Azərbaycan Qazaxıstan əlaqələri strateji müttəfiqlik səviyyəsində inkişaf edir ŞƏRH
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi rəsmi səfər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu və müxtəlif sahələr üzrə inkişaf etdiyini bir daha göstərdi. İki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan və Qazaxıstan Prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətləri xüsusi rol oynayır. Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif etməsi dövlətimizin başçısının iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində göstərdiyi xidmətlərə verilən yüksək qiymətdir. Həmçinin prezident İlham Əliyevin son illərdə Türk dünyasının birləşməsində roluna verilən yüksək mükafatdır. Mərkəzi Asiya regionunun aparıcı dövlətlərindən olan Qazaxıstanla strateji müttəfiqliyin dərinləşdirilməsi Azərbaycanın nüfuzunun Qafqaz bölgəsinin hüdudlarını aşdığına dəlalət edir. Xüsusən də, Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin qeyd olunması xarici siyasətimizin növbəti uğurudur.
Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı, o cümlədən işğaldan azad edilmiş Füzuli rayonunda Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini inşa etməsi, Şuşa və Türküstanın qardaşlaşması dost ölkənin Azərbaycanın ərazi bütövlüyü məsələsində, eləcə də 44 günlük Vətən müharibəsində Zəfərimizin nəticələri ilə bağlı birmənalı olaraq ölkəmizin yanında olduğunun real və praktik təzahürüdür. İkitərəfli formatdan əlavə, müxtəlif beynəlxalq təşkilat və çoxtərəfli platformalarda da əməkdaşlığımız möhkəmdir və beynəlxalq məsələlərdə mövqelərimiz üst-üstə düşür.
Prezident İlham Əliyevin formalaşdırdığı siyasi konfiqurasiya Azərbaycanı Türk dünyası üçün siyasi mərkəzə, bölgədə sağlam maraqları olan dövlətlər üçün etibarlı tərəfdaşa, qonşuları üçün güvənilən çıxış qapısına, təhlükəsiz tranzit imkanına çevirib. Azərbaycan-Qazaxıstan münasibətlərinə yalnız iki ölkə arasında əlaqə kimi baxmaq olmaz. İlk növbədə, Türkiyə və Özbəkistan, ardınca Qazaxıstanla müttəfiqlik onu deməyə tam əsas verir ki, Prezident İlham Əliyev iqtisadi, siyasi, hətta sosial amilləri nəzərə almaqla Türk birliyinin çox səmərəli müasir formatını yaradıb yeni Türk tarixi yazmaqdadır. Dövlətimizin başçısı Azərbaycanın strateji müttəfiqlərinin sayını artırmaqla bərabər, Türk birliyinin iqtisadiyyat, siyasət, hətta sosial amilləri nəzərə almaqla çox səmərəli formatını qura bilmiş ilk lider kimi tarixə düşməkdədir.
İkitərəfli qardaşlıq münasibətlərini əks etdirən və bu əlaqələri daha da dərinləşdirən sadalanan sənədlər iştirakçı dövlətləri vahid bir mərkəz ətrafında birləşdirir, vahid gücə çevirir. Sözsüz ki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafının təməlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsləri, səyləri, iradə və qətiyyəti dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin memarı olduğu Qarabağ zəfəri isə Turan birliyinin, Turançılıq hədəfinin təkanverici qüvvəsi qismində çıxış edir, Anadoluda, Cənubi Qafqazda Türkiyə və Azərbaycan, Mərkəzi Asiyada Qazaxıstan türk inteqrasiyasının lokomotivi rolunu oynayır.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB