Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır! ŞƏRH

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır! ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Müstəqilliyimizin ilk illəri Azərbaycan tarixinə təlatümlü bir dövr kimi daxil olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonra ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı “ölüm ya olum” qarşısında qoymuşdu. Xalq müstəqilliyin sevincini yaşamaq imkanında deyildi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi.Belə çətin məqamda xalq üzünü Ulu öndər Heydər Əliyevə tutmaqla bu günkü uğurlarımızı, Azərbaycanın bir dövlət olaraq varlığının təsdiqini təmin etdi. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Respublikada vəziyyət getdikcə gərginləşirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü ilin iyun ayının 9-da Naxçıvandan Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz həmin ərəfədə “Əsrin müqaviləsi” imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi. Ümumilikdə neft strategiyası ilə sürət götürən Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası sonrakı illərdə daha genişmiqyaslı formada davam etdirildi

Ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək tezliklə ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.

Başqa sözlə desək, siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi.

Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi dayanır. Bu gün bu siyasətin uğurla davam etdirilməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bütün dünya təsdiq edir.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə