“Qərb Rusiyanın bölgədəki hərbi təmsilçiliyi ilə barışa bilmir” AÇIQLAMA

“Qərb Rusiyanın bölgədəki hərbi təmsilçiliyi ilə barışa bilmir” AÇIQLAMA

“Azərbaycan hakimiyyəti istər AB-nin, istərsə də Rusiyanın vasitəçiliyi ilə münaqişə tərəfləri arasında keçirilən görüşlərə böyük önəm və əhəmiyyət verir. Çünki bu görüşlər onları təşkil edən güc mərkəzlərinin Cənubi Qafqazda Azərbaycanın qələbəsi nəticəsində dəyişmiş geosiyasi reallıqları qəbul etdiklərini və regionda nəhayət ki, uzunmüddətli sülhün bərqərar olmasında maraqlı olduqlarını göstərir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Azərbaycan Moskva razılaşması ilə öz üzərinə götürdüyü öhdəlikləri dürüst şəkildə yerinə yetirir və beynəlxalq güclərin iştirakı ilə keçirilən görüşlərə Ermənistandan da bunun icrasının tələb olunması təklifləri ilə çıxış edir: “Brüssel görüşündə iki dövlət arasında sərhədlərin demilitasiyasi, habelə Mehridən keçəcək və Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin perspektivi ilə bağlı məsələlər müzakirə edilə bilər. Azərbaycanın Laçın rayonunda öz ərazi bütövlün təmin etməsi də istisna deyil ki, müzakirə obyekti olacaq. Ümumiyyətlə, görüşlərin Moskva və Brüsselin vasitəçiliyi ilə keçməsi təşkilatçı dairələrin Cənubi Qafqazda nüfuz dairəsi uğrunda qarşıdurmasından irəli gəlir. Qərb Rusiyanın bölgədəki hərbi təmsilçiliyi ilə barışa bilmir, ona Rusiyanın proseslərə təsir imkanlarını minimuma salmağa, danışıqlarda təşəbbüsü ələ almağa çalışır.

E.Manafov onu da bildirdi ki, Qərb hazırda Rusiya ilə geosiyasi və hərbi qarşıdurma şəraitində olduğundan Rusiyadan olan enerji asılılığından perspektivdə qurtulmaq uçun Azərbaycanla bu sahədə əməkdaşlığa ciddi ehtiyac duyur: “Lakin Qərb etiraf etməlidir ki, Qarabağ ermənilərinə hər hansı statusdan söhbət gedə bilməz, halbuki ABŞ özünün Minsk qrupundakı təmsilçiliyini bərpa edir və əslində, Ermənistana bu yolla dəstək olmuş olur, çünki məhz Ermənistan ATƏT Minsk qrupunun fəaliyyətinin bərpa olunmasında maraqlarını gizlətmir. Ermənistan Azərbaycan kimi müstəqil siyasət yeritmək iqtidarında olmadığından problem ətrafında danışıqlar uzanır. Ermənistan problemin həllində siyasi iradə nümayiş etdirə bilmir, o bir tərəfdən ölkə içində, digər tərəfdən isə fərqli geosiyasi qütblərdə dayandığından bu görüşdə texniki mahiyyət kəsb edə biləcək məsələlər ətrafında razılıqların əldə edilməsi mümkündür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə