PREZİDENT İLHAM ƏLİYEV: “Nə vaxt, nəyi, necə etmək lazımdır – bunu biz bilirik...” TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Nə vaxt, nəyi, necə etmək lazımdır – bunu biz bilirik...” TƏHLİL

"Ermənistan heç vaxt bizimlə açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Biz lazım olan vaxtda – bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik”. Prezident, Ali Baş Komandan İlham Əliyev bu sözləri iki il əvvəl, 2020-ci il iyulun 15-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi hərbi təxribatın qarşısının alınmasından bəhs edərkən demişdi. Prezident diqqətə çatdırmışdı ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə uğurlu Naxçıvan (Günnüt) əməliyyatında olduğu kimi, Tovuz döyüşləri də Azərbaycan Ordusunun qalibiyyət səhifəsidir. “O ki qaldı bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”, – deyə dövlət başçısı bildirmişdi. Xatırladaq ki, 2020-ci ilin 12-14 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutmuş və hücuma keçməyə cəhd göstərmişdi. Lakin görülən qəti tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilmiş və ağır itki verərək geri oturdulmuşdu.

Lazım olan vaxtda lazım olan addımları atacağıq

Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə layiq olduğu yeri göstərdi. Ali Baş Komandanın “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq” sözləri təsdiqini tapdı. Azərbaycan Ordusu Vətən uğrunda cəmi şəhidlərimizin qisasını döyüş meydanında alaraq, torpaqlarımızda otuz ilə yaxın sürən işğala son qoydu...

30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi

“30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik”. Bu fikirləri Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. Dövlətimizin başçısı deyib: "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”.

Bəli, işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsi qələbə ilə başa çatdı. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...

Laçın həsrəti bitdi..

Bəli, dövlət başçımız nə vaxt, nəyi, necə etmək lazımdır, bunu Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənabları dəfələrlə göstərib. Və bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, ordumuzun rəşadəti sayəsində növbəti məqsədlərimizə nail oluruq. Bu gün artıq rəşadətli Ordumuzun gücü ilə Laçındayıq, Zabuxdayıq, Susdayıq! Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, eyni zamanda, Qarabağımızın əsrarəngiz guşəsi olan Laçına qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. Bu bəyanata əsasən, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da ermənilərin “Böyük Ermənistan” xülyasına birdəfəlik son qoyuldu. Lakin Laçın şəhəri, eləcə də rayonun Zabux, Sus kəndləri Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşdiyindən, bu ərazilərdə bərpa-quruculuq işlərinin aparılması təxirə salındı. Lakin avqustun 26-da Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti, uzaqgörənliyi, diplomatik bacarığı ilə Laçın şəhəri, Zabux və Sus kədlərinin sakinləri doğma yurd-yuvalarına qovuşdular. Bu gün təkcə laçınlılar deyil, bütün Azərbaycan xalqı sevinc, fərəh içindədir. Çünki Qarabağımızın əsrarəngiz guşəsi olan Laçın öz doğma övladlarını qarşılayır. Dövlət başçımızın dediyi kimi: "Nəyi ediriksə, dəqiqliklə edirik. O ki qaldı bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında!".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə