Azərbaycan-Qazaxıstan əlaqələri strateji xətt üzrə inkişaf edir ANALİTİK+AKTUAL

Azərbaycan-Qazaxıstan əlaqələri strateji xətt üzrə inkişaf edir ANALİTİK+AKTUAL

Prezident İlham Əliyevin dəvəti ilə Kasım-Jomat Tokayevin Azərbaycana rəsmi səfəri bir daha sübut etdi ki, əlaqələrimizin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycanın MDB məkanında keçmiş postsovet dövlətləri ilə əlaqələrini möhkəmləndirməsi siyasəti uğurlu proseslər ilə davam edir. Belə ki, həmin ölkələr arasında Qazaxıstan Respublikasının da önəmli yeri və rolu mövcuddur. Lakin o da sirr deyil ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün daha çox və daha geniş imkanlar və potensial mövcuddur. Bu baxımdan, dünyanın qlobal siyasi təlatümləri fonunda bu kimi əlaqələrin möhkəmləndirilməsi artıq öz labüdlüyünü isbatlamaqdadır.

Onu da qeyd edək ki, Azərbaycan–Qazaxıstan əməkdaşlığının qurulmasında və inkişafında Ulu Öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Artiq həmin istiqamətdə də Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iki ölkə arasında münasibətlər getdikcə daha da dərinləşir, öz müsbət bəhrələrini verir. Məhz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri də bu reallığı bir daha təsdiqləməkdədir. Xatırladaq ki, 2019-cu ildə hakimiyyətə gəlməsindən sonra Kasım-Jomart Tokayev Azərbaycana ilk rəsmi səfərini reallaşdırıb. Eyni zamanda, sözügedən səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində həyata keçirilib. Səfər çərçivəsində ikitərəfli münasibətlərin geniş spektrinə dair müzakirələr aparılıb. Həmçinin, əminlik ifadə edilib ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün çox geniş imkanlar və potensial var. Bu imkanlardan da maksimum istifadə edilməlidir. Vacib əhəmiyyətli görüşlərdən sonra imzalanan sənədlərdə ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına xidmət edəcək nüanslar da yer alıb.

30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib

Həmin nüansların təhlilinə qədər isə növbəti tarixi aspektləri də xatırlamaq olar. Belə ki, Azərbaycanla Qazaxıstanı yalnız tarixi dostluq-qardaşlıq telləri deyil, həm də soykökü bağlayır. Daha dəqiq desək, bu əlaqələrdə soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən 30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Xüsusən, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib.

Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakı təmin edilir

Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində ötən illər ərzində uğurlu göstəricilər əldə edilib. Hələ 5 il əvvəl - Birgə Hökumətlərarası Komissiyanın 2017-ci ildə Bakıda keçirilən 14-cü iclasında imzalanan müvafiq “Yol xəritəsi”nin icrası yüksək səviyyədə reallaşdırılıb. Ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, iki ölkə arasında ticarət dövriyyəsi xeyli yüksəlib. Bu xüsusda biz Nur–Sultan şəhərində Azərbaycan Ticarət evinin də fəaliyyətini vurğulaya bilərik. Məhz bunun sayəsində Azərbaycandan Qazaxıstana daha çox məhsul ixracına imkanlar yaranır. O cümlədən, həm energetika, həm nəqliyyat, həm kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlıq və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına mühüm töhfələrini verməkdədir.

Bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya–kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. Azərbaycanın sənaye parklarının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır.

Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir

İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Bu, təsadüfi deyil. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir.

Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Qazaxıstanla bizi ortaq tarix, dəyərlər birləşdirir

Ən əsas məqamlardan biri də Türk Şurasında olan əməkdaşlıq faktorudur. Qazaxıstanın da bu qurumda təməlli təmsilçiliyi digər türkdilli ölkələrlə əməkdaşlıq və strateji tərəfdaşlıq missiyasına öz töhfələrini verməkdədir.

Cənab Tokayevin ölkəmizə rəsmi səfəri əsnasında Azərbaycan Prezidenti cənab İlham Əliyevi Qazaxıstanın “Altın kıran”- “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi də səfərin yaddaqalan hadisələrindəndir. Təltifetmə zamanı bildirildi ki, Azərbaycanın dövlət başçısına Qazaxıstanda çox böyük hörmət və izzət göstərirlər, o, görkəmli dövlət xadimidir. Eləcə də bütün dünyada tarixi zəfərə imza atan, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməklə Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə təmin edən dövlət başçısı kimi qəbul edilir.

Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında vurğuladı ki, Qazaxıstanla bizi ortaq tarix, dəyərlər birləşdirir, eyni zamanda, hər iki ölkənin iqtisadi və sosial sahələrində bir çox nailiyyətlərə imza atılıb, beynəlxalq aləmdə güclü nüfuza malikdirlər. Bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün lazımi bütün addımlar atılacaq, çünki biz qardaş və dost dövlətlərik. Beləliklə, Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bir daha sübut etdi ki, əlaqələrimizin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər mövcuddur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə