Azərbaycan-Qazaxıstan sarsılmaz dostluğu: strateji yüksəlişə doğru ŞƏRH

Azərbaycan-Qazaxıstan sarsılmaz dostluğu: strateji yüksəlişə doğru ŞƏRH

Prezident İlham Əliyev: "Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək"

Keçmiş SSRİ-nin iki respublikası – Qazaxıstan və Azərbaycanın əməkdaşlıq tarixləri uzun illərə və möhkəm bağlara malikdir. Məhz bu bağların möhkəmliyi hazırkı dövrdə, bu dəfə müstəqillik reallığında özünü bir daha göstərir. Söz yox ki, belə bir faktorun kökündə dayanan daha bir amil eyni soykökə malik olmaqdan ibarətdir. Belə ki, Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından da bir-birinə çox yaxındırlar. Lakin bu yaxınlığı özündə birləşdirən daha bir gerçəklik vaxtilə Stalinin kütləvi repressiyalar tətbiq etdiyi zamanlara söykənir. Ötən əsrin 30-40-cı illərində minlərlə azərbaycanlı ailələri, eləcə də ayrı-ayrı şəxslər Qazaxıstana sürgün olunublar. Orta hesablamalara görə, hazırda Qazaxıstanda 300 minə yaxın azərbaycanlıların yaşadığı bildirilir. Soydaşlarımız bu ölkənin inkişafı, tərəqqisi üçün çalışır, fəaliyyət göstərirlər. Demək olar ki, bütün sahələrdə fəaliyyət göstərən azərbaycanlılar bütövlükdə Qazaxıstanın ictimai-siyasi, mədəni həyatında öz uğurlu sözlərini deməkdədirlər.

Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da inkişaf edib və bu inkişaf öz yüksələn xətti ilə qeydə alınıb. Buna daha bir əhəmiyyətli səbəb onların Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malik olmalarıdır. Belə ki, SSRİ dövründə sıx dostluq münasibətlərinə malik olan Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın sabiq prezidenti, Elbası Nursultan Nazarbayev bu əlaqələri hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam və inkişaf etdiriblər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.

Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ilk görüşü 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə baş tutub. Həmin görüşdə prezidentlər iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirmək barədə qərar qəbul edilib. Bir il sonra isə Ulu Öndər Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatıda keçirilən MDB ölkələri dövlət başçılarının Zirvə toplantısında görüşüblər. 1996-cı ilin sentyabrında isə Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. Həmin vaxt Heydər Əliyevin və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni inkişaf istiqamətləri olub. 1997-ci il iyunun 10-11-də Heydər Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfərin yekunlarına əsasən, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra sənədlər imzalanıb.

Bundan əlavə, 2001-ci il noyabrın 29-da Moskvada Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin bölüşdürülməsinə dair saziş imzalanıb. Bu saziş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından çox ciddi əhəmiyyətə malik olub.

Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.

2006-cı ildə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" müqavilə imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib.

Xatırladaq ki, iki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Bütövlükdə isə, Azərbaycan ilə Qazaxıstan arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına öz uğurlu töhfələrini bəxş edib. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Həmçinin qazax neftinin alternativ marşrutların əvəzinə, Azərbaycan vasitəsilə digər ölkələrə nəqli ilə bağlı da müzakirələr aparır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması Qazaxıstan və Azərbaycanın Avropa və Asiyanın mühüm iqtisadi mərkəzlərinə çevrilməsinə kömək edəcək. Belə ki, bu dəmir yolu vasitəsilə Çindən Türkiyəyə məhsullar cəmi 12 günə çatdırıla bilir. Hər iki ölkənin kənd təsərrüfatı sahəsində də əməkdaşlığının inkişafı üçün geniş potensialı var. Xüsusilə, ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.

Xüsusilə vurğulamaq və xatırlatmaq yerinə düşərdi ki, Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır. 44 günlük Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. O cümlədən, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü keçirilib. Dövlətimizin başçısı görü zamanı vurğulayıb ki, biz artıq ikitərəfli münasibətlərimizin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət etdik və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. "Əlbəttə, Sizə təşəkkür etmək istərdim ki, dəvətimizi qəbul etmisiniz və ölkəmizə rəsmi səfər edirsiniz. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək", deyə Prezident İlham Əliyev qeyd edib.

Ölkə rəhbərimiz bildirib ki, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər: "Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var".

Daha bir mühüm məqam budur ki, Vətən müharibəsindən sonra Qazağıstan Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonunda əhəmiyyətli töhfəsini verəcək. Bu töhfə Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzidir: "İndicə Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi və bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir".

"Qazaxıstanın Azərbaycana bugünkü hədiyyəsi – Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. İki gün bundan əvvəl Sumqayıtın mərkəzi küçələrinin birinə qazax xalqının görkəmli oğlu, maarifçi, türkoloq Əhməd Baytursunovun adı verilib. Bu da bizim əcdadlarımıza hörmətin əlamətlərindən biridir", Prezident İlham Əliyev vurğulayıb.

Qazağıstanın dövlət başçısı Kasım-jomart Tokayev də öz növbəsində vuğulayıb ki, onun Azərbaycana səfəri xüsusi missiya daşıyır: "Mən Bakıya xüsusi missiya ilə gəlmişəm - əməkdaşlığımızı yeni səviyyəyə çatdırmaq missiyası. Sevindirici haldır ki, son illərdə ticarətin həcmi praktiki olaraq 3 dəfə artıb. Lakin qeyd etmək istərdim ki, bu, arxayınlaşmağa əsas vermir, çünki fikrimcə, ticarəti artırmaq üçün hər halda imkanlar var. Ölkələrimizin hökumətləri məhz bu istiqamətdə işləməlidirlər ki, mənim fikrimcə, artıq lap yaxın vaxtlarda biz ölkələrimiz arasında ticarətin həcmini bir milyard dollara çatdıra bilək".

Qazağıstan dövlət başçısı Azərbaycanın əhəmiyyətinə də toxunub və bildirib ki, Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur: "Şübhəsiz, burada üstünlük Azərbaycana məxsusdur. Əlbəttə, düşünürəm ki, Qazaxıstanın bir dövlət kimi, - faktiki olaraq biz Xəzər sahillərində yanaşı yerləşən qonşu ölkələrik, - burada çox yaxşı perspektivləri var. Mən hökuməti, müvafiq idarələri nəqliyyat-logistika əlaqələrinin inkişafı baxımından Sizin nümayəndələrlə sıx qarşılıqlı fəaliyyətə və birgə işə istiqamətləndirirəm".

Artıq faktlar da göstərir ki, həm etnik, həm dini, həm də mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz – Azərbaycan və Qazaxıstan arasında bağlar sarsılmaz möhkəmliyə əsaslanır. Bu sarsılmazlıq isə əbədidir.

Muxtar Nağıyev,

YAP Səbail rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə