"Sentyabr ayında Ermənistanda vəziyyət gərgin olacaq" - SİYASİ EKSPERT AÇIQLADI

"Sentyabr ayında Ermənistanda vəziyyət gərgin olacaq" - SİYASİ EKSPERT AÇIQLADI

“Avqustun 31-də Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Artıq bu 4-cü görüş idi. Görüşün məqsədi sülh danışıqlarının hazırlanmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, burada maraq doğuran əsas məsələ odur ki, Azərbaycanın tələbi ilə sülh danışıqlarının aparılması üçün konkret vaxt qoyuldu: "Şarl Mişel bunu öz bəyanatında bildirib. Noyabr ayında yenidən görüş keçiriləcək və xarici işlər nazirləri bu vaxta qədər bir araya gələcək və sülh sazişinin mətni hazırlanacaq. Eyni zamanda avqustun 30-da Moskvada sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı danışıqlar aparıldı.

Qarabağda yəni "Artsax"da onun lideri Araik Aratunyan sentyabrın 2-də "Artsax"ın müstəqillik gününün təntənəli şəkildə qeyd olunmasını planlaşdırır və bununla əlaqədar Ermənistandan siyasi və parlament üzvlərini bura dəvət edir. Ancaq bu məsələni Paşinyanın lideri olduğu partiya dəstəkləmir. Paşinyana müxalif partiyalar bu tədbirə gəlmək niyyətindədir. Bu isə aparılan sülh danışıqlarına birbaşa təhdiddir. Sülh danışıqlarının pozulmasına xidmət edir. Guman edirəm ki, buna Rusiya sülhməramlıları imkan verməməlidir. Çünki sülh danışıqlarında Rusiyanın da öz maraqları var. Eyni zamanda bildiyiniz kimi sentyabrın 2-dən İrəvanda fasiləsiz mitinqlərə start verəcəklər. Paşinyan hakimiyyətdən gedənə qədər mitinqlər davam edəcək.

Ümumiyyətlə sentyabr ayında vəziyyət gərgin olacaq. Çünki siyasi mübarizə daha da kəskinləşəcək. Paşinyan Avropada aparılan danışıqlara rəğmən görəcəyi işləri gecikdirir. Biz onu məcbur etdikdən sonra yerinə yetirir. Ona görə də sentyabr ayında həm Ermənistanın daxilində, həm də Qarabağda, Xankəndində siyasi müstəvidə hadisələr qızğın keçəcək. Ermənilər hər cəhdlə çalışacaqlar ki, sülh sazişini pozsunlar. Amma onlar heç nəyə nail olmayacaqlar. Artıq strateji ərazi olan Laçında bütün yüksəkliklər bizdədir. Yəni Xankəndi ovcumuzun içindədir. Onlar hər hansı bir təxribat törətmək istəyərlərsə “Qisas” əməliyyatı həyata keçiriləcək. Guman edirik ki, yaxın zamanda Xankəndində və digər ərazilərimizdə qalan erməni yaraqlıları təmizlənəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə