BİR MİLLƏT İKİ DÖVLƏTİN OXŞAR TALEYİ TƏHLİL

BİR MİLLƏT İKİ DÖVLƏTİN OXŞAR TALEYİ TƏHLİL

30 AVQUST - Türk ulusunun zəfər dastanının yazıldığı gün

30 avqust - Zəfər bayramı haqqında yazarkən, bir məqamı da qeyd etmək yerinə düşər. Bu da «bir millət iki dövlət” olan Azərbaycanla Türkiyənin varolma tarixlərindəki oxşarlıqla bağlıdır. Belə ki, hər iki dövlətin müstəqilliyi ağır və qanlı savaşlardan keçib. Dahi Mustafa Kamal Atatürk Qurtuluş Savaşına öndərlik etməklə Osmanlı İmperiyasının ərazilərinin xarici işğalçılar tərəfindən ələ keçirilməsinin qarşısını aldı və Türkiyə Cümhuriyyətinin əsasını qoydu. Ulu öndər Heydər Əliyev isə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra xarici və daxili düşmənlərin parçalanma planlarının mərkəzində dayanan Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi. Müasir, qüdrətli və daim inkişaf edən dövlətin əsasını qoydu.Həmçinin, oxşar taleləri yaşayan, oxşar ağır sınaqlardan keçən Azərbaycanla Türkiyə tarix boyu ən çətin vaxtlarda bir-birinə arxa dayaq olublar. Çanaqqalada türklərin, türk dövlətçiliyinin ölüm-qalım savaşında qardaşlarına yardıma gedərək şəhid olan azərbaycanlıların, həmçinin, 1918-ci ildə Bakını erməni-bolşevik işğalından xilas edərkən şəhid olan türklərin məzarları deyilənləri təsdiqləməklə yanaşı, bu gün iki qardaş xalqı bir-birinə daha da sıx bağlayır.Türkiyə ilə Azərbaycan arasında əlaqələrdə atılan hər addım regional əməkdaşlığın inkişafına, təhlükəsizliyin güclənməsinə xidmət edir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi iki dövlətin əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ildə Azərbaycana ardıcıl olaraq səfərlər etməsi bunu təsdiqləyir.

İki dövlət, bir millət- sarsılmaz, əbədi birliyin nümunəsi

Bu gün Türkiyə və Azərbaycan liderlərinin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Prezident İlham Əliyev: «Bu gün Türkiyəyə qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”. Bəli, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq. Çünki Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülhdür! Sabitlik və İnkişafdır!

30 avqust qələbəsi türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir

Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yerlərdən birini tutan 30 avqust-Zəfər bayramı gününü Azərbaycan da Zəfər bayramı kimi qyed edir. Zəfər bayramına bu cür önəmin verilməsi isə heç də təsadüfi deyil. Çünki Türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün öndərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfərini qazanıb. Bu böyük zəfər, 30 avqust qələbəsi türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. Lakin bu qələbə heç də asanlıqla qazanılmayıb. Təkcə Türkiyənin deyil, eyni zamanda, türklüyün şərəf tarixi olan 30 avqusta aparan yolda saysız-hesabsız savaşlar baş verib, türk millətinin qeyrətli oğul və qızlarının qanları axıdılıb. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) yad etmək üçün qeyd olunan bayramdır. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq isə, Zəfər bayramı 1935-ci ilin may ayında elan edilib. Beləliklə, 30 avqust 1922-ci il tarixi Türk ulusunun imperialist güclərə qarşı qadınıyla, uşağıyla, ordusuyla verdiyi bir savaşın, Zəfər dastanının yazıldığı gündür. Türk ulusunun müstəqillik düşüncəsinin ölümsüz bir abidəsi olan bu zəfər Türk ordusunun yüksək qüdrət və qəhrəmanlığının bir nümunəsidir. Bu zəfər milli birlik və bərabərliyin nə qədər böyük güc olduğunu da bir daha təsdiqləyib. Həmin tarixi gün münasibətilə xalqa müraciət edən Mustafa Kamal Atatürkün “Böyük Türk milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi. Böyük zəfər sənin əsərindir” sözləri isə, ümumilikdə Türkiyə üçün yaşam şüarına çevrilib. Və bu gün həmin şüara sadiq qalan türk milləti dahi Atatürkün yadigarı və onun qurduğu dövlətin bir nömrəli keşikçisi olan Türk ordusunun daha da güclənməsi üçün əlindən gələni edir. çünki güclü ordu, güclü Türkiyə deməkdir!!!Və buna görə də 30 Avqust - Zəfər bayramı Türkiyə kimi Azərbaycan üçün də müqəddəs gündür. Və bu gün Azərbaycan qardaş Türkiyənin uğurları ilə fəxr edir, onun hər bir uğurundan qürur hissi keçirir. ZƏFƏR bayramın mübarək, qardaş Türkiyə!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə