Brüssel görüşü: Prezident İlham Əliyev diplomatiyasının növbəti uğuru ANALİZ

Brüssel görüşü: Prezident İlham Əliyev diplomatiyasının növbəti uğuru ANALİZ

Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə yüksəlib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Brüsseldə keçirilən görüşlərin Azərbaycanın maraqları baxımından dəstək verilməsi və Ermənistana razılaşmalara əməl edilməsi mesajlarının verilməsi bu qurumun ədalətli mövqe sərgilədiyini göstərir. Brüsseldə baş tutan görüşlərdə postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr Bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. 2021-ci il noyabrın 26-da Soçi görüşündən sonra həmin ilin 14-15 dekabrında təşkil olunan Brüssel səfəri çərçivəsində ilk üçtərəfli görüş, onun ardınca ölkə rəhbərinin 2022-ci il aprelin 6-da Belçikaya səfəri ilə Brüssel sülh gündəliyinin əsası qoyulub. Bu görüşlərin nəticəsi olaraq sülh müqaviləsi üzrə danışıqlara başlanılması, işçi qrupun yaradılması, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və digər məsələlər ölkəmizin ərazi bütövlüyünün, regionda sülh və əmin-amanlığın tam təmin olunmasına hesablanıb. Cərəyan edən proseslər də onu göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul edir.

Növbəti görüş, növbəti diplomatik qələbə

Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bu, Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən sayca yeddinci görüş idi. Görüşdə humanitar məsələlər, o cümlədən mina problemi, Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılar, kütləvi məzarlıqlar barədə məlumat verilməsi, Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni abidələrlə bağlı mövcud vəziyyət və s. görüşdə müzakirə edilən əsas məsələrdən olub.Qeyd edək ki, bundan əvvəlki Brüssel görüşləri çox vacib nəticələrlə yekunlaşdı. Azərbaycan Brüssel görüşlərində bu uğurları Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi nəticəsində əldə etdi. Sözsüz ki, Azərbaycan liderinin düşünülmüş siyasəti nəticəsində növbəti Brüssel qələbəsi qaçılmazdır.Brüsseldə əldə olunmuş razılaşmada bir daha “Dağlıq Qarabağ” ifadəsi keçmir və keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt da onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.

Ermənistan reallıqları qəbul etməlidir

Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü müdrik və ardıcıl siyasətin növbəti böyük uğurudur. Bu görüşdə qəbul edilən və ölkəmizin maraqlarına tamamilə uyğun olan qərarlar Azərbaycan Prezidentinin dünyada böyük nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur” bəyanatında da bu çağırışlar özünü aydın şəkildə göstərir ki, Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər bu reallıqlar əsasında qurulmalıdır və başqa çıxış yolu yoxdur, çıxış yolu Azərbaycanla hesablaşmaqdır. Əks təqdirdə bu ölkə yenə də acınacaqlı duruma düşəcək. Avqustun 3-də keçirilən “Qisas“ əməliyyatı ilə bird aha Azərbaycan göstərdi ki, heç bir halda güzəştə getməyəcək, təxribatlara da sərt və qtiyyətli cavab verəcək. Nəzərə alamaq lazımdır ki, ”Qisa” əməliyyatından az sonra Laçın şəhəri, Zabux və Cus kəndləri Azərbaycanın nəzarətinə verilməsi təmin olundu. Hər hansı təxribat və ya 10 noyabr 2020-ci razılaşmasından və ya Brusseldə əldə olunan razılaşmalardan imtina Ermənistan üçün acı və faciəli sonluqla bitə bilər.

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə