"Brüsseldə baş tutan görüş kifayət qədər məhsuldar oldu" - POLİTOLOQ ŞƏRH ETDİ
"Məlumdur ki, bu görüş Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən sayca dördüncü görüş idi və rəsmi məlumatlardan da göründüyü kimi kifayət qədər məhsuldar oldu. Mən əvvəllər də demişəm və yenə təkrarlamaq istəyirəm ki, bu cür görüşlərin ən vacib əhəmiyyəti hər görüşdən sonra Ermənistanın öz üzərinə konkret öhdəliklər götürməsidir. Belə ki, harada keçirilməsindən asılı olmayaraq görüş baş verirsə, demək ki, bu və ya digər məsələ ilə bağlı konkret danışıqlar aparılır, bəyanatlar verilir, sənədlər imzalanır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın öz öhdəliklərini və danışıqlarda razılaşdırılmış məsələləri icra etməsi ilə bağlı hər hansı problem yoxdur: "Odur ki, bu cür görüşlər, əsasən, Ermənistan üzərinə konkret öhdəliklər qoyur. Bu isə öhdəliklərin icra olunmaması halında Azərbaycanın əlini hər keçən gün daha da gücləndirir.
İkinci bir tərəfdən Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlər, həm də vasitəçilik missiyasının tək Rusiyanın əlində cəmləşməsinin də qarşısını alır və danışıqlar prossesindən kənarda qalmamaq üçün Rusiyanı da konkret addımlar atmağa sövq edir. Rusiya başa düşür ki, üçtərəfli bəyanatın imzalanmasından sonrakı bir il ərzində prosesdə hər hansı bir irəliləyişə nail olmaması nəticə etibarilə Avropa İttifaqının proseslərə qoşulmasına və daha aktiv fəaliyyət göstərməsinə yol açdı. Avropa İttifaqı da başa düşür ki, əgər o da aparılan danışıqlarla konkret nəticələrə nail olmasa və proses uzansa, o zaman Rusiyanın təkbaşına vasitəçilik missiyası yenə qabarıq şəkildə ortaya çıxa bilər. Odur ki, Avropa İttifaqı konkret nəticələrə nail olmaq üçün davamlı fəaliyyət göstərmək istəyir.
Aparılan danışıqlarda və razılaşdırılmış bəyanatlarda ən önəmli məsələ müzakirə edilən sülh müqaviləsinin Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulması, eləcə də istər Rusiya, istərsə də Belçikada qəbul olunmuş sənədlərdə Qarabağ və ATƏT-in Minsk qrupu barədə heç bir istinadın olmamasıdır. Elə son Brüssel görüşündəki bəyanatda da nə Qarabağ, nə də Minsk qrupu barədə tək bir fikrə belə rast gəlinmir. Başqa sözlə ifadə etsək, Brüssel görüşlərində Qarabağ mövzusu, ümumiyyətlə, gündəmə gətirilmir və bu mövzu Azərbaycanın daxili işi hesab olunur.
Ümumiyyətlə, Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, görüşdə Azərbaycanın maraqlarına xidmət edən konkret nəticələrin əldə olunduğunu deyə bilərik. Bunların içərisində ən önəmlisi Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması ilə bağlı razılaşmanın əldə olunmasıdır. Digər əhəmiyyətli məqamlar isə sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişlərin vacibliyi və kommunikasiya xətlərinin açılması ilə bağlı komissiyaların öz işini intensivləşdirməsi ilə bağlıdır ki, bu da olduqca vacibdir. Çünki son görüşdən sonra nə sərhədlərin delimitasiyası, nə də nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı Ermənistan üzərinə düşən öhdəlikləri icra etməyib və indi bu məsələnin yenidən gündəmə gətirilməsi və irəliləyişlərə nail olmağın vacibliyinin vurğulanması Avropa İttifaqı tərəfindən Ermənistanın öz öhdəlikərini icra etməsinə çağırış kimi də qəbul oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB