Müxalifət Əli Kərimlinin acınacaqlı gününə düşüb TƏHLİL

Müxalifət Əli Kərimlinin acınacaqlı gününə düşüb TƏHLİL

Son vaxtlar yeni reallıqlara uyğun yaranan demokratik şəraitdən geninə-boluna bəhrələnən müxalif düşüncəli insanlar yeni-yeni partiyalar yaradırlar. Elələri də var ki, qrant savaşında o qədər də pay ala bilmədiklərindən sədr müavinliyindən istefa verərək, yeni partiya yaratdıqlarını elan edirlər. Bu da el arasında deyildiyi kimi, "yağışdan sonra artan köbələk" -təsiri bağışlayır. Diqqətçəkən məqam ondan ibarətdir ki, yeni seçilən "sədr" isə siyasətin nə olduğunu belə anlamır. İctimai-siyasi proseslərə məişət məsələləri kimi yanaşıb, elə o tərzdə də münasibət bildirir. Elə ilk müsahibəsində və ya açıqlamasında özünü ifşa etməklə, adını siyasətdə uğursuzluğa düçar olanların siyahısına yazır. Hazırkı məqamda müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin böyük əksəriyyəti siyasətə gəlir mənbəyi kimi baxır. Sədrlik kreslosunu da, məhz buna görə tərk etmək istəmir. AXCP və Müsavat kimi partiya sədrləri xarici qüvvələrlə iş birliyinə getməklə, xarici qüvvələrdən və ya fondlardan maliyyə yardımları alıblar. Ancaq siyasətdə uğur qazana bilməyiblər. Çünki müxalifət başbilənlərindən birinin, bir zaman dediyi kimi, "pul qoyub, pul götürmək olar, amma pul qoyub, siyasətdə uğur əldə etmək olmaz". Belələri haqqında çoxsaylı faktlar-sübutlar göstərmək olar. “Milli Şura”nın sədri Cəmil Həsənli, AXCP sədr Ə.Kərimlinin, Müsavat başqanı A.Hacılının, Müsavatın keçmiş başqanı İ.Qəmbərin siyasi fəaliyyətlərinə nəzər yetirdikdə, hər şeyin məlum olduğunu görmək olar. Bu məxluqlar az qala yaşlarının yarısını siyasətə qurban versələr də, qazandıqları ancaq xalqın ittihamı, tənqid və iradları olub. Ağa qara demək, xalqın sevincinə, hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq onların həyat tərzidir.

Uğursuz müxalifətin həyat tərzidir

Müxalifətin siyasi proseslərdə uğursuzluğa düçar olmasını şərtləndirən əsas amillərdən biri də, onların yanlış baxışlara malik olmaları və milli maraqlara zidd siyasət yürütmələridir. Bu baxımdan, bəzən o fikir vurğulanır ki, müxalifət elə AXCP sədri Əli Kərimlinin acınacaqlı vəziyyətinə bənzəyir. Düzdür, mövcud ağır vəziyyəti dəyişmək üçün müxalif partiyaların rəhbərliyinə yeni simalar və yeni qüvvələr gəlir. Bir növ şəxsləri bəxtlərini, yəni şanslarını yoxlamağa cəhd göstərənlər adlandırmaq olar. Amma nə yazıqlar ki, əksər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduqları siyasət aləmində hörmət və izzət sahibi ola bilmədilklərindən uğursuzluğa düçür olub, kor-peşman əski mövqelərinə qayıdırlar. Meydana siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmalıdır. Lakin bugünkü reallıqda müxalifət düşərgəsində bunu görmək və ya "yeni simaları" cəmiyyətə təqdim etmək mümkün deyil. Çünki siyasi arenaya çıxan yeni simalar indiki korlanmış müxalifət funksionerlərinin cərgəsində əriyərək, sıradan çıxır və ya elə onların bir tayı olurlar. Yenilik yalnız ikinci, üçüncü tip şəxslərin başqanlığa və ya kollegial orqanlara gətirilməsi deyil, bütövlükdə, ideologiya dəyişməli, müstəqil və demokratik idarəetmə sistemi qurulmalıdır. Hazırkı müxalifət liderlərinin və funksionerlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Ümumiyyətlə, mövcud tarixi hadisələrə nəzər yetirdikdə, bir daha aydın olur ki, müxalifət düşərgəsində aydın düşüncəli, sağlam fikirli, açıq, demokratik mübarizə aparmaq gücündə və istəyində olan partiya sədrləri yoxdur. Bu da onların meydan təfəkküründən qurtula bilməməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, məhz yarıtmaz fəaliyyətləri səbəbindən Azərbaycan dövləti bir illik hakimiyyətləri dönəmində ağır faciələr yaşadı. Torpaqlarımız erməni işğalına məruz qaldı, yeraltı-yerüstü sərvətlərimiz talan edilərək xaricə daşındı.

Müsavat kimi AXCP-nin də dağılması qaçılmazdır

Bəllidir ki, AXC-Müsavat cütlüyü Ayaz Mütəllibovun hakimiyyətinin devrilməsi üçün Azərbaycan ərazilərini hərraca qoyulması və ermənilər tərəfindən işğal olunmasına şərait yaradılması siyasəti apardılar. Hətta öz məkrli planlarını həyata keçirilməsi üçün 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək, zor gücünə hakimiyyətə yiyələnmək istiqamətində addımlar atmaqdan çəkinməmişdilər. İstəklərinə nail olduqdan sonra ölkəni uzun illər düzəldilməsi çətin olan faciələrə sürüklədilər. Bu gün də keçmişin ab-havası ilə yaşayırlar. Ancaq istəkləri əlçatmazdır. Çünki xalq qətiyyətlə onları rədd edir. Həm də ictimaiyyət onların siyasətdən zibilliyə atılması istəyindədir. Maraqlıdır, ictimai münasibətdən nəticə çıxarmaqdansa, hələ də müxtəlif pafoslu açıqlamaları, mesajları ilə gündəmdə qalmağa çalışırlar. Ancaq görünən ondan ibarətdir ki, uzun müddət hay-küylərini davam etdirə bilməyəcəklər. Çünki müxalifət düşərgəsində yaşanan ciddi konfliktlər partiyaların arxivin astanasında olduqlarını deməyə əsas verir. Proseslərə əsasən, demək olar ki, hazırkı məqamda ən təlatümlü və narahat partiyalar AXCP, ADP, KAXCP və Müsavat partiyalarıdır. Müsavatda cərəyan edən hadisələr maraqlı nüansları ortaya çıxarır. Arif Hacılının başqanlığa gətirilməsindən sonra partiya daxilində qarşıdurmalar günbəgün artmaqdadır. A.Hacılının idarəçiliyindən narazı olan qruplar açıq müstəvidə mübarizəyə başlayaraq, situasiyanı öz xeyirlərinə dəyişdirməyə çalışırlar. Bundan istifadə edən AXCP sədri Ə. Kərimli yaranmış vəziyyətdən səmərəli istifadə etməyə çalışır. Yəni Ə.Kərimli ənənəvi məkrli planına uyğun olaraq Müsavatın tamimilə sıradan çıxarılmasına ümid bəsləyir. Lakin AXCP daxildə də ciddi təlatümlər baş verdiyindən, Ə.Kərimlinin arzularının nəticəsiz qalacağı şübhəsizdir. Yəni Müsavat kimi AXCP-nin də dağılması qaçılmazdır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə