"Bu səfər dostluq, qardaşlıq, müttəfiqlik səfəri oldu" - DEPUTAT ŞƏRH ETDİ

"Bu səfər dostluq, qardaşlıq, müttəfiqlik səfəri oldu" - DEPUTAT ŞƏRH ETDİ

"Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və qazax xalqı tarixən bir-birinə yaxın olan, qardaş, dost kimi münasibət bəsləyən xalqlar olublar: "Müstəqillik qazanandan sonra Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin səyləri nəticəsində münasibətlər iki ölkə üçün nümunəvi olacaq səviyyəyə qalxdı. Elə bir sahə yoxdur ki, Azərbaycan və Qazaxıstan əməkdaşlıq etməsin. Beynəlxalq birlikdə daima bir mövqedən çıxış etmişik, daima bir-birimizin milli maraqlarını qorumağa xidmət etmişik. 1986-cı ilin dekabrında Almatada baş verən məsələlərdə Ulu Öndər daim qazax xalqının yanında olub. Azərbaycan xalqı Qazaxıstanın birinci prezidentinin Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə etdiyini böyük hörmətlə xatırlayır. Dünənki səfər zamanı prezidentlər münasibətləri dərinləşdirməyin yeni yollarını axtardılar. İmzalanan 9 sənəd əməkdaşlıq etdiyimiz sahələri daha da genişləndirdi. Siyasi, iqtisadi, hərbi-texniki sahədə münasibətlərin dərinləşməsinin vacibliyini daha da vurğuladılar. Eyni zamanda, qarşılıqlı şəkildə investisiya, yatırmaq iki ölkənin 3-cü bir ölkədə birgə layihələr həyata keçirmək imkanları da ciddi şəkildə nəzərdən keçirildi. Qazaxıstan prezidentinin Azərbaycanla bağlı söylədiyi fikir onun Azərbaycanın dostu olduğunu, Azərbaycana hər zaman dost münasibəti göstərəcəyini göstərdi.

Qazax şirkətləri işğaldan azad olunan ərazilərdə geniş fəaliyyət göstərəcəklər. Bu səfər dostluq, qardaşlıq, müttəfiqlik səfəri oldu deyə bilərik".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə