzur dəhlizi) Azərbaycanla birləşdirə biləcək məlum marşrutun istifadə veriləcəyi ilə bağlı layihənin reallaşdırılması üçün razılaşmada konkret müddət göstərilmədiyindən bu Ermənistana manevr etməyə, danışıqları uzatmağa imkan verir. Rusiya sülhməramlılarının hərəkətlərində razılaşmanın şərtlərindən kənara sapmalar varsa, rəsmi Bakı bu məsələyə diplomatik kanallar vasitəsilə münasibət bildirə, etiraz edə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB