NÖVBƏTİ ZƏFƏR ANALİZ

Görüşdə Prezident İlham Əliyev dövlətimizin milli maraqlarını qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi

Beynəlxalq güclər zaman-zaman Qarabağ münaqişəsinin həllini Ermənistanın xeyrinə həll etməyə çalışırdılar. Bu, təkzib edilməsi mümkün olmayan bir faktdır və bunun bədəlini beynəlxalq güclər deyil, son nəticədə Ermənistanın özü ödəməli oldu. Ermənilər anlamaq istəmədilər ki, gec-tez bu münaqişə aktiv fazaya keçəcək və böyük faciə ilə nəticələnəcək. Bu, əlbəttə, ilk növbədə, Ermənistandakı siyasət adamlarını düşündürməli idi ki, yaxın qonşunun torpaqlarını işğal etmək və bu əraziləri mənimsəmək planları yaxşı heç nə vəd etmir. Bütün 30 illik işğal dövründə Ermənistan anlamaq istəmədi ki, onun mühüm vəzifələrindən biri özünün başqalarının əlində olan müstəqilliyini geri alıb, işğalçılıq siyasətindən əl çəkmək və qonşularla dinc yanaşı yaşamaqdır. İkinci Qarabağ müharibəsində əldə olunan tarixi qələbədən dərhal sonra bölgədə əmin-amanlığın hökm sürməsi üçün Prezident İlham Əliyev sülh təşəbbüsləri ilə çıxış etdi, ordusu və iqtisadiyyatı acınacaqlı duruma düşən, əhalisi səfil gündə yaşayan Ermənistana vəziyyətdən çıxmağın yeganə yolunu da dinclikdə, sülh sazişinin bağlanmasında gördüyünü xatırlatdı. Başqa sözlə, dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında bu istiqamətdəki bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəklədiyini, ölkəmizin sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh müqaviləsi üzərində iş aparılmağa hazır olduğunu diqqətə çatdırdı. Ancaq Ermənistan həmişə olduğu kimi, müxtəlif bəhanələrlə vaxtı uzatmaqla, əsassız iddialar irəli sürməklə qeyri-ciddi fəaliyyət nümayiş etdirdi. Beləliklə, işğalçı ölkə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasını ləngitdi, mina xəritələrinin verilməsini, ordusunun Qarabağdan tamamilə çıxarılmasını reallaşdırmadı. Hətta ermənilərin məskunlaşdıqları ərazilərdə qanunsuz silahlı dəstələrin mövqelərinin möhkəmləndirməsi istiqamətində tədbirlər həyata keçirdi, vaxtaşırı istehkamların tikintisini apardı, bunlar azmış kimi, mütəmadi təxribatlar törətdi. Zəngəzur dəhlizinin reallaşdırılmasına maraq göstərmək, bu istiqamətdə üzərinə düşən vəzifələri gerçəkləşdirmək əvəzinə adı çəkilən nəqliyyat infrastrukturu amilini Azərbaycana qarşı siyasi şantaj alətinə çevirdi. Belə bir məqamda Cənubi Qafqazda postmüharibə dövründə Azərbaycanın sülh və sabitliyə sadiqliyi xüsusilə dünyada ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqı (Aİ) tərəfindən yüksək səviyyədə dəstəkləndi. Xüsusilə, Aİ Şurasının Prezidenti Şarl Mişell Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında ədalətli mövqeyi, qərəzsiz və bitərəfli fəaliyyəti ilə əməli addımların atılmasını əqsədəuğun hesab etdi.

Postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı

Dövlətimizin başçısının Aİ Şurasının Prezidenti Şarl Mişellə davamlı görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Və ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları gerçəkləşdirildi. Bu il aprelin 6-da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verildi.Xatırladaq ki, Brüssel sülh gündəliyində prioritet istiqamət olan sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunması da mühüm önəm daşıyır.Həmçinin, Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də razılaşmada xüsusi yer tutur. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və qurulması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərarı da böyük əhəmiyyətə malikdir.Sənəddə ən mühüm məqamlardan olan “Dağlıq Qarabağ” ifadəsi və ya artıq keçmişdə qalan ATƏT Minsk Qqrupu (MQ) həmsədrlik institutuna istinad edilməməsi də Aİ-nin ədalətli mövqeyindən xəbər verir. Bu, eyni zamanda, onu göstərir ki, sözügedən qurum İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu gerçəkliyə əsaslanır. Bir sözlə, Azərbaycanın daxili işi olan Qarabağ mövzusunun müzakirə edilmədiyi qənaəti təsdiqlənib. Bununla belə sülh müqaviləsinin Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacağı nəzərdə tutulub.

Ermənistan üç görüş üzrə razılaşmaların icrasında maraqlı olmayıb

Qeyd edək ki, dördüncü Brüssel görüşünün yekunlarını şərh etməzdən öncə nəzərə almalıyıq ki, Ermənistan açıq şəkildə etiraf etməsə də əvvəlki üç görüş üzrə razılaşmaların icrasında maraqlı olmayıb. Bu mənada cari görüşdə əldə olunan razılaşmalar elə ilk baxışdan prosesin Azərbaycanın iradəsinə və maraqlarına uyğun formada cərəyan etdiyindən xəbər verir. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında qeyd olunub ki, xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib. Üçtərəfli görüşdə, həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, saxlanılan və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələrin aparıldığını bildirən Şarl Mişel vurğulayıb ki, Avropa İttifaqı bu məsələlərlə məşğul olmaqda davam edəcək.

Şarl Mişel: “Aİ uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanatında bildirib ki, belə həssas bir vəziyyətdə deyilən hər bir söz ictimaiyyətdə açıq şəkildə dinlənilir və diqqətə alınır. Aİ uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək.Aİ Şurası Prezidenti daha sonra deyib: “Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik. Bütün bu müzakirələrlə yanaşı vurğulamaq istərdim ki, hər iki tərəfin xalqlarının əlaqəsi və onları uzunmüddətli davamlı sülhə hazırlanması vacibdir”.Şarl Mişel bəyanatında, eyni zamanda, görüşdə sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamların nəzərdən keçirildiyini, bu istiqamətdə fəaliyyət göstərən komissiyanın növbəti iclasının noyabrda Brüsseldə reallaşdırılmasının qərara alındığını vurğulayıb.

Azərbaycan lideri Ermənistanı sülh sazişi üzrə işçi qrupun yaradılması barədə öhdəlik götürməyə məcbur etdi

Davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan, bəzi hallarda hətta sabotajla məşğul olan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürdü. Bu, o deməkdir ki, Prezident İlham Əliyev Vətən müharibəsində, Fərrux və «Qisas» əməliyyatlarında hərbi məcburetmə tədbirləri ilə Ermənistanı məlum gedişata məcbur etdiyi kimi, Brüsseldə də Azərbaycan lideri Ermənistanı sülh sazişi üzrə işçi qrupun yaradılması barədə öhdəlik götürməyə məcbur etdi. Və Ermənistanın özünü mühüm bir alətdən də məhrum etməklə sülh prosesində ləngitmə, yayınma kimi İrəvan üçün xarakterik davranışlara imkan verilməməsində əhəmiyyətli rol oynayacaq.Və ən əsası isə, proseslərin Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində inkişaf etməsidir. Xüsusi qeyd olunmalıdır ki, Avropa İttifaqı və şəxsən Prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar.

Bir sözlə, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının və şəxsən dövlətimizin başçısının növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə təntənəsidir. Azərbaycan Prezidentinin irəli sürdüyü sülh modeli təkcə Azərbaycan deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə