Azərbaycan tarixinin şanlı Naxçıvan səhifəsi - ŞƏRH

Azərbaycan tarixinin şanlı Naxçıvan səhifəsi - ŞƏRH

Tarixin səhifəsinə bütün hadisələr yazılır. Amma xalqın taleyini həll edən, müstəqilliyinin qorunub saxlanmasında, inkişafında önəmli rol oynayan Liderin adı və fəaliyyəti tarixin şanlı səhifəsinə yazılır. Bu səhifələrdən biri də Azərbaycan tarixinin Naxçıvan səhifəsidir. O səhifə ki, davamı ilə bütün Azərbaycanı nura boyadı, xalqımızın müstəqil dövlət qurmaq arzusunu reallaşdırdı.

1990-cı illərdə ölkəmizdə önəmli hadisələr baş verirdi. SSRİ rəhbərliyi digər müttəfiq respublikalardan fərqli olaraq Azərbayvana özəl münasibət sərgiləyirdi. Ölkəmizdə baş verən azadlıq mübarizəsi mərkəzi hakimiyyət tərəfindən mənfi reaksiya ilə qarşılanırdı, xalqımızın Ermənistan tərəfindən başlanan təcavüzə reaksiyası SSRİ rəhbərliyini qane etmirdi və cəza tədbirlərinə başlamaq üçün fürsət axtarırdı. Yanvar qətliamını törədən sovet ordusu öx missiyasını, mövcudluğunu sona çatdırmaqda idi. Belə bir zamanda Azərbaycan xalqının böyük əziyyətlərlə əldə etdiyi müstəqillik itirilmək üzrə idi. Səriştəsiz kadrlar hakimiyyəti idarə edə bilmədikləri üçün xalqın getdikcə çətinləşən sosial problemlərinin də həllində acizlik, ümidsizlik nümayiş etdirirdilər. Belə bir çətin zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvadan Vətənə döndü. Xalqın və ölkənin belə çətin zamanında dahi şəxsiyyət, dövlət idarəçiliyinin böyük ustadı olan siyasi xadim Heydər Əliyev kənarda seyrçi qala bilməzdi...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sesiyasında deputatların böyük təkidi ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyinə və suverinliyinə hesablanmışdı. Dahi şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini atdı. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalq və dövlət qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Naxçıvanın xilası və dirçəlişi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və bölgənin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun çox aşağı səviyyədə olduğu şəraitdə Ali Məclisin Sədri Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Ötən əsrin 90-cı illərinə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi.

Ulu öndər Heydər Əliyev həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərarda qanlı hadisənin mahiyyəti, siyasi və hüquqi əsasları əks olundu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu. Həmçinin, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan o vaxt Naxçıvan Muxtar Respublikasında yaranmış ağır sosial-iqtisadi vəziyyəti yüngülləşdirmək məqsədi ilə rəsmi təmaslar quruldu.

Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Görülən işlər, atılan addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişi və həmrəyliyi təmin edildi.
Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövrü də milli maraqlarımızın, dövlətçilik ənənələrimizin qorunması baxımından olduqca əlamətdardır. Heydər Əliyev müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində isə gördüyü tarixi işlərlə Azərbaycanı tərəqqiyə qovuşdurub və qarşımızda yeni inkişaf üfüqləri açıb. Naxçıvan bu gün Ulu Öndərimizin layiqli davamçısı, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır.

Aydın HÜSEYNOV, millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə